Finss.az - PAŞA Sığorta şirkəti sığorta sahəsində maarifləndirmə tədbirləri çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri ilə görüş keçirib.
Tədbir zamanı iştirakçılara şirkətin nümayəndələri tərəfindən sığortanın əhəmiyyəti, əsas sığorta növləri və bu sahədə aktual trendlər barədə ətraflı məlumat verilib. Eyni zamanda PAŞA Sığorta şirkətinin təqdim etdiyi məhsullar barədə təqdimat keçirilib.
Sessiyada tələbələrin sualları cavablandırılıb, həmçinin şirkətin mövcud olan karyera imkanları haqqında ətraflı məlumat verilib. Tədbirin sonunda tələbələr arasında interaktiv yarışma baş tutub və fərqlənən tələbələr mükafatlandırılıb. Sessiyada universitetin 40-a yaxın tələbəsi iştirak edib.
Təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində gənclər arasında sığorta sahəsinə marağın artırılmasına töhfə verməyi hədəfləyən PAŞA Sığorta bu növ görüşlərin keçirilməsinə davam edəcək.
Hazırda qeyri-həyat sığorta sektorunun bazar payına görə lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 700.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “SP Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB+", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Zemfira Ms
Finss.az