Finss.az - 2025-ci ilin yanvar-mart aylarında kimya sənayesi, əczaçılıq məhsulları, rezin və plastik kütlə məmulatları sahələrində ümumilikdə 730,2 milyon manatlıq məhsul istehsal olunub.
Dövlət Statistika Komitəsinin açıqladığı məlumata əsasən, bu dövrdə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əczaçılıq məhsullarının istehsalı 54,4%, kimya sənayesi məhsullarının istehsalı 7,1%, rezin və plastik kütlə məmulatlarının istehsalı isə 2,3% artıb.
Kimya sənayesi məhsulları üzrə lak-boya məmulatlarının istehsalı 22,7%, karbamid istehsalı 4,4% artıb. Rezin və plastik məhsullar sahəsində isə plastmas çubuklar, millər və profillərin istehsalı 48,9%, plastmas butulkalar və flakonların istehsalı 37%, sərt plastmasdan borular və qolçaqların istehsalı 1,3% artıb. Lakin polietilendən kisə və çantaların istehsalı 34,4% azalıb.
2024 və 2025-ci illərin yanvar-mart ayları üzrə istehsal dinamikası da diqqətəlayiqdir. 2024-cü ilin yanvar-mart dövründə kimya sənayesində istehsal əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 16,7% artmışdı, 2025-ci ilin eyni dövründə isə bu artım 1,9% səviyyəsində qeydə alınıb. Əczaçılıq məhsullarının istehsalında 2024-cü ilin yanvar-mart aylarında 0,9% artım müşahidə olunub, 2025-ci ilin eyni dövründə isə 43,3% artımla daha sürətli inkişaf müşahidə edilir. Rezin və plastik kütlə məmulatlarının istehsalı isə 2024-cü ildə 26,2%, 2025-ci ildə isə 1,8% azalmışdır.