Finss.az - 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə əsas kapitala yönəldilmiş investisiyaların həcmi 5069,3 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,6 faiz azdır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, neft-qaz sektoruna yönəldilmiş investisiyalar 22,7 faiz azalaraq 1454,9 milyon manata düşüb, qeyri-neft-qaz sektoruna isə 5,3 faiz artımla 3614,4 milyon manat sərmayə yatırılıb. Ümumi sərmayənin 50,9 faizi məhsul istehsalı sahələrinə, 32,1 faizi xidmət sahələrinə, 17 faizi isə yaşayış evlərinin tikintisinə yönəldilib.
Dövlət və qeyri-dövlət sektorları arasında sərmayə payı təxminən bərabərdir – müvafiq olaraq 48,4 və 51,6 faiz. İnvestisiyaların 78,3 faizi tikinti-quraşdırma işlərinə sərf olunub, daxili mənbələr isə ümumi sərmayənin 74,4 faizini təşkil edib.
Sənaye sahəsi investisiyaların 43,1 faizini, tikinti 23,4 faizini, nəqliyyat və anbar təsərrüfatı 22,4 faizini təşkil edir. Digər sahələr arasında turizm, informasiya və rabitə, təhsil, kənd təsərrüfatı, maliyyə və sığorta kimi sahələr də sərmayə alıb.
Yanvar-aprel aylarında ölkədə mühüm infrastruktur layihələri istifadəyə verilib. Sumqayıtda tikinti kimyəvilərinin istehsalı və yük avtomobili zavodları, Ağdamda Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksi, Ağdərədə məscid kimi əhəmiyyətli obyektlər açılıb.
Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaiti hesabına yatırılan investisiyaların 96,6 faizi Böyük Britaniya, BƏƏ, Türkiyə, İsveçrə, Rusiya, ABŞ, Yaponiya, İran, Macarıstan, Fransa və Hindistan kimi ölkələrə məxsusdur.