Finss.az - Bakı Olimpiya Stadionunda “Dinamo” klubunun – FCDM-nin futbol məktəbi açılıb. 4 yaşdan 13 yaşa qədər uşaqlar orada peşəkar təlimçilərin, o cümlədən Moskva klubunun mütəxəssislərinin rəhbərliyi altında məşq edə biləcəklər. Bakıda məktəbin açılışı VTB (Azərbaycan)-ın dəstəyi ilə baş tutub.
“VTB (Azərbaycan) ənənəvi olaraq respublikada keçirilən idman tədbirlərini dəstəkləyir. Əminik ki, idman təkcə sağlamlıq deyil, həm də gənc nəslin tərbiyəsi üçün mühüm vasitədir. Bakıda FCDM futbol məktəbinin açılması Azərbaycan uşaqları üçün peşəkar futbol dünyasına qoşulmaq, bacarıqlarını inkişaf etdirmək və gələcəyin idman ulduzlarına çevrilmək üçün bir fürsətdir. Bu, Rusiya futbolunun təcrübəsini və Azərbaycan idman ənənələrini birləşdirən unikal layihədir”, - deyə bank VTB (Azərbaycan)-ın İdarə Heyətinin üzvü, pərakəndə biznesin inkişafı departamentinin direktoru Yevgeni Borodin şərh edib.
VTB (Azərbaycan) respublikada idmanın inkişafına fəal dəstək verir. Bank Azərbaycan Basketbol Liqasının rəsmi sponsorudur və həmçinin 2024-cü ildə Islamic Ice Hockey Tournament turnirində “Baku Flames” komandasının tərəfdaşı kimi çıxış edib. 2025-ci ildə Rusiyanın Kazan şəhərində keçiriləcək turnirdə VTB (Azərbaycan) növbəti dəfə “Baku Flames”-i dəstəkləyəcək. FCDM futbol məktəbinin açılışı ölkədə uşaq və gənclər idmanının dəstəklənməsi istiqamətində daha bir mühüm addım oldu.
Qeyd:
FCDM Futbol Məktəbi “Laçın” İdman Klubu ilə Moskvanın “Dinamo” futbol klubu arasında tərəfdaşlıq əsasında yaradılıb. Bu əməkdaşlıq Rusiyanın ən qədim klublarından birinin mütəxəssisləri tərəfindən hazırlanmış qabaqcıl təlim metodlarından istifadə etməyə imkan verəcək. Gənc idmancılar təkcə futbol bacarıqlarını təkmilləşdirməklə yanaşı, “Dinamo” klubunun dəstəyi ilə təşkil olunan turnirlərdə, ustad dərslərində və digər tədbirlərdə də iştirak edə biləcəklər.








Zemfira Ms
Finss.az