MÜSAHİBƏ

21 Aprel

Fond birjasında listinq və investor bazasına çıxış: Səhm buraxılışı niyə vacibdir? - Elçin Məmmədov

Səhmdar cəmiyyətləri üçün nizamnamə kapitalının formalaşdırılması və ya artırılması məqsədilə səhm buraxılışı mühüm addım hesab olunur. Mütəxəssislər bildirirlər ki, bu proses həm açıq, həm də qapalı səhmdar cəmiyyətləri üçün aktualdır.

Bu barədə Finss.az-a danışan “ABB İnvest İnvestisiya Şirkəti” QSC-nin Biznesin inkişafı departamentinin direktoru Elçin Məmmədov bildirib ki, səhm buraxılışı iki formada aparıla bilər: kütləvi və qapalı.

Onun sözlərinə əsasən, hər iki halda səhmlərin buraxılışı üçün səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağında qərar qəbul edilir.

E.Məmmədov qeyd edib ki, səhm açıq və ya qapalı səhmdar cəmiyyəti formasında təşkil edilmiş şirkətlər tərəfindən onların nizamnamə kapitalının formalaşdırılması və ya artırılması üçün buraxılır:

“Əgər səhm buraxılışının kütləvi formada həyata keçirilməsi nəzərdə tutulursa, o zaman buraxılış dövlət qeydiyyatına alındıqdan sonra, səhmlər fond birjasında listinqə (fond birjasında kütləvi ticarətə buraxılmış qiymətli kağızlar siyahısına) alınır və daha sonra həmin səhmlərin anderrayter (səhm buraxılışına dəstək olan investisiya şirkəti) tərəfindən satışı həyata keçirilir.”

Ekspert onu da vurğulayıb ki, səhm buraxılışı şirkətlər üçün maliyyə resurslarının cəlb edilməsində effektiv alətlərdən biridir. Xüsusilə fond birjasında listinqə daxil edilən səhmlər vasitəsilə şirkətlər daha geniş investor bazasına çıxış əldə edir və bu da kapital bazarının inkişafına töhfə verir.

Fuad Mədətov
Finss.az