Müasir Azərbaycan təkcə regionun deyil, eləcə də dünyanın bir sıra güclü dövlətləri ilə hərtərəfli əlaqələri olan müstəqil ölkədir. Məlum olduğu kimi, son illərdə dövlətlərimizin xarici siyasətinin ön sırasında xarici ölkələrlə olan qarşılıqlı əlaqələri möhkəmləndirmək dayanır. Əlbəttə, bu, davamlı surətdə qloballaşan, yeniləşən dünyamızda inkişaf etmək istəyən hər bir ölkənin öhdəsinə düşən əsas məsələlərdən biridir. İndiki dövrdə inkişaf etmək, yeniliklərdən bixəbər, dünya ticarət dövriyyəsindən kənarda qalmamaq üçün xarici dövlət və beynəlxalq təşkilatlarla daim sıx əlaqədə olmalı, bu əlaqələrin möhkəmlənməsi üçün hər zaman səy göstərmək lazımdır. Sevindirici haldır ki, ölkəmizdə inkişafın təməl prinsipləri dövlət səviyyəsində düzgün dəyərləndirilir.
Azərbaycan bir çox nüfuzlu beynəlxalq təşkilatların üzvüdür. Burada vurğulanmalı ən önəmli məsələlərdən biri də ondan ibarətdir ki, ölkələr hər hansısa bir təşkilata üzv olduqda avtomatik şəkildə qurumun digər üzvləri ilə də tərəfdaş olurlar. Həmin dövlətlər nəinki iqtisadi məsələlərdə, həm də siyasi problemlərin həllində də tərəfdaşlarının maraqlarını qorumağa diqqət edir, qlobal arenada eyni amala xidmət edirlər.
Respublikamızın sıx bağlarla əməkdaşlıq etdiyi ölkələrdən biri də İtaliyadır. İtaliya–Azərbaycan münasibətlərinin ümumi mahiyyətini anlamaq üçün Prezident İlham Əliyevin MDB dövlət başçılarının iclasında səsləndirdiyi bu fikirləri xatırlamaq yerinə düşərdi:
“Mən öz bəyanatlarımın birində demişəm ki, dost ölkələri Azərbaycana cəlb edirik və cəlb edəcəyik. Birinci kontrakt Türkiyə şirkəti ilə bağlanıb, ikinci kontraktı İtaliyadan olan bir şirkətlə bağlamaq planlaşdırılır”.
Bu da onu deməyə əsas verir ki, Azərbaycanın beynəlxalq arenada fəal tərəfdaşlarından biri məhz İtaliyadır. Ölkələrimiz arasında münasibətlər Azərbaycanın müstəqillik qazanmasından sonra rəsmi və diplomatik səviyyəyə qədəm qoysa da əlaqələrin yaranmasının tarixi əsrlər əvvələ uzanır. Belə ki, XIII əsrdə yaşamış venesiyalı səyyah Marko Polo öz əsərlərində ölkəmizdən bəhs etmiş, italyan tacirlərin tez-tez Azərbaycana gəldiyindən xəbər vermişdir. İki ölkə arasında mövcud olan münasibətlərin təməlində dostluq və əməkdaşlıq dayanır. Etnoqraflar Azərbaycan və italyan xalqlarının bənzər ailə quruluşlarına, adət ənənlərinə malik olduqlarını vurğulayırlar. İtalyanlar, həm də, Avropanın bir çox ölkəsinin əksinə istiqanlı və qonaqpərvər millətdir. Bu da xalqlarımız arasında münasibətləri gücləndirən əsas səbəblərdən biridir.
Qeyd etdiyimiz kimi, Azərbaycan–İtaliya arasında rəsmi münasibətlər ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizin müstəqillik qazanmasından sonra başlamışdır. Ötən otuz il ərzində əlaqələr daha möhkəmlənmiş, ikitrəfli bağlar güclənmişdir.
Bu ölkə Avropa, Afrika və Asiyanın ortasına qitələr arasında körpü funksiyasını yerinə yetirir. Bildiyimiz kimi, Azərbaycan da tarixi İpək Yolunun üzərində yerləşir. Bu bənzərlik həm iki ölkə arasındakı münasibətləri gücləndirir, həm də strateji tərəfdaşlığı möhkəmləndirir. Belə ki, İtaliya Avropa və Asiya arasında əlaqələrin gücləndirilməsi üçün mühüm önəmə malikdir.
Prezidentimizin də tez-tez vurğuladığı kimi, ölkəmizin ən böyük ticarət tərəfdaşlarından biri İtaliyadır. Son illərdə Azərbaycan–İtaliya arasında mövcud ticarət dövriyyəsi 70 faizə qədər yüksəlib. İtaliyanın təkcə son 10 il ərzində ölkəmizdən olan idxalı 55,5 milyard avro təşkil edib. Mövcud ticarət dövriyyəsinin böyük əksəriyyəti neft-qaz sahəsinin payına düşsə də, son illərdə digər sahələr üzrə də əməkdaşlıq gücləndirilir. Qeyd edək ki, İtaliya şirkətləri ölkəmizdə keçirilən tenderlərin də fəal iştirakçılarıdır. İtaliya şirkətlərinin ölkəmizdə qazandığı tenderlərin ümumi dəyəri 7 milyard avro olmuşdur.
Ölkələrimiz arasında mövcud olan münasibətlərin inkişafı hər iki tərəf üçün mühüm əhəmiyyət kəsb edir. İstər iqtisadiyyat sahəsində, istərsə də iş adamları ilə münasibətlərin möhkəmləndirilməsi istiqamətində göstərilən səylər qarşılıqlı xarakter alıb. Qeyd edək ki, ölkəmizdə fəaliyyət göstərən 100-dən çox İtalya şirkəti Azərbaycanda biznes mühitinin inkişafına, həmçinin kiçik və orta biznes sahələrində hüquqi sistemin qorunub saxlanılmasına mühüm töhfələr verir.
Respublikamızın ərazisində fəaliyyət göstərən italyan şirkətləri əsasən turizm, dizayn, aqrar sənaye, yaşıl texnologiya, nəqliyyat və logistika sahələrində ixtisaslaşmış, təcrübəli şirkətlərdir. Dünya təcrübsinə sahib belə şirkətlərin Azərbaycan şirkətləri ilə əməkdaşlıq etməsi, həm də yerli şirkətlərin yüksək standarlara çatdırılması baxımından önəmli rol oynayır. Azərbaycanda 100-dən çox İtaliya şirkətinin fəaliyyət göstərməsi həm də bu ölkənin şirkətlərinə verilən dəstəyin nümunəsidir.
Son illərdə İtaliya ilə sənaye sahəsində mövcud olan münasibətləri gücləndirmək üçün yeni imkanlar yaranıb. İtaliya bütün bu sahələr üzrə böyük təcrübəyə malikdir. Belə ki, infrastruktur və nəqliyyat sahələrində İtaliya dünyanın lider ölkələrindən biri hesab edilir. Bu, italyanlarla əməkdaşlıq edən Azərbaycan şirkətlərinin inkişafı, dünyaya inteqrasiyası baxımından olduqca əhəmiyyətlidir.
Qeyd edildiyi kimi, ölkəmizin yenidən bərpa edilən tarixi İpək Yolunun üzərində yerləşməsi, Azərbaycanın da regionun əsas nəqliyyat mərkəzlərindən birinə çevrilməsi deməkdir. Bu da öz növbəsində təkcə İtaliya şirkətlərinin deyil, eləcə də dünyanın digər güclü dövlətlərinin Azərbaycanla əməkdaşlıq etmək maraqlarının artmasına səbəb olur.
Prezidentimiz İtaliya ilə olan münasibətlərimizin inkişafından bəhs edərkən aqrar sənaye sahəsindən xüsusi bəhs edir. Vurğulayır ki, İtaliya şirkətləri ilə münasibətlərin inkişafı aqrar sənaye sahəsinin gücləndirilməsi üçün çox önəmli məssələdir. Belə şirkətlər əsasən kənd təsərrüfatı avadanlıqlarının təkmilləşdirilməsi üzrə ixtisaslaşıb. Bu sahələrin inkişafı ekologiyanın qorunmasına xidmət edir. Ekologiyanın qorunması baxımından ən mühüm məsələlərdən biri də, bu avadanlıqların köməyi ilə istixana qazından istifadənin 50 faiz azaldılması faktıdır. Bundan əlavə, İtaliya şirkətlərinin bərpaolunan energetika və ekodayanıqlı texnologiya sahəsində dünya səviyyəsində təcrübəsi var.
Xatırladaq ki, 2020-ci ilin fevralında Romada Azərbaycan–İtaliya biznes forumu keçirilib. Prezident İlham Əliyev forumdakı çıxışı zamanı qeyd edib ki, ölkələrimiz bir çox sahə üzrə əməkdaşlıq edir və bu əməkdaşlıq intensiv şəkildə inkişaf edir: “Mən çox şadam ki, İtaliyaya dövlət səfərim çərçivəsində İtaliya-Azərbaycan biznes forumu keçirilir. Əminəm ki, forum çox məhsuldar olacaq və forumun işi nəticəsində iki ölkə arasındakı iqtisadi və ticari əlaqələr yeni pilləyə qalxacaqdır. Mən buna əminəm. Bunu deməyə əsas verən bir çox amillər var. Bildiyiniz kimi, bu gün mənim İtaliyaya dövlət səfərimin sonuncu günüdür. Prezident Mattarellanın dəvəti ilə mən gözəl ölkənizdə dövlət səfərindəyəm və bu, münasibətlərimizin çox yüksək səviyyədə olmasının təzahürüdür. 2018-ci ildə Prezident Mattarella Azərbaycanda rəsmi səfərdə idi və deyə bilərəm ki, o səfərdən sonra iki dövlət arasındakı əlaqələrə çox güclü təkan verilmişdir. Dünən və bu gün 25-dən çox sənədin imzalanması bunun əyani sübutudur. Çünki yalnız bir-birinə çox yaxın olan ölkələr arasında bu qədər sənədlərin imzalanması mümkündür”.
Yeri gəlmişkən, martın 8-də İtaliya Respublikasının Nazirlər Şurasının Sədri Mario Draqi Prezident İlham Əliyevə zəng edib.
Telefon söhbəti zamanı cari ildə Azərbaycanla İtaliya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunduğundan söz açılıb.
Telefon danışığı zamanı ölkələrimiz arasında iqtisadi, ticarət və enerji sahələrində mövcud olan əməkdaşlığın önəmindən bəhs edilib, Cənub Qaz Dəhlizi və onun əsas tərkib hissəsi olan Trans-Adriatik təbii qaz boru kəmərinin əhəmiyyəti vurğulanıb. Burada qeyd olunmalı ən önəmli məsələlərdən biri də odur ki, Azərbaycan İtaliyanın neft təchizatında 1-ci, qaz təchizatında isə 3-cü yeri tutur.
Xatırladaq ki, Prezident İlham Əliyev ötən ilin oktyabr ayında İtaliyanın “La Repubblica” qəzetinə verdiyi müsahibədə də iki ölkə arasındaki münasibətlərin inkişaf dinamikasından bəhs etmişdi. İtaliyanın ölkəmizin siyasi və iqtisadi cəhətdən önəmli tərəfdaşı olduğunu vurğulayan Prezident İlham Əliyev bildirmişdi ki, Qarabağın bərpasına cəlb edilən ilk ölkələrdən biri də İtaliyadır. Dövlət başçısı bunun heç də təsadüfi olmadığını, planlı şəkildə həyata keçirildiyini vurğulamış, Qarabağın bəspası prosesində yalnız dost və müttəfiq ölkələrə etimad göstərildiyini qeyd etmişdi. Bütün bunlar onu göstərir ki, İtaliya–Azərbaycan münasibətləri bundan sonra da yüksələn qrafiklə inkişaf edəcək və yeni əməkdaşlıq imkanları yaranacaq.
© xalq qəzeti