MÜSAHİBƏ

19 May

TAP boru kəmərinin gücü ildə 20 mld. kubmetrə qədər artırılacaq

Finss.az - Trans-Adriatik Qaz Boru Kəməri (TAP) şirkətinin açıqlamasına görə, boru kəmərinin gücü tədricən artırılaraq ildə 20 milyard kubmetr qaz nəql etmək potensialına malik olacaq.

Bu məqsədlə Yunanıstan və Albaniyada iki yeni kompressor stansiyasının tikilməsi, həmçinin mövcud stansiyalarda əlavə aqreqatların quraşdırılması planlaşdırılır.

Report.az xəbər verir ki, TAP-ın ilkin gücü ildə təxminən 10 milyard kubmetr olaraq müəyyən olunub və bu göstərici 2013-cü ildə 25 il müddətinə bağlanmış uzunmüddətli müqavilələr əsasında iştirakçılar arasında bölüşdürülüb. Lakin layihənin genişləndirilməsi ilə Avropanın enerji təhlükəsizliyinə və karbon emissiyalarının azaldılması hədəflərinə əlavə dəstək verilməsi nəzərdə tutulur.

2021-ci il bazar testi nəticəsində TAP-ın gücünün 2026-cı ildən etibarən ildə 1,2 milyard kubmetr artırılaraq 11,2 milyard kubmetrə çatdırılması planlaşdırılır. Hazırda bunun üçün Kipoidəki mövcud kompressor stansiyasında yeni 15 MVt-lıq kompressor aqreqatı quraşdırılır.

Gələcəkdə TAP gücünün təxminən iki dəfə artırılması nəzərdə tutulur ki, bu da Yunanıstan və Albaniyada iki yeni kompressor stansiyasının tikilməsi və əlavə aqreqatların quraşdırılması ilə mümkün olacaq. İtaliyadakı qəbul terminalında isə kiçik texniki modifikasiyalar həyata keçiriləcək.

Şirkət bildirir ki, texniki sənədlər hazırlanır və genişləndirmənin müxtəlif ssenariləri, o cümlədən ekoloji təmiz elektrik kompressorlarının tətbiqi nəzərdən keçirilir.

Qeyd edək ki, TAP boru kəməri Azərbaycan Xəzər dənizinin “Şahdəniz” yatağından çıxarılan qazın Avropaya nəqlini təmin edən Cənub Qaz Dəhlizinin son komponentidir. 878 km uzunluğunda olan boru kəməri Yunanıstan, Albaniya, Adriatik dənizi və İtaliyadan keçir və 2020-ci ilin noyabrında kommersiya istifadəsinə verilib.

Azərbaycan 2020-ci ilin sonunda Avropaya qaz ixracına başlayıb və 2027-ci ilə qədər ildə minimum 16 milyard kubmetr qaz tədarükü planlaşdırılır. İtaliya və Albaniya isə qazın genişləndirilməsinin birinci mərhələsində əlavə tədarüklər alacaq.

İndiyədək TAP vasitəsilə Azərbaycandan Avropaya 45,6 milyard kubmetr qaz nəql olunub.