Mərkəzi Bank rəqəmsal maliyyə həllərinin inkişafı və innovasiyaların təşviqi məqsədilə Qlobal Maliyyə İnnovasiyaları Şəbəkəsinə (Global Financial Innovation Network) müşahidəçi qismində üzv olub.
Bu barədə Fins.az tənzimləyici quruma istinadən xəbər verir.
Bildirilib ki, Mərkəzi Bank üzvlük çərçivəsində Şəbəkənin təşəbbüslərində iştirak edə, eləcə də aparıcı qlobal tənzimləyicilər və innovatorlarla əməkdaşlıq qura biləcək.
Vurğulanıb ki, bununla da, Mərkəzi Bank əldə olunacaq təcrübə ilə maliyyə sektorunun texnoloji inkişafının beynəlxalq standartlara uyğunlaşdırılmasına, həmçinin maliyyə bazarlarının dayanıqlılığının artırılmasını töhfə verəcək.
Qeyd edək ki, maliyyə tənzimləyicilərini, mərkəzi bankları, beynəlxalq təşkilatları və digər maliyyə texnologiyaları ilə əlaqəli qurumları bir araya gətirən Qlobal Maliyyə İnnovasiyaları Şəbəkəsi sözügedən sahədə yeniliklərin təşviq olunmasını və inkişaf etdirilməsini hədəfləyən beynəlxalq bir təşkilatdır.
Fuad Mədətov
Fins.az