MÜSAHİBƏ

08 May

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, sənaye parklarında bərpa olunan enerji mənbələrindən istifadə imkanlarının artırılması məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. sənaye parklarının elektrik enerjisinə ümumi tələbatına (o cümlədən bərpa olunan enerji mənbələrindən zəmanətli tariflə elektrik enerjisinin istehsalı həyata keçirilən layihələr üzrə) uyğun həcmdə elektrik enerjisinin sənaye parklarının idarəedici təşkilatına ayrılmasının enerji balansında nəzərdə tutulmasını təmin etsin;

1.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

2. Dövlət tərəfindən yaradılan sənaye parklarının idarəedici təşkilatı həmin parkların rezidentləri və qeyri-rezidentləri ilə bağlanılacaq müqavilələrə uyğun olaraq və “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 19.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, onların bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisi ilə təchizatını təmin etsin.

3. “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti bu Fərmanın 2-ci hissəsinə uyğun olaraq sənaye parklarının idarəedici təşkilatı tərəfindən ötürücü və (və ya) paylayıcı şəbəkədən istifadə etməklə elektrik enerjisi təchizatının həyata keçirilməsi üçün zəruri müqavilələrin bağlanılmasını təmin etsinlər.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 may 2025-ci il