MÜSAHİBƏ

14 Aprel

Azərbaycanın gündəlik neft hasilatında artım müşahidə olunub

Bu ilin ilk rübündə Azərbaycanda gündəlik xam neft hasilatı orta hesabla 480 min barel təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1% artım deməkdir.

Bu barədə Finss.az ABŞ Energetika Nazirliyinin tabeliyindəki Energetika İnformasiyası Administrasiyasının (EIA) hesabatına istinadən məlumat yayıb.

Qeyd olunub ki, 2024-cü ilin birinci rübündə bu göstərici 470 min barel səviyyəsində idi.

Hesabatda həmçinin bildirilib ki, 2024-cü il üzrə ümumilikdə gündəlik hasilat da 480 min barel səviyyəsində qeydə alınıb. Bu isə 2025-ci ilin ilk aylarında hasilat tempinin ötən ilə uyğun şəkildə davam etdiyini göstərir.

Daha geniş miqyasda baxdıqda, "OPEC+" ölkələri üzrə gündəlik neft hasilatı orta hesabla 35,43 milyon barel təşkil edib:

  • Bunun 21,41 milyon bareli OPEC üzvlərinə,
  • 14,01 milyon bareli isə qeyri-OPEC ölkələrinə aiddir.

Müqayisə üçün, ötən ilin eyni dövründə bu göstəricilər müvafiq olaraq 36,3 milyon, 21,63 milyon və 14,66 milyon barel olub.

Xatırladaq ki, Azərbaycan da "OPEC+" razılaşmasının iştirakçısıdır və təşkilat çərçivəsində hasilatın tənzimlənməsində üzərinə öhdəliklər götürüb. İndi isə gündəlik hasilatın sabit şəkildə artması, ölkənin enerji sektorunun bərpa tempini nümayiş etdirir.

Fuad Mədətov
Finss.az