Azərbaycanda qaz hasilatı artır, proqnozları üstələyir. “Qarabağ”, “Əşrəfi - Dan Ulduzu – Aypara”, “Abşeron”, “Ümid” və “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda “deep-gas” daxil olmaqla yeni neft-qaz layihələrinin reallaşdırılması davam edir. Bütün bu yataqlar resurs bazasına əhəmiyyətli töhfə verəcək, hasilat səviyyəsini sabitləşdirəcək və enerji resurslarının uzunmüddətli ixrac tədarükünü təmin edəcək.
Finss.az xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Babək Hüseynov dünən Bakıda öz işinə başlayan “IADC Drilling Caspian 2025” qazma konfransının açılışında səsləndirib.
O qeyd edib ki, Azərbaycanda həyata keçirilən neft-qaz layihələri SOCAR-ın davamlı inkişafına töhfə verməklə yanaşı, ölkənin enerjiyə artan tələbatını ödəməyə davam etməyə imkan yaradır.
Xatırladaq ki, fevralın 8-nə qədər davam edəcək “IADC Drilling Caspian 2025” sərgi-konfransda sənaye liderləri və qazma mütəxəssisləri bu sahənin problemlərini müzakirə edəcək, qabaqcıl təcrübə və praktikanın mübadiləsi ilə bağlı fikir və rəylərini bölüşəcəklər. Eyni zamanda, sərgi-konfransda qazmanın avtomatlaşdırılması da daxil olmaqla, qabaqcıl texnoloji nailiyyətlər, müvafiq texniki inkişafın tematik tədqiqatları və neft-qazın Xəzər regionuna təsiri təqdim olunacaq. Məclisdə təhlükəsizlik və təlim yanaşmalarının inkişafı işıqlandırılacaq, sağlamlıq, əmək və ətraf mühitin mühafizəsi göstəricilərinin yaxşılaşdırılması üçün istifadə edilə bilən yeni alətlər və proseslər haqqında praktiki məlumat veriləcək.
Xatırladaq ki, 1940-cı ildə yaradılmış IADC dünya neft hasilatı, neft-qaz sənayesində və qazma işlərinin aparılması tələb olunan digər sahələrdə fəaliyyət göstərən şirkətlərin maraqlarını təmsil edən yeganə qurumdur.