MÜSAHİBƏ

01 May

İnvestorların banklardakı vəsaitləri sığortalanacaq

Finss.az - Milli Depozit Mərkəzi (MDM) növbəti illərdə kapital bazarında blokçeyn texnologiyası tətbiq edə bilər.

Bu barədə MDM-in Strategiya şöbəsinin rəhbəri Əli Əliyev "Depozitarın ekosistemdə rolu" mövzusunda keçirilən tədbirdə məlumat verib.

Onun sözlərinə görə, qurumun hazırkı strategiyasında blokçeyn texnologiyalarının tətbiqi nəzərdə tutulmayıb: "Lakin gələcəkdə blokçeyn texnologiyalarının tətbiqini nəzərə ala bilərik. Yeni texnologiyanın tətbiqi zamanı qanunvericilik və pulların yuyulması məsələlərini də nəzərə almalıyıq. Odur ki, bu, həssas mövzudur. İlkin olaraq blokçeynin qanunvericilik bazası formalaşdırılmalıdır. Məsələn, hazırda Türkiyə və Rusiyada blokçeyn "exchange"ləri yaranıb və bu da investorlarda vəsait itkisinə səbəb olub. Bu səbəbdən də blokçeyn texnologiyasının tətbiqində "step-by-step" tətbiqinin daha məqsədəuyğun olduğunu düşünürəm".

Yeri gəlmişkən, MDM-in "2024-2026-cı illər üzrə İnkişaf Strategiyası"nda nəzərdə tutulan 6 hədəfdən 2-si ötən il icra edilib. Bunlar konsultasiya və elektron səsvermə (E-vote) xidmətləridir.

Ə.Əliyev əlavə edib ki, MDM hesablaşma agenti funksiyasını tətbiq etməyi planlaşdırır: “Hazırda kapital bazarında banklar hesablaşma agenti kimi fəaliyyət göstərir. Strategiyaya əsasən, yeni bank modulunun tətbiq edilməsi və hesablaşma agenti funksiyasını MDM-in icra etməsi planlaşdırılır. Digər fəaliyyət istiqaməti olan maliyyə xidmətləri də bu yeni bank modulunda əks olunacaq".

Bununla yanaşı, investorların bank hesablarında olan vəsaitlər də qorunacaq. Bununla bağlı əmanətlərin sığortalanması qaydalarına dəyişikliklər gözlənilir. MDM-in İdarə Heyətinin üzvü Ramin Nurəhmədov bildirib ki, qaydalara yeni dəyişikliklər müzakirə olunur və artıq razılaşma mərhələsindədir: “Bu mexanizm tətbiq edildikdən sonra bankın müflis olduğu hallarda investorun ödəniş etdiyi vəsait Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanacaq. Həmin vəsait qorunan vəsait statusu alacaq. Bu da kapital bazarına inamın daha da artmasına səbəb olacaq. Çünki investisiya şirkətinin bankda saxladığı vəsait ƏSF tərəfindən investorun özünə qaytarılacaq. Burada da 100 min manat maksimum kompensasiya tətbiq olunacaq”.

İnvestisiya şirkətlərinin müflisləşməsi, fərdi məlumatların itirilməsi və s. hallarda isə qiymətli kağızları MDM qoruyur. R.Nurəhmədovun sözlərinə görə, bu zaman depozitar ötürücülüyü qaydasında aktivlər qorunaraq digər şirkətə ötürülür: “MDM-in ekosistemdə əsas rolu qiymətləri kağızları depozitar sistemdə saxlamaqdır. Əgər bir investisiya şirkəti müflis olarsa, həmin qiymətli kağızlar investisiya şirkətinin balansında olmadığı üçün sistemlərarası ötürmə yolu ilə digər şirkətə ötürüləcək. İnvestor digər investisiya şirkətinə müraciət edərək depozitarda olan qiymətli kağızlarını depozitar ötürücülüyü qaydasında ala biləcək. Bu o deməkdir ki, hansısa şirkət müflis olarsa, həmin kağızlar itmir, depozitarda saxlanılır. Bir sözlə, investisiya şirkətlərində aktivlər tam qorunur”.