Fins.az - Milli Depozit Mərkəzinin yeni arxitekturası ilə investorlar mobil telefon vasitəsilə sifarişlərini asanlıqla yerləşdirə bilirlər.
Milli Depozit Mərkəzinin (MDM) İdarə Heyətinin sədri Ağahüseyn Xudaverdiyev bildirib ki, MDM tərəfindən bu il formalaşdırılan yeni depo hesablarının açılması üzrə arxitektura sayəsində investorlar mobil telefonla sifarişlərini rahat şəkildə yerləşdirə bilirlər. Bu yeniliklər, Azərbaycan kapital bazarının inkişafına mühüm töhfə verəcək.
Xudaverdiyev, qurumun səhmdarların ümumi yığıncağının məsafədən keçirilməsi və səhm sahiblərinin onlayn səs verməsi üçün istifadəyə verilən elektron sistem "E-vote" ilə bağlı brifinqdə açıqlama verib. O, qeyd edib ki, investisiya şirkətlərinin müştəriləri artıq API vasitəsilə məsafədən depo hesablarını aça və qiymətli kağızlarla bağlı məlumatları əldə edə bilərlər.
"Bu yeni infrastruktur qabaqcıl ölkələrin təcrübəsinə uyğun olaraq hazırlanıb və Azərbaycanın kapital bazarının inkişafına mühüm töhfə verəcək. Azərbaycan Mərkəzi Bankının dəstəyi ilə 'Azərbaycan Beynəlxalq Bankı' ASC-nin səhmlərinin ilkin yerləşdirilməsi zamanı tətbiq edilmiş rəqəmsal həll uğurla sınaqdan keçirildi. Nəticədə, investorlar mobil tətbiq vasitəsilə açılmış depo hesablarından sifarişlərini rahat şəkildə yerləşdirə bildilər. Təkrar bazar əməliyyatlarının nəticələrinin qiymətli kağızlar balanslarında əks etdirilməsi imkanı da təmin edilib”, - deyə A. Xudaverdiyev vurğulayıb.