MÜSAHİBƏ

14 Aprel

ABA-nın fəaliyyətinin 35-ci ildönümü münasibətilə tədbir keçirilib

Finss.az - 11 aprel 2025-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) fəaliyyətinin 35-ci və onun törəmə qurumu olan Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin fəaliyyətinin 25-ci ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov, Mərkəzi Bankın sədri Taleh Kazımov, Türkiyə Banklar Birliyi İdarə Heyətinin sədri Alpaslan Çakar və ABA-nın prezidenti Zakir Nuriyev açılış nitqi ilə çıxış ediblər.

Keçirilən tədbir çərçivəsində natiqlər tərəfindən Azərbaycanın maliyyə-bank sektorunun inkişaf mərhələləri və bu sahədə əldə olunan mühüm nailiyyətlər barədə geniş məlumat verilib.

Çıxışında ABA-nın prezidenti Zakir Nuriyev Assosiasiyasının fəaliyyət göstərdiyi müddətdə Azərbaycan Respublikasının Mərkəzi Bankı, dövlətin digər qanunverici, icraedici və məhkəmə orqanları, ictimai təşkilatlar və beynəlxalq qurumlarla sıx əməkdaşlıq əlaqələri yaratmasını və bununla da bank qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində, eləcə də bankların beynəlxalq əlaqələrinin qurulması, bank infrastrukturunun formalaşması, ölkədə həyata keçirilən iqtisadi islahatların bank sektoru tərəfindən dəstəklənməsində əhəmiyyətli işlərin görüldüyünə toxunmuşdur. Birliyin qarşısında duran prioritet hədəflər kimi - ölkədə maliyyə savadlığının artırılması, maliyyə xidmətlərinə əlçatanlığın genişləndirilməsi və sektorda rəqəmsallaşmanın inkişafı, vətəndaşlara müasir və etibarlı bank-maliyyə xidmətlərinin təqdim edilməsi, müştəri məmnunluğunun maksimum təmin edilməsini xüsusi vurğulamışdır.

“Fəaliyyət göstərdiyi bütün dövrlərdə ABA öz üzvləri ilə birlikdə bir çox mürəkkəb vəziyyətlərlə qarşılaşmış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı, dövlətimizin dəstəyi, vətəndaşlarımızın etimadı və öz üzvlərinin birliyi sayəsində onların həllinə nail olmuşdur” - deyə ABA prezidenti bildirmişdir.

Tədbirdə həmçinin bildirilib ki, Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzi maliyyə sektorunda insan resurslarının inkişafı baxımından mühüm rol oynayıb. Qurumun həm bank, həm də ümumi maliyyə sektorunda çalışan kadrların peşəkar bacarıqlarının artırılmasında əhəmiyyətli töhfəsi xüsusi qeyd olunmuşdur.

Tədbir çərçivəsində 2024 cü il üzrə “Bankçılıq Mükafatları – 2024” və Assosiasiyasının nəzdində fəaliyyət görsədən “Ən fəal ekspert qrupu” nominasiyası üzrə mükafatlandırma keçirilmişdir.

Tədbirin sonunda bank icması adından Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə bank-maliyyə sektoruna göstərdiyi davamlı dəstəyə görə təşəkkür müraciətinin ünvanlanması barədə qərar qəbul edildi

Maliyyə sektoru üçün əlamətdar olan bu tədbirdə dövlət rəsmiləri, ABA ilə əməkdaçlıq edən yerli və xarıcı assosiasiyalarının rəhbərləri eləcə də birliyə daxil olan bankların və ekspert qruplarının rəhbərləri iştirak etmişdirlər.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 2 qeyri-bank kredit təşkilatı, 3 digər təşkilat olmaqla, ümumilikdə 27 təşkilat ABA-nın üzvüdür.

Zemfira Ms
Finss.az