MÜSAHİBƏ

09 Aprel

MİDA-nın 8 illik fəaliyyəti və gələcək planları - HESABAT

9 aprel 2024-cü il tarixində Mənzil İnşaatı Dövlət Agentliyinin rəhbərliyi və kollektivi tərəfindən əlamətdar gün münasibəti ilə Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edildi. Bununla yanaşı, qurumun kollektivi Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş həmvətənlərimizin məzarlarını ziyarət etdilər.

Bu barədə Fins.az-a Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyindən məlumat verilib.

Həmin gün, Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2016-cı il tarixli 858 nömrəli Fərmanı ilə ölkə vətəndaşlarının mənzil-məişət şəraitini yaxşılaşdırmaq, güzəştlə mənzil əldə etmələrinə (uyğun qiymətə mənzil təminatına) şərait yaratmaq, müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli yaşayış binalarının tikilməsini təmin etmək məqsədilə yaradılan Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyətə başlamasının 8-ci ildönümü ilə əlaqədar qurumun inzibati binasında tədbir keçirildi.

8 illik fəaliyyətin nəticələrinə və qarşıda duran vəzifələrə həsr olunan iclası giriş sözü ilə Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov açdı. O, qurumun yaradılmasının 8-ci ildönümü, həmçinin 10 aprel — İnşaatçılar Günü və Ramazan bayramı münasibətilə həmkarlarını təbrik edərək ötən dövr ərzində görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verdi.

Cənab Sadıqov bildirdi ki, Azərbaycan Respublikası vətəndaşlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi daim ölkə başçısının diqqət mərkəzindədir. Ölkədə aztəminatlı ailələrin güzəştli şərtlərlə mənzillərlə təmin edilməsi məsələsinə cənab Prezident tərəfindən ayrılan xüsusi diqqətin daha bir göstəricisi 2016-cı il 11 aprel tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması oldu.

Agentlik fəaliyyətə başladığı ilk gündən öz işini Azərbaycan Respublikası Prezidentinin dəyərli tövsiyə və göstərişlərinə əsaslanaraq təşkil etmişdir. Sadiq Sadıqov qeyd etdi ki, ölkə başçısının insanların yaşayış sahələrinə olan ehtiyacının ödənilməsi və rahat yaşayışının təmin olunması məsələsinin həllinin prioritet kimi müəyyən edilməsi, həmçinin Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyətinə göstərdiyi dəstək qarşıya qoyulan vəzifələrin uğurla reallaşdırılmasına öz töhfəsini verir.

Əhalinin güzəştli şərtlərlə mənzillərə sahib olmasını təşkil etmək məqsədi ilə 8 illik fəaliyyəti dövründə Agentlik Bakıda və regionlarda ümumilikdə 11 güzəştli mənzil layihəsinin icrasını həyata keçirib. Həmin layihələrdən 6-nın inşası tamamlanmış, 5 layihə isə hazırda reallaşdırılır. İcrası tamamlanmış layihələr — Yasamal Yaşayış Kompleksi, Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi, Hövsan Yaşayış Kompleksi, Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi, Sumqayıt şəhəri, Zəminə Həsənova küçəsində inşa edilmiş güzəştli mənzillər və Gəncə Yaşayış Kompleksidir.

Həmin layihələrdə 11 000-dən çox mənzil, 5 məktəb, 8 uşaq bağçası və 1 müasir tipli poliklinika tikilmişdir.

Bu layihələrdə tikilmiş mənzillər (11 087 mənzil ) həm “Elektron hökumət” portalı üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə satışa çıxarılmış, həmçinin dövlət sifarişi əsasında ayrılmışdır. Beləliklə, 8 il ərzində Agentliyin layihələrindən ümumilikdə 9444 ailə güzəştli mənzil əldə etmişdir.

Vətəndaşlara güzəştli şərtlərlə təklif edilən bütün mənzillər tam təmirli olur, həmçinin mətbəx mebeli, kombi isitmə sistemi, su, qaz və elektrik sayğacları ilə təmin edilir. Mənzillərin satışı həm güzəştli ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə həyata keçirilir. Mənzillərin satışı prosesində güzəştli ipoteka kreditlərinin verilməsi “MİDA” MMC ilə əməkdaşlıq müqaviləsini bağlamış agent banklar vasitəsilə həyata keçirilir. Hazırda güzəştli ipoteka kreditlərinin verilməsi məqsədilə 12 agent bank ilə əməkdaşlıq edilir.

Çoxmənzilli binaların layihələndirilməsi və tikintisi Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarına (AzDTN)  və qanunvericiliyinin tələblərinə uyğun, həmçinin bu sahədə aparıcı beynəlxalq təcrübə nəzərə alınmaqla reallaşdırılır.

Yaşayış komplekslərinin ərazisində çoxmənzilli binalarla yanaşı, insanların rahat yaşayışı üçün zəruri olan hər cür şəraitin yaradılması məqsədilə geniş həyətlərin, yaşıllıq zonalarının, uşaq meydançalarının, sosial infrastruktur (məktəb, uşaq bağçası və s.) obyektlərinin layihələndirilməsi və tikintisi həyata keçirilir. Eyni zamanda müasir şəhərsalma prinsiplərinə uyğun olaraq nəqliyyat infrastrukturu yaradılır, ictimai nəqliyyat sisteminə inteqrasiyası təşkil edilir, piyadaların və nəqliyyat vasitələrinin rahat, maneəsiz və təhlükəsiz hərəkəti təmin olunur. Sakinlərin avtomobillərinin saxlanması üçün parklanma yerləri də ayrılır. Fiziki imkanları məhdud insanların rahat hərəkətini təmin etmək üçün zəruri infrastruktur yaradılmasına və sakinlərin sağlam həyat tərzini təmin etmək üçün velosiped yollarının salınmasına xüsusi diqqət yetirilir.

Hazırda icrası davam etdirilən layihələr isə — Lənkəran Yaşayış Kompleksi, Sumqayıt Yaşayış Kompleksi, Binəqədi Yaşayış Kompleksi, Şirvan Yaşayış Kompleksi və Yevlax Yaşayış Kompleksidir.

Bu layihələrdə ümumilikdə 3692 mənzilin, 2 məktəb və 3 uşaq bağçasının tikilməsi nəzərdə tutulmuşdur.

Qeyd edək ki, Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən ölkənin digər regionlarında da güzəştli mənzillərin tikintisi məqsədilə müvafiq torpaq sahələrinin müəyyənləşdirilməsi və əhalinin mənzil ehtiyacının öyrənilməsi istiqamətində araşdırma işləri mütəmadi olaraq aparılır və nəticələrinə uyğun olaraq torpaq sahələri seçilərək tikinti işləri həyata keçirilir.

Sadiq Sadiqov qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə bu gün işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri sürətlə həyata keçirilir. Qarabağ tamamilə yenidən qurulur, ən müasir infrastruktur yaradılır, yeni yollar, hava limanları, elektrik stansiyaları tikilir, ağıllı kəndlər, qəsəbələr salınır. Sözsüz ki, Qarabağda aparılan tikinti-quruculuq işləri Azərbaycan dövlətinin  gücünün və potensialının göstəricisidir. 

Qarabağa “Böyük Qayıdış” çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarında daimi məskunlaşması üçün ölkə başçısının tapşırıqlarına uyğun olaraq işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən yaşayış kompleksləri inşa olunur.

Ümumi sahəsi 8,9 hektar təşkil edən Füzuli Yaşayış Kompleksi 38 yaşayış binasından ibarətdir. Bu binalarda ümumilikdə 846 mənzil var. Artıq Füzuli Yaşayış Kompleksində 666 ailə, 2517 nəfərin daimi məskunlaşması təmin edilib.

Cəbrayıl şəhərində tikilən Cəbrayıl Yaşayış Kompleksinin inşası da sürətlə davam etdirilir. Ümumi sahəsi 7,87 hektar təşkil edir. Yaşayış kompleksi 33 yaşayış binasından ibarətdir. Bu binalarda ümumilikdə 712 mənzil olacaq. Yaşayış kompleksinin inşasının bu ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulub.

Bütün mənzillər tam təmirli, mətbəx mebeli və qaz plitəsi, su, qaz və elektrik sayğacları ilə təchiz olunmuş vəziyyətdə vətəndaşlara təhvil verilir. Yaşayış binaları ilə yanaşı ərazidə sosial-məişət obyektləri, istirahət guşələri, yeraltı və yerüstü avtodayanacaqlar, uşaq oyun və idman meydançaları da istifadəyə verilir.

Paralel olaraq hazırda Agentlik tərəfindən Xocalıda 3.34 hektar ərazidə 180 mənzildən ibarət 3 mərtəbəli 15 ədəd yaşayış binasının əsaslı təmiri və yenidən qurulması, həmçinin ərazinin abadlaşdırılması işi həyata keçirilir.

Bununla yanaşı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra Azərbaycan  hökuməti zəlzələnin baş verdiyi Kahramanmaraş vilayətində zərər çəkmiş yaşayış məntəqələri üçün yeni məhəllə tikintisinə dəstək verib. Türkiyə Hökumətinin dəstəyi ilə layihə ərazisi “Azərbaycan Məhəlləsi” adlandırılıb. Bu layihədə sakinlərin rahatlığının təmin edilməsi məqsədilə yaşayış binalarından əlavə ibtidai məktəbin, uşaq bağçasının və mədəniyyət mərkəzinin tikintisi nəzərdə tutulmuşdur. Hazırda 20 sinif otağından ibarət 1 ibtidai məktəbin, 3 sinif otağından ibarət 1uşaq bağçasının və 16 yaşayış binasının tikinti işləri davam etdirilir. Digər tikinti obyektlərin inşasına qısa zaman ərzində başlanılacaqdır.

Agentliyin fəaliyyəti ilə bağlı önəmli hadisələrdən biri də mənzilləri güzəştlə əldə etmək hüququna malik vətəndaşların müraciətlərinin real vaxt rejimində qeydiyyatının aparılmasını və mənzillərin güzəştli şərtlərlə satışını təmin edəcək şəffaf elektron sistemin yaradılması olub. Bu məqsədlə “Elektron hökumət” portalında “Güzəştli mənzil” sistemi yaradılıb və 2017-ci il mayın 30-dan müraciətlərin qeydiyyatına başlanılıb. Ötən müddət ərzində 36 000-dən çox vətəndaşın mənzil əldə etmək hüququ təsdiqlənərək, həmin şəxslər üçün fərdi elektron kabinetlərin yaradılması təmin olunub. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdirlər. Eyni zamanda, 1, 3, 5 saylı Bakı, 1 saylı Sumqayıt və 1 saylı Gəncə regional “ASAN” xidmət mərkəzləri vasitəsilə vətəndaşların məlumatlandırılması davam etdiriliməkdədir.

Faəliyyətimizə dair mühüm məsələlərdən biri də odur ki, Agentlik tərəfindən inşa olunmuş çoxmənzilli yaşayış binalarının idarə edilməsi prosesinin operativ şəkildə həyata keçirilməsi, həmçinin vətəndaşların rahatlığının və vaxta qənaət baxımından məmnuniyyətinin təmin olunması məqsədilə Agentliyin tabeliyində “MİDA” MMC üçün daşınmaz əmlakın idarəetmə sistemi (o cümlədən “billinq” sistemi) yaradılmış və həmin sistemin Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən yaradılmış Hökumət Ödəniş Portalına (HÖP) inteqrasiyası başa çatdırılmışdır. 2023-cü ilin aprel ayından istifadəyə verilmiş sistem vasitəsilə 8 mindən çox sakin üçün poçt məntəqələri, ödəniş terminalları, bank filialları, bankların mobil tətbiqləri, MİDA Kommunal veb-səhifəsi kimi ödəniş kanalları vasitəsilə rahat ödəniş imkanı yaradılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi” ilə müəyyən edilən tədbirlər planına uyğun olaraq MİDA fəaliyyəti dövründə dövlət-özəl tərəfdaşlığı layihələrini də həyata keçirmişdir. Ümumilikdə 8 il ərzində dövlət-özəl tərəfdaşlığı çərçivəsində MİDA-nın reallaşdırdığı layihələrə çoxmənzilli yaşayış binalarının tikintisi, telefon, televiziya və internet xətlərinin çəkilməsi və sakinlərə müvafiq xidmətlərin göstərilməsi üzrə 83 milyon manatdan çox özəl investisiya cəlb edilmişdir.

Fəaliyyəti dövründə Agentlik tərəfindən müxtəlif sosial və ekoloji aksiyalar da təşkil edilmişdir. Bu tədbirlər çərçivəsində dövlətin sosial siyasətinə dəstək məqsədilə xeyriyyə fondlarına ianələr edilmiş, şəhid ailələri, müharibə veteranları, aztəminatlı ailələrə yardımlar paylanılmışdır. Bununla yanaşı müxtəlif vaxtlarda keçirilən ağacəkmə aksiyaları zamanı Agentliyin və onun tabeliyində olan “MİDA” MMC-nin əməkdaşları tərəfindən           8 000-dən çox ağac əkilmişdir.

Tədbirdə hesabat məruzələri ilə çıxış edən Agentliyin digər vəzifəli şəxsləri də 8 il ərzində müvafiq sahələrdə görülmüş işlər, qarşıda duran vəzifələr barədə ətraflı məlumat verdilər.

Sonda, əmək fəaliyyətində fərqlənən bir qrup əməkdaş “Fəxri Fərman” la təltif olundu.

Fuad Mədətov
Fins.az