MÜSAHİBƏ

30 Aprel

Azərbaycanın ümumi dövlət borcunun strukturu açıqlanıb

2025-ci il aprelin 1-nə olan məlumata görə, Azərbaycanın ümumi dövlət borcu 26 milyard 615,2 milyon manat təşkil edib. Bu, 2025-ci il üçün proqnozlaşdırılan Ümumi Daxili Məhsulun (ÜDM) 20,4 faizinə bərabərdir.

Finss.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin yaydığı rəsmi hesabatda bildirilir.

Dövlət borcunun strukturu:

  • Xarici borc: 8 milyard 613,9 milyon manat və ya 32,4%
  • Daxili borc: 18 milyard 1,3 milyon manat və ya 67,6%

Xarici dövlət borcu 5 milyard 67 milyon ABŞ dolları təşkil edib ki, bu da ÜDM-in 6,6 faizi qədərdir. Müqayisə üçün qeyd edək ki, bu göstərici ilin əvvəlindən 62,7 milyon dollar azalıb. Xarici borcun 48,9 faizi dəyişkən, 51,1 faizi isə sabit faiz dərəcəlidir.

Borclanmanın geri qaytarılma müddətləri belə bölünüb:

  • 49,9% – 5 ilə qədər
  • 44,2% – 5 ildən 10 ilə qədər
  • 5,9% – 10 ildən yuxarı

Daxili borc isə 18 milyard manatı ötüb və ÜDM-in 13,8 faizini təşkil edir. 2025-ci ilin əvvəlinə nisbətən daxili borc 658,4 milyon manat azalıb. Bu borcun 8,8 milyard manatı dövriyyədə olan dövlət qiymətli kağızlarının, 9,1 milyard manatı isə dövlət zəmanətli öhdəliklərin payına düşür.

Dövriyyədə olan qiymətli kağızların strukturuna nəzər salsaq:

  • 16% – 1 illik
  • 73,8% – 2 və 3 illik
  • 10,2% – 5 il və daha uzunmüddətli istiqrazlar

İlin ilk üç ayında əvvəlki illərdə buraxılmış istiqrazlar üzrə 642,1 milyon manat əsas borc və 110,4 milyon manat faiz və diskont ödənişləri dövlət büdcəsi hesabına həyata keçirilib.

Fuad Mədətov
Finss.az