MÜSAHİBƏ

17 Sentyabr

BP TAP-da 20%-lik payını "Apollo Global Management"ə satmağa razılaşıb

BP törəmə şirkəti "BP Pipelines" Trans-Adriatik Boru Kəmərindəki (TAP) 20%-lik qeyri-nəzarət payını qlobal aktiv fondu olan "Apollo Global Management"ə 1 milyard ABŞ dolları məbləğində satmağa razılaşıb.

Fins.az xəbər verir ki, bu məlumatı ABŞ-da fəaliyyət göstərən "Apollo Global Management" yayıb.

Sövdələşmədən əldə edilən gəlir, BP-nin 2-3 milyard ABŞ dolları aralığında hədəflənmiş digər gəlir axınlarına töhfə verəcək. Sövdələşmənin 2024-cü ilin dördüncü rübündə, tənzimləyici təsdiqlərdən sonra başa çatması gözlənilir. “Apollo”nun tərəfdaşı Lesli Mapondera, bu tərəfdaşlığın investorlar üçün uzunmüddətli sabit gəlir mənbəyi təmin etdiyini və BP-nin strateji məqsədlərinə çatmasına kömək edəcəyini bildirib.

BP-nin qaz və aşağı karbonlu enerji üzrə icraçı vitse-prezidenti Uilyam Lin isə bu razılaşmanın BP-nin Azərbaycan qaz biznesindəki rolunu zəiflətməyəcəyini vurğulayıb. O, həmçinin “Apollo” ilə gələcək innovativ tərəfdaşlıqlar üçün imkanları araşdırmağı səbirsizliklə gözlədiklərini bildirib.

TAP boru kəməri Azərbaycan qazının Avropaya çatdırılmasında əsas rol oynayır. Kəmərin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb və həmin ilin dekabrında İtaliya, Yunanıstan və Bolqarıstana qaz nəqlinə başlanılıb. TAP-ın illik tutumu hazırda 10 milyard kubmetrdir və bu göstərici 2026-cı ildən 1,2 milyard kubmetr artırılacaq.

TAP, Azərbaycanın Avropa ilə qaz əlaqələrini gücləndirən Cənub Qaz Dəhlizinin son hissəsidir və tutumu 20 milyard kubmetrədək genişləndiriləcək. Aİ, 2027-ci ilə qədər Azərbaycandan illik 20 milyard kubmetr qaz idxal etməyi planlaşdırır.

BP, SOCAR, "Snam", "Fluxys" və "Enagás" hər biri TAP-ın səhmdarlarının 20%-nə sahibdir.