MÜSAHİBƏ

15 Aprel

Nvidia ABŞ-da 500 mld. dollarlıq layihəyə start verdi

Finss.az - ABŞ-n qabaqcıl çip istehsalçısı Nvidia, qarşıdakı dörd il ərzində ABŞ-da süni intellekt (Sİ) infrastrukturu yaratmaq üçün 500 milyard dollaradək investisiya qoymağı planlaşdırır.

Şirkət bu layihəni Tayvanın TSMC və digər tərəfdaşlarla birgə həyata keçirəcək.

Nvidia-nın yaydığı rəsmi məlumata görə, TSMC artıq Arizona ştatının Finiks şəhərində yerləşən müəssisəsində Nvidia-nın yeni nəsil Blackwell Sİ çiplərinin istehsalına başlayıb.

Layihə çərçivəsində həmçinin Foxconn və Wistron zavodlarında superkompüterlərin istehsalı nəzərdə tutulur. Bu müəssisələrin istehsal gücünün artırılması növbəti 1-1,5 il ərzində planlaşdırılır.

Nvidia bildirir ki, ABŞ-da Sİ çipləri və superkompüterlərin istehsalı uzunmüddətli perspektivdə yüz minlərlə yeni iş yerinin yaradılmasına səbəb olacaq. Hazırda şirkətin çiplərinin əksəriyyəti Tayvanda istehsal olunur.

Nvidia-nın baş direktoru Censen Huan bu təşəbbüsün təchizat zəncirini gücləndirəcəyini vurğulayıb:

“ABŞ-da istehsal gücümüzün artırılması süni intellekt çiplərinə və superkompüterlərə olan böyük və sürətlə artan tələbatı qarşılamağımıza, eyni zamanda təchizat zəncirimizin dayanıqlığını artırmağa imkan verir,” – deyə o bildirib.

Bazar ertəsi keçirilən ticarətdə Nvidia-nın səhm qiymətləri 1,2% bahalaşıb.