Finss.az - 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanda 16,7 milyard kubmetr təbii qaz hasil edilib.
Bu barədə məlumatı Energetika Nazirliyi yayıb.
Nazirliyin məlumatına əsasən, hasil edilən qazın 4,5 milyard kubmetri "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun, 9 milyard kubmetri "Şahdəniz" yatağının, 0,5 milyard kubmetri "Abşeron" yatağının, 2,7 milyard kubmetrə yaxını isə SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti) payına düşüb.
Hesabat dövründə Azərbaycanın ümumi qaz ixracı 8 milyard kubmetr təşkil edib. Bu qazın 4 milyard kubmetri Avropa İttifaqı ölkələrinə, 3,1 milyard kubmetri Türkiyəyə (o cümlədən Trans-Anadolu Boru Kəməri - TANAP vasitəsilə 1,9 milyard kubmetr), 0,9 milyard kubmetri isə Gürcüstana satılıb.
Energetika Nazirliyinin açıqlamasına görə, 1 may 2025-ci il tarixinə qədər "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqlarından ümumilikdə 656,8 milyon tona yaxın neft (kondensatla birlikdə) və 480 milyard kubmetr qaz hasil edilib. Xüsusilə, AÇG yatağından 606,9 milyon ton neft və 234,2 milyard kubmetr qaz, "Şahdəniz" yatağından isə 49,9 milyon ton kondensat və 245,8 milyard kubmetr qaz çıxarılıb.
Ümumilikdə, 1 may 2025-ci ilədək təqribən 654,9 milyon ton neft və 176,5 milyard kubmetr qaz ixrac edilib.