Cari ilin yanvar-fevral aylarında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə neft (kondensatla birlikdə) hasilatı 1,2 milyon ton təşkil edib.
Finss.az bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 100 min ton və ya 7,7% azdır.
Belə ki, ötən ilin eyni dövründə SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 1,3 milyon ton təşkil edib.
Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında ölkədə 8,1 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 1,3 milyard kubmetri isə SOCAR-ın payına düşüb ki, bu da, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyişməyib.
Xatırladaq ki, bu ilin yanvar-fevral aylarında respublikada 4,5 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Hasilatın 2,6 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 0,6 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,1 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb.