MÜSAHİBƏ

17 Aprel

Hindistan ABŞ şirkətlərinə Çindən köç etməyi təklif edir

Finss.az - Hindistan hökuməti, istehsalat fəaliyyətlərini Çindən çıxarmağı planlaşdıran ABŞ şirkətlərini ölkəyə cəlb etmək məqsədilə xüsusi təşəbbüs irəli sürüb.

Bu barədə nüfuzlu “The Economic Times” qəzeti məlumat yayıb.

Məlumata görə, Yeni Dehli qlobal təchizat zəncirlərində gözlənilən dəyişikliklərdən faydalanmağa çalışır. Xüsusilə elektronika və əczaçılıq sektorlarında Hindistanın rəqabət üstünlüyü olduğu bildirilir.

Hökumət elektronika, əczaçılıq, kimya sənayesi, avtomobil, oyuncaqlar, kondisionerlər və məişət texnikası kimi 10-12 əsas sektoru müəyyənləşdirib və bu sahələrdə istehsal fəaliyyətlərini dəstəkləməyi planlaşdırır.

Eyni zamanda, Hindistan ABŞ bazarına çıxmaq istəyən yerli şirkətlərə də dəstək verməyi nəzərdə tutur. Bildirilir ki, yaxın günlərdə hökumət nümayəndələri və biznes təmsilçiləri arasında strategiyaların müzakirə olunduğu görüş baş tutub.

Hazırda Çində istehsal edilən və ABŞ-a ixrac olunan məhsullara, o cümlədən iPhone kimi cihazlara 20 faizlik gömrük rüsumu tətbiq olunur. Lakin eyni məhsullar Hindistanda istehsal olunduqda bu rüsumdan azaddır. Ekspertlər hesab edirlər ki, Hindistan bu fürsəti dəyərləndirmək üçün aydın və planlı bir “yol xəritəsi” hazırlamalıdır. Əks halda, ABŞ şirkətləri istehsalatlarını Vyetnama köçürə bilər.