Finss.az - Əhali arasında icbari tibbi sığorta sistemi barədə məlumatlılığın artırılması məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) “2024-2026-cı illər üzrə Kommunikasiya Strategiyası” çərçivəsində 2024-cü ildə bir sıra tədbirlər uğurla icra olunub.
Agentliyin prioritet fəaliyyət istiqamətlərinə informasiya dəstəyinin təmin edilməsi məqsədilə müxtəlif istiqamətlərdə layihələrin icrası davam etdirilib. A.Əhmədovanın sözlərinə görə qurumun fəaliyyəti, Xidmətlər Zərfi, qanunvericilikdə dəyişikliklər və s. barədə əhalini məlumatlandırmaq üçün 91 sayda məlumat açıqlanıb. Mediadan daxil olan 524 sorğu, sosial media hesablarına göndərilən 4083 sorğu cavablandırılıb. Hər il istifadəçi sayında artım müşahidə olunan Agentliyin yenilənmiş rəsmi internet səhifəsi (//its.gov.az/) NETTY – Milli İnternet Mükafatının “Dövlət və elektron hökumət” istiqaməti üzrə “Ən yaxşı veb sayt” nominasiyasında qalib seçilib.
İcbari tibbi sığorta sahəsində maarifləndirici silsilə tədbirlərin həyata keçirilməsi davam edib. Dövlət, qeyri-dövlət qurumlarının, ali və orta təhsil müəssisələrinin pedaqoji heyəti, məktəblilər və onların valideynlərini, dini icmaların nümayəndələrini məlumatlandırmaq üçün ümumilikdə 28 604 nəfərin iştirakı ilə 440 sayda maarifləndirmə tədbiri keçirilib.
Maarifləndirmə kampaniyası çərçivəsində televiziya, radio və rəqəmsal platformalar üzərindən genişmiqyaslı informasiya işi həyata keçirilib. İlin əvvəlindən müxtəlif televiziya kanallarında icbari tibbi sığorta mövzusunda xüsusi verilişlər yayımlanıb, həftəlik proqramlar təşkil edilib və mütəxəssislərin iştirakı ilə müzakirələr aparılıb. Bununla yanaşı, Agentliyin “Facebook” səhifəsi üzərindən 27 canlı yayım reallaşdırılıb. Radio dalğalarında isə dinləyicilərə icbari tibbi sığorta sisteminin iş prinsipləri və istifadə qaydaları haqqında gündəlik məlumatlar təqdim olunub. Bütün bu tədbirlər sayəsində geniş ictimaiyyət icbari tibbi sığorta mexanizminin imkanları barədə daha ətraflı məlumatlandırılıb.
Qeyd edək ki, respublika üzrə 30 “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzləri, 17 Dövlət Sosial Müdafiə Fondunun filialları, 7 DOST Mərkəzi, Bakı Regional Məşğulluq Filialı, Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi və 80 tibb müəssisəsi ilə əməkdaşlıq çərçivəsində ümumi olaraq 829 monitorda icbari tibbi sığorta sistemi ilə bağlı məlumatlandırıcı videoçarxlar nümayiş olunub. Habelə Bakı şəhərindəki açıq məkanlarda və 18 metro stansiyasında 71 reklam və məlumatlandırma lövhəsinin nümayişi davam etdirilib. İcbari tibbi sığorta sistemi və sağlam həyat tərzinə dair 26 növ maarifləndirici çap materialı hazırlanıb.
İcbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərə dair ölkə üzrə əhalinin məmnunluq və məlumatlılıq səviyyəsinin qiymətləndirilməsi məqsədilə sosioloji sorğular keçirilib. Keçirilmiş sosioloji sorğular əhalinin 95%-nin məlumatlı, 59%-nin isə tibbi xidmətlərdən məmnun olduğunu göstərir.
İctimaiyyətin məlumatlandırılması, media və QHT nümayəndələri ilə işin təkmilləşdirilməsi məqsədilə mətbuat konfransı, media-turlar və “Açıq qapı” günü həyata keçirilib.
Əhalinin icbari tibbi sığorta ilə bağlı maarifləndirilməsində Agentlik ilə əməkdaşlıq edən bütün tərəfdaşlarımıza dərin təşəkkürümüzü bildirir və yeni əməkdaşlıq imkanları ətrafında səmərəli layihələrin davam etdiriləcəyinə inanırıq.
İcbari tibbi sığorta ilə bağlı məlumat əldə etmək və yeniliklərdən xəbərdar olmaq üçün qurumun internet saytını və sosial media hesablarını izləyə bilərsiniz.
![](/file/articles/2025/02/07/1738913928_post.png)
Zemfira Ms
Finss.az