MÜSAHİBƏ

09 Aprel

Məqsədimiz sığorta penetrasiyasını 2-3 dəfə artırmaqdır – Elmar Mirsalayev

Azərbaycanda sığortaya ictimai maraq və sığorta vərdişləri tədricən formalaşmaqdadır. Bu prosesin davamlı və sistemli maarifləndirmə ilə dəstəklənməsi vacibdir.

Bunu Finss.az-a açıqlamasında Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) İcraçı direktoru Elmar Mirsalayev deyib.

Onun sözlərinə görə, dövri sığorta icmallarına əsaslanan rəqəmlər göstərir ki, ölkədə sığortaya maraq artmaqdadır. Lakin bu artımın davamlı və daha genişmiqyaslı olması üçün maarifləndirmə və strukturlaşdırılmış yanaşma əsas şərtdir.

“Ümumi kontekstdən yanaşdıqda, hazırkı sığorta penetrasiyası bizi tam olaraq qane etmir. Çünki bu gün sığortanın böyük potensialı var və həmin potensiala çatmaq üçün müxtəlif addımlar atılır, islahatlar həyata keçirilir,” – deyə E.Mirsalayev bildirib.

İcracı direktorun sözlərinə görə, sevindirici məqam odur ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ölkədə penetrasiya 100% səviyyəsindədir. Bu isə sığorta sistemində müəyyən uğurların əldə olunduğunu göstərir.

E.Mirsalayev əlavə edib ki, Assosiasiyanın məqsədi digər sığorta növlərində də oxşar nailiyyətlərə imza atmaqdır:

“Qayəmiz ondan ibarətdir ki, digər sığorta növlərində də penetrasiyanı indikindən ən az 2-3 dəfə artırmaq mümkün olsun. Bunun üçün həm normativ bazada yeniliklər, həm də əhali arasında maarifləndirici fəaliyyətlər ön planda saxlanılır.”

Sığorta penetrasiyası nədir?

Sığorta penetrasiyası – sığorta haqlarının (yığımlarının) ÜDM-ə (Ümumi Daxili Məhsula) olan nisbətidir.

Sığorta Penetrasiyası = (Sığorta Haqları / ÜDM) × 100%

Burada:

  • Sığorta Haqları (Premiyalar) – sığorta şirkətlərinin müştərilərdən topladığı ümumi sığorta ödənişləridir (illik və ya dövri əsasda).
  • ÜDM (Ümumi Daxili Məhsul) – ölkənin bir il ərzində istehsal etdiyi bütün məhsul və xidmətlərin dəyəridir.
  • Bu göstərici faizlə hesablanır və ölkədə sığorta sektorunun iqtisadiyyatdakı payını göstərir.

Fuad Mədətov
Finss.az