MÜSAHİBƏ

07 Fevral

Biləsuvarda günəş elektrik stansiyasının tikintisi başlayır: Masdar və SOCAR Green ilə əməkdaşlıq

Biləsuvar Rayon İcra Hakimiyyətində Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin və onun tərəfdaşı olan “SOCAR Green”in mütəxəssislərinin iştirakı ilə rayonda günəş elektrik stansiyasının tikintisinə hazırlıqla bağlı vəziyyət müzakirə olunub, qarşıda duran vəzifələr müəyyənləşdirilib.

Finss.az xəbər verir ki, Azərbaycan dövləti ilə “Masdar” şirkəti arasında aparılan danışıqların yekunu olaraq, Biləsuvarda 445 MVt gücündə günəş elektrik stansiyasının tikintisi qərara alınıb və bu məqsədlə rayonun inzibati ərazisində, dövlət mülkiyyətində olan 1454 hektar torpaq sahəsi ayrılıb. Ölkəmizdə reallaşdırılan sosial-iqtisadi inkişaf strategiyası ekoloji problemlərin operativ həllinə, ətraf mühitin mühafizəsi istiqamətində ardıcıl və səmərəli tədbirlərin görülməsinə əlverişli şərait yaradır. Bunun nəticəsidir ki, hazırda respublikamızda “yaşıl” enerji növləri uğurla gerçəkləşdirilir və onun dünya bazarlarına nəqli enerji siyasətinin yeni prioritet istiqaməti kimi diqqətdə saxlanılır.

Təmiz ekoloji mühitin gerçəkləşdirilməsi məqsədilə mövcud təbii resursların dayanıqlı və səmərəli istifadəsi, tullantıların idarə edilməsi ilə bağlı infrastrukturun yaradılması istiqamətində də davamlı layihələr gerçəkləşdirilir. Azərbaycanın 2050-ci ilə qədər istixana effekti yaradan qazların emissiyası həcminin 40 faizə qədər azaldılmasının, habelə düşməndən təmizlənən ərazilərimizdə “təmiz 0” emissiya zonasının yaradılmasının şərti hədəf kimi götürülməsi də bunun bariz ifadəsidir.

Son illər ölkəmizdə sözügedən sahədə bir sıra mühüm layihələr reallaşdırılıb. MDB-də ən böyük və Xəzər dənizi regionunda ilk sənaye miqyaslı günəş elektrik stansiyası – 230 MVt-lıq Qaradağ Günəş Elektrik Stansiyası (GES) istismara verilib. Eyni zamanda, həmin stansiyanın açılışı zamanı digər yeni layihələrin də əsası qoyulub: “Masdar” şirkəti ilə Neftçalanın Bankə qəsəbəsində 315 MVt-lıq, Biləsuvarda isə 445 MVt-lıq GES və Abşeron-Qaradağ rayonları ərazisində 240 MVt-lıq külək elektrik stansiyasının (KES) tikintisi ilə bağlı, ümumilikdə, 1 qiqavat bərpaolunan enerji mənbəyinin istismara buraxılmasını özündə ehtiva edən 3 yeni layihə imzalanıb. Bərpaolunan enerjinin payı isə hazırda 17 faizə yüksəlib.

Respublikada “yaşıl” enerjinin reallaşdırılması ilə bağlı qısa müddətdə normativ hüquqi bazanın formalaşdırılması ilə bağlı da xeyli iş görülüb. “Elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrindən istifadə haqqında” qanundan irəli gələn 4 alt qanunvericilik aktı təsdiqlənib. “Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi Qaydası” əsasında bağlanan müqavilələr və keçiriləcək hərraclarla bağlı hüquqi çərçivə müəyyənləşdirilib. Bununla da investorların səmərəli fəaliyyətinə əlverişli zəmin yaradılıb. Eyni zamanda, fəal istehlakçıların dəstəklənməsi və “yaşıl” sertifikatlarla bağlı qaydalar təsdiqlənib. Bütün bunlarla bərabər, bərpaolunan enerji mənbələri üzrə informasiya sistemi formalaşdırılaraq artıq istifadəyə verilib.

Hazırda ölkəmizdə “yaşıl” enerjidən istifadənin genişləndirilməsi məqsədilə Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlıq layihələri, o cümlədən dənizdə külək enerjisi üzrə Yol Xəritəsi, elektrik enerjisi şəbəkəsinin gücləndirilməsi və bərpaolunan enerji ixracı planları, “yaşıl” enerjinin Xəzərdən Avropaya və Naxçıvandan Türkiyəyə ixracı, enerji keçidi, enerji effektivliyi, “yaşıl” hidrogen, elektromobillik və digər məsələlər haqqında danışıqlar aparılır. Ümumiyyətlə, “yaşıl” inkişaf və qlobal iqlim hədəflərinə uyğun olaraq layihələrin vaxt itirmədən və səmərəli şəkildə həyata keçirilməsi məsələsi daim diqqətdə saxlanılır.

Son vaxtlar respublikamızda “yaşıl” enerjinin ixrac potensialının gücləndirilməsi ilə bağlı da ciddi layihələr icra edilib. Məsələn, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanan dördtərəfli müqavilənin gerçəkləşdirilməsi ilə əlaqədar genişmiqyaslı işlər görülüb, keçirilən tenderin nəticəsində artıq qalib şirkətlə müqavilə imzalanıb. Bu müqavilədə Azərbaycan və Rumıniya arasında “yaşıl enerji”nin ötürülməsi məqsədilə Gürcüstan və Qara dənizdən keçəcək sualtı elektrik enerjisi kabelinin çəkilməsi nəzərdə tutulub. Sənədə əsasən, Xəzər dənizi üzərində və ətrafında yaradılacaq bərpaolunan enerji mənbələrində istehsal olunan “yaşıl” enerjinin Azərbaycandan Gürcüstana, oradan kabel xətti ilə Qara dənizin altından keçməklə Rumıniya və Macarıstana, daha sonra isə Avropa Birliyi ölkələrinə ötürülməsi, bununla da “Xəzər – Avropa Birliyi Yaşıl Enerji Dəhlizi”nin yaradılması tərəflər arasında əsas prioritet olaraq qəbul edilib.