Finss.az - Bank sektoru, iqtisadi və sosial məsuliyyətini artırmaq məqsədilə əhəmiyyətli bir addım ataraq, korporativ idarəetməyə ESİ (Ətraf Mühit, Sosial və İdarəetmə) prinsiplərinin inteqrasiyasını gücləndirir.
Bu sahədə son dövrlərdə mühüm irəliləyişlər müşahidə olunur.
Əvvəlcə, bankların 52%-i İdarə Heyəti səviyyəsində ESİ məsələləri üzrə cavabdeh şəxslər təyin edib. Bununla yanaşı, 43%-i ESİ üzrə məsul struktur bölmələr yaradıb, 38%-i isə müxtəlif struktur bölmələrinin əməkdaşlarından ibarət işçi qruplarını formalaşdırıb. Bu, bankların idarəetmə proseslərində dayanıqlı maliyyə və sosial məsuliyyət prinsiplərinin daha geniş şəkildə tətbiq olunmağa başladığının göstəricisidir.
Müşahidə Şurası (MŞ) səviyyəsində də müsbət dəyişikliklər baş verir. 10 bank MŞ tərəfindən dayanıqlı maliyyə investisiyalarının həyata keçirilməsi və 12 bank iqlim dəyişiklikləri və ESİ risklərinin idarə edilməsi üçün müvafiq vəzifə bölgüsünü müəyyən edib. Eyni zamanda, 15 bank təlim-təhsil proqramları tətbiq edərək, iqlim dəyişiklikləri və ESİ risklərinin idarəedilməsi üzrə insan resurslarının inkişafına diqqət ayırır. Bununla belə, MŞ üzvlərinin iqlim dəyişiklikləri və ESİ riskləri üzrə təlimlərdə iştirakı hələ də məhduddur.
Banklar ESİ faktorlarını müxtəlif daxili siyasətlərinə inteqrasiya edərək, tövsiyə edilməyən fəaliyyətlərə, etik davranış qaydalarına və mükafatlandırma siyasətinə uyğun addımlar atır. Lakin kreditləşmə qərarları və korporativ sosial məsuliyyət sahələrində də ESİ prinsiplərinin daha geniş tətbiqinə ehtiyac vardır.
Qadınların bank sektorundakı təmsilçiliyi məsələsində isə dəyişikliklər mülayimdir. Ümumi işçi sayında qadınların payı 39%-ə yüksəlsə də, rəhbərlik səviyyəsində bu göstəricilər daha aşağıdır. Departament və şöbə rəhbərləri arasında qadınların payı 21%, MŞ və İH üzvləri arasında isə bu göstəricilər müvafiq olaraq 9% və 11%-dir. Bu vəziyyət, gender bərabərliyinin daha da təşviq edilməsinin vacibliyini vurğulayır.
2025-ci il üzrə daxili audit planları ilə bağlı verilən məlumatlara əsasən, banklar ESİ prinsiplərinin həyata keçirilməsi və hədəflərin icrasının monitorinqi məqsədilə daxili audit funksiyasını gücləndirməyə başlamışdır. 12 bank bu məsələləri daxili audit planlarına daxil edib ki, bu da ESİ prinsiplərinin təşkilati idarəetməyə inteqrasiyasının inkişafını göstərir.
Ümumilikdə, bank sektorunda ESİ prinsiplərinin tətbiqi istiqamətində irəliləyişlər olsa da, bu prinsiplərin geniş miqyasda tətbiqi və daha effektiv idarəetmə strukturlarının qurulması üçün əlavə addımlar atılmalıdır.


