2024-cü ilin aprel ayından 2025-ci ilin eyni dövrünə qədər olan müddətdə Bakı şəhərinin təkrar mənzil bazarında əhəmiyyətli qiymət artımı və struktur dəyişiklikləri müşahidə olunub.
Bu barədə Finss.az-a Azərbaycan Qiymətləndiricilər Palatasından məlumat verilib.
Statistik göstəricilərə əsasən, ötən bir il ərzində təkrar mənzil bazarında qiymətlər orta hesabla 10–15% bahalaşıb. Dövlət Statistika Komitəsinin rəsmi məlumatına görə, 2025-ci ilin ilk rübündə mənzil qiymətləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14,4% artım göstərib.
Təhlillər göstərir ki:
- Yeni tikililərdə illik qiymət artımı 10–15% intervalında olub,
- Köhnə tikililərdə isə bu artım 9–12% civarında dəyişib.
Bununla yanaşı, bazarda təklif həcmi də 15–20% artıb, yəni alqı-satqı üçün bazara daha çox mənzil çıxarılıb. Xüsusilə, 2024-cü ilin ilk yarısında notariat qaydalarının sərtləşməsi səbəbilə müşahidə olunan durğunluq, ilin ikinci yarısından etibarən aradan qalxıb və bazarda aktivlik xeyli artıb.
Nəticə etibarilə, 2025-ci ilin aprel ayında bazarda həm qiymətlər, həm də alqı-satqı həcmləri əvvəlki ilin eyni dövrünə nisbətən daha yüksək olub. Ekspertlər bu tendensiyanı bazarın durğunluq mərhələsindən çıxaraq yenidən bahalaşma dövrünə keçməsi kimi qiymətləndirirlər.
Fuad Mədətov
Finss.az