Baş nazir Əli Əsədov Milli Məclisdə təqdim etdiyi 2024-cü il üzrə hesabat zamanı su problemlərinin həlli və torpaq ekosisteminin mühafizəsi mövzusuna toxunub.
Finss.az-ın məlumatına görə, Baş nazir qeyd edib ki, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi üçün vacib olan bu məsələlər Hökumətin qarşısında duran mühüm çağırışlardandır.
Ə.Əsədov vurğulayıb ki, özünütəminetmə səviyyəsinin artırılması, kənd təsərrüfatı məhsullarının istehsalının artırılması və qiymətlərin stabil saxlanılması məqsədilə müvafiq dəstək tədbirləri həyata keçirilib. Bu tədbirlər çərçivəsində ölkə ərazisində mövcud su ehtiyatlarının səmərəli istifadə olunması, fermerlərin suvarma suyu ilə təchizatı, suvarma sahələrinin genişləndirilməsi və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması üçün 540 milyon manat vəsait ayrılıb.
Baş nazir qeyd edib ki, hesabat ilində kənd təsərrüfatı bitkiləri ümumilikdə 1 milyon 453 min hektar sahədə orta hesabla 3,3 dəfə suvarılıb. Bu addımlar, ölkənin ərzaq təhlükəsizliyini təmin etmək və kənd təsərrüfatını inkişaf etdirmək üçün vacib bir yer tutur.