MÜSAHİBƏ

07 Aprel

Azərbaycandan İsrailə pul köçürmələri artıb

Ötən il Azərbaycandan İsrailə fiziki şəxslərin pul köçürmələrinin həcmi 2,740 milyon ABŞ dolları təşkil edib.

Finss.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 450 min dollar və ya 19,6% artıb.

Hesabat ilində ölkənin ümumi pul köçürmələrində İsrailin payı 0,5% təşkil edib.

Bununla yanaşı, ötən il İsraildən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 13,626 milyon ABŞ dolları olub. Bu göstərici 2023-cü illə müqayisədə 199 min dollar və ya 1,4% azalma deməkdir. Hesabat ilində ölkəyə daxil olan ümumi köçürmələrdə İsrailin payı 1,3% səviyyəsində olub.

Məlumata əsasən, 2023-cü ildə Azərbaycandan İsrailə fiziki şəxslərin pul köçürmələrinin həcmi 2,290 milyon dollar, əks istiqamətdə – İsraildən Azərbaycana isə 13,825 milyon dollar təşkil etmişdi.

Ümumilikdə, 2024-cü ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslər tərəfindən həyata keçirilən pul köçürmələrinin ümumi həcmi 526,759 milyon ABŞ dolları olub. Bu göstərici 2023-cü illə müqayisədə 23,367 milyon dollar və ya 4,2% azdır.

Eyni zamanda, xarici ölkələrdən Azərbaycana daxil olan pul köçürmələrinin ümumi həcmi 1,082 milyard ABŞ dolları təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 571,942 milyon dollar və ya 34,6% azalma deməkdir.

Fuad Mədətov
Finss.az