MÜSAHİBƏ

25 Aprel

Azərbaycanın bank sektoru tarif təzyiqlərinə qarşı dayanıqlıdır - Fitch

ABŞ-nin tətbiq etdiyi tarif siyasətinin “MDB+” regionuna, o cümlədən Azərbaycana birbaşa təsiri məhdud xarakter daşıyır. Bu, həmin ölkələrin ABŞ-yə ixrac potensialının aşağı olması ilə əlaqələndirilir.

Bu barədə Finss.az “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin hesabatına istinadən xəbər verir ki, Ermənistan və Gürcüstan neft idxal edən ölkələrdir. MDB+ regionunun neft ixracatçıları olan Azərbaycan və Qazaxıstanın bank sektorunda isə neft və qaz sahəsinin birbaşa təsiri zəifdir və bankların likvidlik göstəriciləri kifayət qədər yüksəkdir.

Eyni zamanda, xarici öhdəliklərin yüksək olduğu ölkələrdə, xüsusilə Özbəkistanda, dövlət banklarının yenidən maliyyələşdirilməsi xərcləri arta bilər. Lakin bu riskləri dövlətin dəstəyi və əksər xarici borcların beynəlxalq maliyyə institutları tərəfindən uzunmüddətli və güzəştli şərtlərlə verilməsi əhəmiyyətli dərəcədə azaldır.

“Fitch”in hesabatında vurğulanır ki, ABŞ dolları son tarif artımlarından sonra zəifləsə də, bu tendensiyanın dəyişməsi halında, yüksək dollarlaşma səviyyəsinə malik ölkələrdə milli valyutanın ucuzlaşması bankların aktivlərinin keyfiyyətinə mənfi təsir göstərə bilər. Bununla belə, əksər banklar orta səviyyəli zərərləri kompensasiya etmək imkanına malikdir və zərurət yarandıqda, hökumətlər milli valyutalara dəstək verməyə hazırdır.

Fuad Mədətov
Finss.az