2024-cü ildə əhalinin dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortalanması məqsədilə dövlət büdcəsindən ayrılan vəsait 1228,4 mln. manat təşkil edib.
Finss.az xəbər verir ki, bu barədə məlumat Milli Məclisin martın 14-də keçirilən plenar iclasında müzakirə edilən Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.
Qeyd edilib ki, əhalinin sağlamlığının qorunması sahəsində bir sıra dövlət proqramlarının icrasına 139,6 mln. manat ayrılıb.
Əlavə olaraq bildirilib ki, 2024-cü ildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 31 özəl tibb müəssisəsi ilə müqavilə bağlayıb.
“Əvvəlki illə müqayisədə müqavilə bağlanılan özəl tibb müəssisələrinin sayı 18% artaraq 154-dən 185-ə yüksəlib.
2024-cü ildə müqavilə bağlanılmış özəl tibb müəssisələrinə 328,7 min ədəd göndəriş verilib. Göndərişlərin 297,7 mini planlı, 31 mini isə təcili tibbi xidmətlərin göstərilməsi üçün verilib, özəl tibb müəssisələrinə verilən göndərişlərin sayı 9,5% artıb”,- deyə məlumatda qeyd edilib.