MÜSAHİBƏ

21 May

Azərbaycanda istehlak bazarında 5,2 faiz artım qeydə alınıb

Finss.az - 2025-ci ilin yanvar-aprel aylarında ölkənin istehlak bazarında satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 23,7 milyard manat təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə müqayisəli qiymətlərlə 5,2 faiz artım deməkdir.

Ümumi dövriyyənin 77,8 faizi pərakəndə ticarət, 19,0 faizi əhaliyə göstərilmiş ödənişli xidmətlər, 3,2 faizi isə ictimai iaşə sahəsinin payına düşüb.

Qeyri-dövlət sektorunun payı 22,6 milyard manat təşkil etməklə ötən illə müqayisədə 5,0 faiz artıb. Bu göstəricinin 42,9 faizi fərdi sahibkarların fəaliyyəti nəticəsində formalaşıb.

Mülkiyyət növləri üzrə dövriyyəyə gəlincə, dövlət mülkiyyəti çərçivəsində 1,03 milyard manatlıq mal və xidmət satılıb ki, bu da ötən ilin eyni dövrünə nisbətən 10,0 faiz artım deməkdir. Qeyri-dövlət mülkiyyəti üzrə göstərici isə 22,6 milyard manat olmaqla 5,0 faiz artıb.

Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 578,5 manat xərcləyib. Bu rəqəm 2024-cü ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 53,4 manat çoxdur.