MÜSAHİBƏ

09 Aprel

Azərbaycandan Polşaya pul köçürmələri artıb, əks istiqamətdə azalıb

2024-cü ildə Azərbaycandan Polşaya fiziki şəxslərin həyata keçirdiyi pul köçürmələrinin həcmi 5,6 milyon ABŞ dolları təşkil edib.

Finss.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 893 min ABŞ dolları və ya 18,9% artım göstərir. Həmin dövrdə Polşaya edilən köçürmələrin ümumi pul köçürmələri strukturundakı payı isə 1,1% olub.

Eyni zamanda, Polşadan Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 3,9 milyon ABŞ dolları olub. Bu da 2023-cü illə müqayisədə 241 min ABŞ dolları və ya 5,8% azalma deməkdir. Polşadan gələn köçürmələrin ölkə üzrə ümumi daxilolmalar üzrə payı 0,4% təşkil edib.

2023-cü ildə Azərbaycandan Polşaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 4,7 milyon ABŞ dolları, Polşadan isə 4,1 milyon ABŞ dolları olmuşdu.

Ümumilikdə, 2024-cü ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdiyi pul köçürmələrinin həcmi 526,8 milyon ABŞ dolları təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 23,4 milyon ABŞ dolları və ya 4,2% azalma deməkdir.

Eyni zamanda, xarici ölkələrdən Azərbaycana göndərilən pul köçürmələrinin həcmi 1,08 milyard ABŞ dolları olub. Bu isə 2023-cü ilin eyni dövrü ilə müqayisədə 571,9 milyon ABŞ dolları və ya 34,6% azalma göstərir.

Fuad Mədətov
Finss.az