MÜSAHİBƏ

14 Aprel

AÇG və “Şahdəniz”dən 655 mln. ton neft hasil edilib

Finss.az - 2025-ci ilin 1 aprel tarixinədək Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqlarından ümumilikdə 655,2 milyon tona yaxın neft (kondensatla birlikdə), 476,8 milyard kubmetr qaz hasil olunub.

Bu barədə Energetika Nazirliyindən məlumat verilib.

Nazirliyin açıqlamasına görə, “Azəri-Çıraq-Günəşli” yatağından 605,6 milyon ton neft və 233,2 milyard kubmetr qaz, “Şahdəniz”dən isə 49,6 milyon ton kondensat və 243,6 milyard kubmetr qaz çıxarılıb.

Hasil edilən karbohidrogenlərin böyük hissəsi ixraca yönəldilib. Belə ki, istismara başlandığı dövrdən bu ilin 1 aprel tarixinədək ümumilikdə 653,2 milyon ton neft və 174,8 milyard kubmetr qaz ixrac olunub.

2025-ci ilin ilk rübündə neft və qaz hasilatı

2025-ci ilin birinci rübü ərzində, operativ göstəricilərə əsasən, Azərbaycanda 6,9 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Bunun:

  • 4 milyon tonu AÇG-nin,

  • 1 milyon tonu (kondensat) “Şahdəniz”in,

  • 0,14 milyon tonu (kondensat) “Abşeron” yatağının,

  • 1,8 milyon tonu isə SOCAR-ın payına düşüb.

Bu dövrdə 5,7 milyon ton neft ixraca nəql edilib. İxracın 4,9 milyon tonu beynəlxalq konsorsiumların, 0,7 milyon tonu SOCAR-ın, 0,14 milyon tonu isə “Abşeron” yatağının payına düşüb.

Qaz hasilatı və ixrac göstəriciləri

Hesabat dövründə Azərbaycanda 12,6 milyard kubmetr təbii qaz hasil olunub. Bu həcmin:

  • 3,4 milyard kubmetri AÇG-nin,

  • 6,8 milyard kubmetri “Şahdəniz”in,

  • 0,4 milyard kubmetri “Abşeron” yatağının,

  • 2 milyard kubmetri isə SOCAR-ın payına düşüb.

2025-ci ilin ilk üç ayında xaricə qaz satışı 6 milyard kubmetr təşkil edib. Bu qazın:

  • 3 milyard kubmetri Avropaya,

  • 2,3 milyard kubmetri Türkiyəyə (o cümlədən TANAP vasitəsilə 1,4 milyard kubmetr),

  • 0,7 milyard kubmetri isə Gürcüstana nəql olunub.