Finss.az - Rəqəmsallaşma və texnoloji yeniliklər həyatımızın ayrılmaz hissəsinə çevrildikcə müasir tələblərə uyğun, inteqrasiya olunmuş həllər də daha da önəm qazanır. Azərbaycan və ümumilikdə Qafqaz regionunun ilk tam inteqrasiyalı rəqəmsal ekosistemi olan Bir ekosistemi müştərilərin gündəlik maliyyə, alış-veriş və nəqliyyat ehtiyaclarını vahid platformada birləşdirərək yeni bir innovativ yanaşma təqdim edir. Bu uğurlu modelin arxasında dayanan strategiya, gələcək planlar və ekosistemin ölkənin rəqəmsal transformasiyasına təsiri haqqında Bir ekosisteminin Baş icraçı direktoru Fərid Məmmədovla danışdıq.
Fərid müəllim, yaxın günlərdə Bir ekosistemi rəsmi olaraq müştərilərə təqdim olundu. Bir ekosisteminin yaradılmasının əsas məqsədi, fəlsəfəsi nədir?
İlk olaraq Bir ekosisteminə göstərdiyiniz marağa görə təşəkkür edirəm. Bir ekosisteminin yaradılmasında əsas məqsəd müştərilərimizin ən çox yararlandığı sahələri ekosistem daxilində əlaqələndirib, onların gündəlik həyatına əlavə dəyər qatmaq və onlara daha rahat, inteqrasiya olunmuş həllər təqdim etməkdir. Bu gün təmin etdiyimiz xidmətlərə nəzər yetirsək görərik ki, müştərilərimiz Birbank və m10-la bütün növ maliyyə əməliyyatlarını, yüz minlərlə məhsul seçiminə malik Umico.az və Trendyol-da alış-verişlərini, BakıKart-la nəqliyyat ehtiyaclarını ödəyirlər. Fikir versək görərik ki, təqdim etdiyimiz ekosistem konsepti insanlar üçün olduqca intuitivdir. Bu brendlərin gündəlik istifadə göstəriciləri də bizim doğru istiqamətdə addımladığımızı təsdiq edir. Birbank mobil tətbiqində gündəlik ödənişlərin sayı 550 mini keçir. m10 vasitəsilə hər gün 80 minə yaxın köçürmə həyata keçirilir. Umico.az-da isə gündəlik sifarişlərin sayı artıq 10 mindən çoxdur. BakıKart-la ictimai nəqliyyatda təqdim olunan QR həldənsə bir dəqiqədə 200 dəfə istifadə olunur. Bütün bu rəqəmlər müştərilərimizin gündəlik həyatlarının əsas ehtiyaclarını ekosistemimizdə rahat, inteqrasiya olunmuş və sərfəli şəkildə təmin etdiklərini açıq şəkildə göstərir.
Ekosistem daxilindəki adlarını sadaladığınız şirkətlər bazarda kifayət qədər tanınır. Bu şirkətlərin Bir ekosistemində birləşməsi müştərilər üçün hansı fərqi yaradacaq?
Tamamilə doğru qeyd edirsiniz ki, Bir ekosistemin çətiri altında birləşən şirkətlərimizin hər biri bazarda kifayət qədər uğura sahibdirlər. Lakin bu uğurlu şirkətlərin və digər partnyorların ekosistem olaraq fəaliyyət göstərməsi istifadəçilərə unikal təcrübələr təqdim edir.
Unikal təcrübələrdən biri vahid giriş və identifikasiya sistemi olan “Bir ID”dir. Bu vahid qeydiyyat vasitəsi ekosistemə daxil olan brendlər və partnyor platformalarda müştərilərimizin şəxsi məlumatlarını rahat və sinxronlaşdırılmış şəkildə idarə etmələrinə və müxtəlif xidmətlər arasında maneəsiz keçidə imkan yaradır.
Vahid loyallıq proqramı “Bir Bonus” isə müştərilərimizə demək olar hər ödənişdə bonus qazandıracaq. Bundan əlavə, “Bir Pay” özündə müxtəlif ödəniş üsullarını birləşdirməklə müştərilərimizə vahid pəncərədən istənilən ödəniş növünü seçməyə imkan yaradacaq.
Qeyd edim ki, hazırda danışdığımız bütün bu həllər artıq müştərilərimizin istifadəsindədir. Bizim əsas məqsədimiz bu məhsul və xidmətləri davamlı şəkildə inkişaf etdirərək onların həyatlarını daha rahat və effektiv etməkdir.
Təsvir etdiyiniz biznes modeli çox maraqlıdır. Ölkəmizdə və ya dünyada bu modelin oxşar nümunəsi var?
Biz Qafqaz regionunda ilk tam inteqrasiyalı ekosistemik və bu, ölkəmizdə rəqəmsal transformasiya istiqamətində atılan mühüm addımlardan biridir. Ekosistemimizi fərqləndirən əsas məqam onun geniş xidmət spektrını özündə cəmləşdirməsi və bu xidmətləri daha rahat, təhlükəsiz və innovativ şəkildə təqdim etməsidir. İstifadəçilər burada sadəcə bir xidmətə qoşulmaqla digər bir-biri ilə əlaqələndirilmiş həllərə də asanlıqla çıxış əldə edirlər. Hətta deyərdim ki, dünyada bu modelə olduqca az rast gəlinir. Bənzər yanaşmalar dünya miqyasında da tətbiq edilir. Məsələn, “Sber”və “Yandex”i qeyd edə bilərəm. Onlar bir biznes istiqamətindən başlayıb daha sonra fəaliyyət sahələrini genişləndirərək ekosistemləşiblər. Biz isə mövcud şirkətlərimiz arasında inteqrasiyanı təmin edərək ekosistemləşmişik. Fərqimiz də məhz budur. Əlbəttə ki, bu qərarın arxasında ilk növbədə müştərilər üçün yeni imkanlar yaratmaq istəyimiz durur.
Müştəri mövzusuna toxunmuşkən, dediklərinizdən aydın olur ki, müştəri təcrübəsi sizin üçün çox önəmlidir. Bəs onların rəyini nə dərəcədə dinləyirsiniz?
Bir ekosisteminin mərkəzində hər zaman müştərilərimiz dayanır. Məhsullarımızın uğurlu olmaları üçün onların real ehtiyaclarını dərindən anlamaq və gündəlik qarşılaşdıqları çətinliklərə uyğun həllər təqdim etmək önəmlidir. Bu isə səsləndiyi qədər asan deyil, çünki hər insanın özünəməxsus həyat tərzi və vərdişləri var.
Məsələn, hər səhər rahat şəkildə işə getmək, daim istifadə edilən marketlərdən alış-veriş etmək, xüsusi günlər üçün tanış mağazalardan məhsul seçmək və kommunal ödənişləri öyrəşdikləri üsulla həyata keçirmək insanların gündəlik həyatlarının ayrılmaz hissəsidir. Məhsul və xidmətlərin bu rutinə təbii inteqrasiyası isə uğurun əsas göstəricisidir.
Düşünürəm ki, Bir ekosisteminin uğurunun arxasında dayanan təməl səbəb də məhz müştərilərimizin gündəlik tələbatlarına uyğun həllər təqdim etməyimizdir. Məhsul və xidmətlər bu strategiyaya əsaslananda onların yaratdığı təsir, insanların həyatında tutduğu yer daha böyük olur. Sizə bir neçə nümunə deyim. Umico.az-da müştərilər arzuladıqları məhsulu kreditlə bir neçə klikə əldə edərək maliyyə əlçatanlığı qazanırlar. Bu imkan sayəsində hazırda marketdə alış-verişlərin 50 %-i kredit vasitəsilə baş tutur. Trendyol-da Birbank taksit kartları vasitəsilə indiyədək 74 min müştəri 119 min dəfə alış-veriş edib.
Təhlükəsizlik və məlumatların məxfiliyi də bizim üçün prioritetdir. İnsanların bizə etibar etdikləri məlumatların qorunması ən vacib məsuliyyətimizdir. Qısaca desək, məqsədimiz sadəcə məhsul təqdim etmək deyil, müştərilərimizin gündəlik həyatlarına real və hiss edilən dəyər qatmaqdır.
Qeyd etdiyiniz nümunələrin reallaşması yeniliklərə və fərqli fikirlərə açıq olan bir komandadan xəbər verir. Belə büyük kollektivi bir amal ətrafında birləşdirməyi necə bacarırsınız?
Danışdığımız bütün uğurların həyata keçməsi yeniliklərə və fərqli fikirlərə açıq olan peşəkar və böyük bir komandanın fəaliyyətinin nəticəsidir. Böyük bir kollektivi vahid amal ətrafında birləşdirmək üçün bir çox vacib faktor rol oynayır. Bunlar arasında iş mühitinin şəffaflığı, səmimiyyəti, kollektivin yenilikçi ruhu, rəhbər heyətin açıqfikirli olması və şirkətin bazardakı nüfuzu xüsusi önəm daşıyır.
Bir ekosisteminə daxil olan hər bir şirkət öz sahəsində lider mövqedədir və davamlı olaraq yeniliklər edir. Komandamızı birləşdirən əsas amillərdən biri də mənsub olduğumuz Paşa Holding-in korporativ dəyərləri və liderlik yanaşmasıdır. Bu yanaşma bizi şüurlu korporativ vətəndaş olmağa və fəaliyyət göstərdiyimiz sahələrdə davamlı liderliyə səsləyir. Bu yolda hər bir əməkdaşımızın peşəkar və şəxsi inkişafı strateji əhəmiyyət daşıyır və onların inkişafına mütəmadi sərmayə yatırılır.
İnsan resurslarının inkişafı baxımından üç əsas istiqamətə diqqət yetiririk. Birinci istiqamətimiz ölkədə az tapılan sahələrdə yerli mütəxəssislərin hazırlanmasıdır. Bunun üçün universitetlərlə sıx əməkdaşlıq edir və təcrübə proqramları həyata keçiririk. Həmçinin şirkət daxilində də bu sahələrdə işçi yetişdirmək üçün öz məktəbimizi də yaratmışıq.
İkinci istiqamət əməkdaşlarımızın texniki və şəxsi inkişaflarını təmin etməkdir. Bunun üçün təlimlər, kurslar, seminarlar və beynəlxalq təcrübə mübadilələri təşkil edirik. Məsələn, yalnız 2024-cü ildə ekosistem şirkətlərimizdə 15 mindən çox təlim və tədbir keçirilib. Eyni zamanda bir çox əməkdaşmızın dünyanın nüfuzlu universitetlərində təhsil almalarına da şərait yaradırıq.
Üçüncü istiqamət rəhbər heyətimizin liderlik bacarıqlarının inkişafına yönəlib. Burada məqsəd rəhbərlərimizin potensialını artırmaq, onların müasir idarəetmə təcrübələrini mənimsəmələri və beynəlxalq trendlərlə ayaqlaşmaqdır. Bunun üçün mütəmadi olaraq beynəlxalq təcrübə mübadiləsi proqramları təşkil edilir.
Əməkdaşlarımızın beynəlxalq təcrübə əldə etmələri üçün də geniş imkanlar yaradırıq. Beynəlxalq standartlarda fəaliyyət göstərən xarici mütəxəssislərlə əməkdaşlarımızın birgə işləməsini təmin edən layihələr həyata keçiririk. Bu, əməkdaşlarımızın həm peşəkar, həm də şəxsi inkişafına töhfə verir.
Əlbəttə, inkişaf yalnız işlə yekunlaşmır. İşçi məmnuniyyəti və komanda ruhunun gücləndirilməsi bizim üçün prioritet istiqamətlərdən biridir. Bu məqsədlə iş mühitimizi əməkdaşlarımızın rahatlığı, motivasiyası və rifahını nəzərə alaraq təşkil edirik. Bu istiqamətdə müxtəlif korporativ və sosial tədbirlər keçirir, peşəkar gildiyalar və hobbi klubları yaradırıq.
Beləliklə, yerli və beynəlxalq təcrübəni sintez edərək əməkdaşlarımızın hərtərəfli inkişafını təmin edir, nəticədə şirkətlərimizin bazar liderliyini möhkəmləndiririk. Komanda üzvlərimiz yalnız şirkət üçün deyil, həm də cəmiyyət üçün faydalı layihələrdə aktiv iştirak edirlər. Məsələn, əməkdaşlarımızın təşəbbüsü ilə yaradılan Qırmızı Ürəklər Fondu müxtəlif istiqamətlərdə xeyriyyə layihələrini uğurla həyata keçirirərək cəmiyyətimizə dəyər qatır.
Paralel olaraq müştərilərlə etdiyimiz kimi komandamızın da tələblərini və təkliflərini dinləyib dəyərləndiririk. Onların hər cəhətdən ürəyincə olan bir iş mühiti yaratmağa çalışırıq.
Bir ekosistemi rəqəmsal həllər üzərində qurulub. Maraqlıdır, ölkəmiz bu rəqəmsallaşma prosesində hansı mərhələdədir və biz bu rəqəmsal transformasiyaya nə qədər hazırıq?
Çox maraqlı bir məqama toxundunuz. Mən bu suala etdiyimiz araşdırmalar və məhsullarımızdan istifadə edən müştəri sayları ilə cavab verəcəm. Bu gün Bir ekosisteminin Birbank, M10 və Umico.az olmaqla ümumilikdə 7 milyona yaxın istifadəçisi var. Onlardan 5 milyonu platformalarımızın aktiv müştərisidir. Bu isə o deməkdir ki, hər iki azərbaycanlıdan biri bizim platformalardan istifadə edir. Ölkəmizdə əhalinin orta yaşının 33 olması rəqəmsallaşmaya hazırlıq səviyyəsini göstərən mühüm amillərdən biridir və cəmiyyətin texnologiyaya uyğunlaşma qabiliyyətini əks etdirir. Ölkənin 90 %-i internetə çıxışa malikdir, bu isə inkişaf etmiş rəqəmsal həllərin tətbiqi üçün zəmin yaradır.
Ekosistemin rəqəmsal həllərlə zəngin olması və həyatımızın bir çox sahəsini əhatə etməsi hamımızda gündəlik vərdişlərin dəyişməsinə səbəb oldu. 10 minlərlə partnyorda və ictimai nəqliyyatda QR-la ödəniş, onlayn alış-veriş, bank xidmətlərinin Birbank tətbiqi ilə həlli qısa müddətdə yenilikdən gündəlik istifadəyə keçdi. Əminliklə deyə bilərəm ki, gələcəkdə də bu kimi daha çox yeni həllər gündəlik rutinimizin tərkib hissəsinə çevriləcək, çünki biz hələ yolun başlanğıcındayıq.
Eyni zamanda, təklif etdiyimiz həllərlə istifadəçilər yüzlərlə yeni xidmət əldə edir. On minlərlə sahibkar isə əlavə işçi və maliyyə resursu sərf etmədən texnoloji yenilikləri tətbiq edir, milyonlarla müştəriyə öz məhsulunu təklif edib daha rahat və sürətli xidmət göstərə bilir. Bu baxımdan dəyərləndirsək əlbəttə ki, ölkəmiz rəqəmsallaşmaya tam açıqdır, hətta deyərdim ki, bütün yeniliklərə böyük maraq və həvəs göstərir.
Aydındır ki, bütün bu proseslər özü ilə bir sıra dəyişiklik gətirir. Bunların ölkə iqtisadiyyatının dayanıqlılığına təsiri necədir?
Ölkə iqtisadiyyatının dayanıqlılığı həm də sahibkarlığın inkişafı ilə bağlıdır və bizim də məqsədlərimizdən biri sahibkarlıq fəaliyyətini dəstəkləmək və iqtisadiyyatımızı gücləndirməkdir. Bir ekosistem olaraq biz 200 mindən çox sahibkara xidmət göstəririk. Onlardan böyük bir qismi 100 mindən çoxu mikro sahibkarlarlıqla məşğuldur.
Xidmətlərimiz rəqəmsal olduğu üçün ölkənin ucqar regionlarını belə əhatə edir. Bununla da həm sahibkarlar, həm müştərilər üçün öz həllərimizlə ümumi maliyyə savadlılığının inkişafına və rəqəmsallaşmanın təşviqinə də təkan veririk.
Umico.az hazırda 1000-dən çox satıcıya öz məhsullarını geniş alıcı kütləsinə çatdırmağa imkan verir. Eyni zamanda, onlara təklif etdiyimiz maliyyə həlləri ilə satıcılar bizneslərini böyüdüb inkişaf etdirirlər.
Təkcə ötən il Birbank Biznes mobil tətbiqindən hesab açan mikro müştərilərimizin payı 60%, məsafədən rəsmiləşdirilən kreditlərin payı isə 80% təşkil edib. Bu gün sahibkarlar bank əməliyyatlarının 99 %-ni, mikro kreditlərdə 100 min manatadək, biznes kreditlərində isə 300 min manatadək məbləği başdan başa onlayn əldə edə bilirlər. Bununla kiçik və orta sahibkarlar üçün dayanıqlılığı da təmin etmiş oluruq.
Bununla yanaşı, Birbank Vergilər Nazirliyi ilə birlikdə ƏDV geri al platformasını müştərilərin istifadəsinə verib. Bu praktikanı tətbiq etməklə ödənişlərdə qəbzlərin tələb olunmasını təşviq edir və iqtisadiyyatın daha şəffaf olmasına töhfə veririk. Ötən il ekosistem şirkətləri ümumilikdə 115 milyon manata yaxın vergi ödəyib. Hətta bu yaxınlarda Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu seçilərək Azərbaycan Respublikası Vergi xidməti tərəfindən ölkə iqtisadiyyatına verdiyi töhfəyə görə mükafatlandırılıb.
Eyni zamanda rəqəmsallaşmanın ekoloji mühitə olan müsbət təsiri də artıq məlumdur. Müasir texnoloji həllərin nəinki ölkə miqyasında, həmçinin dünyada qloballaşan karbon izinin azalmasına qatdığı faydalar artıq bilinən gerçəklikdir. Dünya İqtisadi Forumunun araşdırmasını yada salaq: rəqəmsal texnologiyaların qlobal istixana qazlarını 2050-ci ilə qədər 20%-ə kimi azaldacağı ehtimal olunur. Bunu təmin etməyin yollarından biri həm də kağız istifadəsini azaltmaqdır. Təkcə 2024-cü ilin nəticələrinə baxsaq 90 milyondan çox kağıza qənaət etdiyimizi deyə bilərəm. Bu da öz növbəsində 10 minə yaxın ağacı təbiətimizə qazandırmaq və 200 tondan çox karbon qazını zərərsizləşdirmək deməkdir. Əlavə olaraq qeyd edim ki, artıq Birbank plastik kartlarda təkrar emal edilmiş və bio-mənşəli materiallara keçid edib. Bu da ölkəmiz üçün bir ilkdir.
Ekosistemin gələcək inkişaf planları haqqında nə deyə bilərsiniz? İstifadəçiləri hansı yeniliklər gözləyir?
Qarşımızda böyük hədəflər var. Rəqəmsallaşma istiqamətində ölkəmizin böyük potensialı var və biz bunu reallığa çevirmək istəyirik.
Hazırda Azərbaycanın e-ticarətdən istifadə göstəricisi 2% təşkil edir ki, bu da Qazaxıstan (13.4%) və Türkiyə (15.9%) kimi qonşu ölkələrlə müqayisədə xeyli aşağıdır. Həmçinin bu fərq Azərbaycanın e-ticarət sektorunda güclü inkişaf potensialına malik olduğunu göstərir.
Ölkə əhalisinin təxminən 50%-i hələ də bank xidmətlərindən aktiv şəkildə istifadə etmir. Rəqəmsallaşma isə onların bankçılıq və e-ticarət sektorlarına inteqrasiyasına imkan yaradaraq, həm maliyyə inklüzivliyini artırır, həm də ölkə iqtisadiyyatının uzunmüddətli dayanıqlılığına töhfə verir.
Hazırda istifadəçilər üçün daha fərdiləşdirilmiş təcrübə yaratmaq üzərində işləyirik. Yəni, hər müştəriyə öz seçimlərinə, maraqlarına və ehtiyaclarına uyğun xidmətlər təklif ediləcək. Ən əsası biz davamlı inkişaf prinsipi ilə çalışırıq. Bu o deməkdir ki, ekosistemin böyüməsi yalnız xidmətlərin artması demək deyil. Biz mövcud xidmətləri daha da təkmilləşdirib onların müştərilərə maksimum dəyər qatmasını təmin edirik.
Bu dəyərli məlumatlara görə təşəkkür edirəm, Fərid bəy. Qarşıdan gələn Novruz bayramı münasibətilə sizi təbrik edirəm.
Siz sağ olun, mən də sizi təbrik edirəm. Novruz birlik bayramıdır. Bu bayram da sevincimiz bir olsun.
Zemfira Ms
Finss.az