MÜSAHİBƏ

06 Mart

Virtual birjalar xaricdə fəaliyyət göstərdiyi üçün məlumat ötürməkdə çətinlik yaranır - Fuad Əliyev

Maliyyə Monitorinqi Xidməti virtual aktivlərin idarə olunması ilə bağlı texnoloji tətbiqlərdən istifadə etməyə başlayıb.

Finss.az xəbər verir ki, bu barədə qurumun departament direktoru Fuad Əliyev III Vergi və Mühasibatlıq Zirvəsində məlumat verib.

Onun sözlərinə görə, virtual birjalar xaricdə fəaliyyət göstərdiyi və Azərbaycanda öhdəlik daşıyan şəxslərə aid olmadığı üçün hər hansı məlumat ötürmək öhdəlikləri də yoxdur. Bu da virtual birjalardakı əməliyyatları izləməkdə çətinlik yaradır:

“Ümumiyyətlə, virtual aktivlər sərhəd tanımır. Onlar Azərbaycanda xidmət təminatçısı olmadan da fəaliyyət göstərə bilirlər və bizim vətəndaşlar orada əməliyyatları rahat həyata keçirirlər. Çünki virtual birjalar onlayndır, hansısa offşor ölkələrdə qeydiyyatdan keçib fəaliyyət göstərirlər. Biz onları izləməkdə çətinlik çəkirik. Bu yaxınlarda texnoloji tətbiqlərdən istifadə etməyə başlamışıq. Əsas problem odur ki, həmin birjalar xaricdə fəaliyyət göstərdiyi üçün Azərbaycanda öhdəlik daşıyan şəxslər deyillər və bizə hər hansı məlumat ötürmək öhdəlikləri yoxdur. Ona görə də onlardan lazımi məlumatları ala bilmirik. Ancaq çalışırıq ki, hansısa formada əlaqələr quraq, əməkdaşlıq edək”.

Bunun yalnız Azərbaycanın deyil, bir çox ölkələrin üzləşdiyi qlobal problem olduğunu deyən F.Əliyev beynəlxalq standartlarda məlumatların ölkədən-ölkəyə ötürülməsi ilə bağlı konkret tələblər qoyulduğunu bildirib. O, virtual aktivlərin idarə olunması sahəsində qanunvericilik bazasının yaradılması ilə bağlı Mərkəzi Bankda müəyyən işlər görüldüyünü deyib:

“Hələlik 1 şirkət bu sahədə lisenziya əsasında fəaliyyət göstərir. Xüsusi tənzimləmə rejimi çərçivəsində onun fəaliyyətinə icazə verilib. Bu sahədə normativ hüquqi aktın qəbul edilməsi istiqamətində də işlər davam etdirilir”.

Xatırladaq ki, Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə 24 fevral 2023-cü il tarixdə “Azərbaycan Respublikasında virtual aktivlərlə əməliyyatların aparılması Qaydası” təsdiq edilib. Hazırda isə rəqəmsal aktivlərin tənzimlənməsi ilə bağlı qanunvericilik aktları hazırlanır.

F.Əliyev komplayens (uyğunluq) çərçivəsinin qurulmasının vacibliyini və şirkətlərin müvafiq riskləri idarə etmək, hüquqi öhdəlikləri yerinə yetirmək üçün xüsusi siyasət və prosedurlar tətbiq etməsinin əhəmiyyətini vurğulayıb. O, hədəfli maliyyə sanksiyalarının, xüsusən də terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq üçün müvafiq tədbirlərin görülməsinin zəruriliyinə diqqət çəkərək, bizneslərin bu barədə məlumatlı olmalarının vacibliyini bildirib. Biznes dürüstlüyü ilə əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi üzrə mübarizə (ƏL/TMM) arasında sıx əlaqənin mövcudluğunu və yalnız dürüstlük prinsipinə əsaslanan işgüzar fəaliyyətin hüquqi və maliyyə cəhətdən təhlükəsiz olduğunu diqqətə çatdıran F.Əliyev Maliyyə Monitorinqi Xidməti ilə özəl sektor arasında tərəfdaşlığın məlumat mübadiləsi və təcrübə paylaşımı yolu ilə daha effektiv şəkildə həyata keçirilə biləcəyini qeyd edib.

©Vergiler.az