Bu gün qonağımız Tələt Kalayev oldu. O, 12 ildən çoxdur ki, Azərbaycanın qiymətli kağızlar bazarında müxtəlif vəzifələrdə çalışır. Son 2 il o, Unicapital İnvestisiya Şirkətində baş direktorun müavini vəzifəsində çalışır və daxili və xarici bazarlarda əməliyyatlara cavabdehdir. Bundan əlavə, o, Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyasının İdarə Heyətində vəzifə tutur.
Salam, Tələt bəy! Bu sahəyə necə gəldiyinizi bizimlə bölüşərdiz.
Xoş gününüz olsun! Bu peşəni seçməyimə əhəmiyyətli dərəcədə təsir edən 2 amil, ali təhsil müəssisəsində mənə təhsil verən müəllimlərim və “Xoşbəxtlik uğrunda mübarizə” (2006) filmi oldu.
Müəllimlərim şüuraltı səviyyədə mənə qiymətli kağızlar bazarında və fond birjasında əməliyyatlara sevgini aşıladılar. O vaxtdan qiymətli kağızlarla bağlı hər məlumatı diqqətlə öyrənməyə başladım. Ayrıca olaraq mənim təhsilimdə böyük rolu olan və Neft Akademiyasında (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) BBA və MBA proqramlarını təsis edən şəxs, professor Rafiq Əliyevə öz dərin təşəkkürümü bildirirəm və 80 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Qərarımın katalizatoru ən çox sevdiyim “Xoşbəxtlik uğrunda mübarizə” (real hadisələr əsasında) filmi, daha doğrusu qırmızı Ferrari ilə bağlı filmdən bir səhnə oldu. Səhnələrin birində Uill Smitin personajı tibbi avadanlığını satmaq üçün növbəti uğursuz cəhddən sonra Wall Street-də gedərkən qəfildən qırmızı Ferrari onun qarşısında dayanır və bahalı kostyumlu bir yad adam maşından enərək binaya tərəf yönəlir. Bu zaman Kris onu saxlayıb soruşur: “Peşəniz nədir və bu işi necə əldə etmək olar?” Yad adam cavab verir ki, fond birjasında broker işləyir və bu işi əldə etmək üçün o, yaxşı saymağı və insanları tanımağı bacarmalıdır. O vaxtdan bəri qırmızı Ferrari-yə sahib olmaq istəyim var idi və mən də birja brokeri olmağa qərar verdim. İllər keçdikcə dəyərlər dəyişdi, qiymətli kağızlar bazarını inkişaf etdirmək istəyi var idi, lakin həvəs və motivasiya bu günə qədər qaldı.
Ötən 2021-ci ilin nəticələrini şirkətiniz üçün necə qiymətləndirərdiniz?
Bakı Fond Birjasında ümumi ticarət həcminə görə, bir il əvvəl olduğu kimi, 2021-ci ili də şirkətimiz tarixində rekord dövriyyə ilə 4,66 milyard manatla 2-ci yerdə tamamlamışıq, 2020-ci ildə bu rəqəm cəmi 2,03 milyard manat təşkil etmişdir.
Müqayisə üçün qeyd etmək istərdim ki, 2020-ci ildə Bakı Fond Birjasında əməliyyatların ümumi həcmi 17,69 milyard manat, 2021-ci ildə isə 25,91 milyard manat təşkil edib, bazarın ümumi artımı 46%, Unicapital əməliyyatlarının həcmində artım isə 129% təşkil edib, bu bazardan təxminən 3 dəfə yüksək bir göstəricidir. Dövriyyədə rekord artımla yanaşı, şirkətimizin bazar payı da 12%-dən 18%-ə yüksəlmişdir.
Rəqəmlər əhəmiyyətli dərəcədə artıb, şirkətinizin uğurunun sirri nədir?
Sizə sirri açmazdan əvvəl şirkət daxilindəki fəlsəfədən bəhs etmək istərdim. Fəlsəfə çox sadədir və iki postulatdan ibarətdir:
İlk postulatı Apple şirkətinin təsisçisi Stiv Cobsun sözləri ilə ifadə etmək istərdim: Biz ağıllı insanları işə götürüb sonra onlara nə etməli olduğunu söyləmək üçün deyil; Ağıllı insanları işə ondan ötrü götürürük ki, onlar bizə nəyi və necə etməli olduğumuzu bildirsinlər.
İkinci postulat ondan ibarətdir ki, biz hamımız komanda oyunçularıyıq və ayrı-ayrı komanda üzvlərinin hər hansı uğursuzluğu bütün komandanın uğursuzluğudur və hər hansı bir uğur ümumi komandanın uğuru kimi dəyərləndirilir. Nə qədər bayağı səslənsə də, bir nəfər hamı üçün, hamı bir nəfər üçün.
Bu fəlsəfə top menecmentdən irəli gəlir və bütün şirkətdə yayımlanır. Biz də bu fəlsəfəyə sadiq qalaraq seçim prosesinə qeyri-standart yanaşırıq. Bizim üçün həlledici amil bilikdən çox, namizədlərin tənqidi düşüncəsi və erudisiyasıdır. Elə hallar olub ki, müəyyən bir vəzifə üçün nəzərdə tutduğumuz potensial namizədlə yekun müsahibədən sonra, namizəd, onun müsahibədən tamamən kəsiləcəyinə inanıb. Halbuki biz komanda üzvləri ilə bərabər onun işə qəbulu ilə bağlı artıq müsbət qərar vermişdik və daha çox onun hansı şöbədə özünü daha yaxşı doğruldacağına dair mübahisə edirdik.
Mən şirkətimizi və komandamızı ona görə sevirəm ki, səhvlərinizə və ya uğursuzluqlarınıza baxmayaraq, hər kəs sizi dəstəkləməyə hazırdır ki, ayağa qalxa biləsiniz. Axı səhvsiz inkişaf və ya tərəqqi mümkün deyil, əsas odur ki, hadisədən düzgün dərs götürərək, təcrübə qazanaq və irəliyə doğru irəliləyək.
İnsan kapitalı və səhvlər üzərində iş, bütün şirkətimizin uğurunun əsas açarıdır.
Cari il üçün planlarınız nədən ibarətdir?
Düzünü desəm (gülümsəyir), əgər ötən illərdə yerli bazarda dövlət qiymətli kağızlarla ticarət və REPO əməliyyatlarına diqqət yetirmişdiksə, bu il diqqətimizi korporativ sektora yönəltmişik.
Mən iş istiqamətimi götürsək, 2022-ci il üçün qarşımıza aşağıdakı məqsədləri qoymuşuq:
- Anderraytinq xidmətlərini inkişaf etdirmək. Getdikcə daha çox emitent şirkətlər qiymətli kağızlar bazarı tərəfindən maliyyələşdirilməlidir ki, potensial investorlar sərbəst vəsaitlərini yerləşdirmək üçün klassik bank depozitləri ilə yanaşı daha çox seçimə malik olsunlar. Cari il bizim üçün kifayət qədər uğurlu başladı, yanvarda biz Unibank (20 milyon manat) və Ferrum Capital (5 milyon manat) tərəfindən iki iri istiqraz emissiyasını tam yerləşdirə bildik. Biz bu layihələri həyata keçirərkən çətinliklərlə üzləşdik.
Bu sahəni daha da aktiv şəkildə inkişaf etdirmək üçün bizə likvidlik, investorlar və bu kimi müəyyən problemlərin həlli lazımdır. Banklar bizim bazarda fəal institusional investorlardır və onlar öz ekosistemlərində xəzinədarlıq və kredit şöbələri arasında maraqların toqquşması ilə üzləşirlər. Banklar tərəfindən verilmiş kreditlər ilə müqayisədə Azərbaycan Mərkəzi Bankı qarşısında korporativ istiqrazlara investisiyaların qiymətləndirilməsi və hesabatlılıq əhəmiyyətli dərəcədə fərqlənir. Buna görə də şirkətimiz Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyasının dəstəyi ilə Azərbaycan Banklar Assosiasiyası ilə görüş keçirmək təşəbbüsü ilə çıxış etmişdir. Qiymətli kağızlar bazarının bütün problemlərini müzakirə etmək və bu problemlərin həlli yollarını tapmaq üçün bank xəzinədarlıqlarının rəhbərləri və investisiya şirkətlərinin nümayəndələri arasında işçi qrup formatında görüşlər keçiriləcək.
- Korporativ istiqrazlar üzrə REPO əməliyyatlarını inkişaf etdirmək. 2021-ci il üzrə Bakı Fond Birjasında aparılan əməliyyatların statistikasına nəzər salsaq, REPO üzrə əməliyyatların ümumi həcmi 7,2 milyard manat təşkil edib ki, bunun da yalnız 3,63 milyon manat hissəsi korporativ qiymətli kağızlarla icra edilib, yəni bütün REPO əməliyyatların 99,95%-i dövlət qiymətli kağızlarla icra edilib.
Yeni məhsulumuzu bazara təqdim etdikdən cəmi bir həftə sonra 10 milyon manatdan çox korporativ REPO əməliyyatları həyata keçirdik ki, bu da Bakı Fond Birjasında bütün ötən il üçün korporativ REPO əməliyyatlarının illik dövriyyəsindən 3 dəfə çoxdur. Bu istiqamət təkrar və ilkin istiqraz bazarlarının inkişafına kömək edir. İstiqraz sahibləri qısamüddətli öhdəliklərini REPO əməliyyatları vasitəsilə vəsait cəlb etməklə, qısamüddətli likvidliyi olan investorlar isə onları maliyyələşdirməklə öz vəsaitlərini yerləşdirə biləcəklər.
Əsas məqsədlərimizdən biri korporativ REPO bazarının yaradılmasıdır və biz artıq bu istiqamətdə ilk mühüm addımlarımızı atmışıq. Bu sektorun inkişafı üçün REPO əməliyyatları üzrə zəmanət əmsalının müəyyən edilməsi siyasətinə yenidən baxılmalıdır. Tarixi dövr üçün apardığımız təhlili və bu əmsalın dəyişdirilməsi ilə bağlı təklifi müvafiq strukturlara yönləndirmişik. Ümid edirik və inanırıq ki, bu təkliflə bağlı müsbət qərar veriləcək.
- Market-meyker xidmətlərini inkişaf etdirmək. İlkin bazarda istiqraz almağı planlaşdıran hər bir investor təkrar bazarda likvidlik və real bazar dəyərini itirmədən zəruri hallarda tez bir zamanda satışın icrası ilə maraqlanır. Əslində, biz korporativ qiymətli kağızların təkrar bazarında likvidliyi artırmaq, buna görə də bir neçə istiqraz üzrə market-meyker olmaq qərarına gəldik. Bu xidmətləri göstərmək üçün digər istiqraz emitentləri ilə də danışıqlar aparırıq. Marketmeykerin funksiyası ondan ibarətdir ki, o, hər gün qiymətli kağızların alqı-satqısı üçün sifarişlər verir və bununla da istiqrazları geri almaq öhdəliyi götürür və beləliklə, qiymətli kağızların likvidliyini artırır. Market-meykerin qazancını spred, yəni alış və satış qiyməti arasındakı fərq təşkil edir. Mən fəxrlə demək istəyirəm ki, biz rəqiblər arasında ən aşağı spredlərə malikik, bu da mənfəət əldə etməkdən daha çox bazarı inkişaf etdirməyə yönəlmiş bir addımdır.
4. Risklərin hedcinqi üzrə alətlərin inkişaf edilməsi. İnvestorların valyutalarda və qiymətli metallarda risklərini hedcinq etmək üçün alətlərə böyük ehtiyac olduğunu gördük. Bu qədər tələbat olduğu üçün bazarı şaxələndirmək, rəqabətyönümlü etmək üçün bazara təklif vermək lazımdır. Komandamız bu istiqamətdə fəal işləyir və yaxın aylarda məhsulumuzu bazara təqdim edəcəyik.
Siz korporativ sektora, xüsusən də korporativ istiqrazlara çox diqqət yetirirsiniz. Sizcə, bu sektorun əsas problemi nədir?
Bir sıra problemləri sadalaya bilərəm, amma əsas odur ki, biz bank depozitləri ilə rəqabət apara bilmirik. Bankların əsas rəqabət üstünlüyü ondan ibarətdir ki, bank əmanətləri dövlət tərəfindən sığortalanır. İstər çoxlu sayda istiqraz emissiyası, istər market-meyker xidmətlərinin inkişafı, korporativ REPO və ya bazarı inkişaf etdirmək üçün bizim tərəfimizdən put opsionların verilməsi kimi istənilən cəhdlər, inkişafa ciddi təsir göstərmir. Biz bu istiqamətdə fundamental olaraq banklara uduzuruq, çünki vətəndaşlar bankların müflisləşdiyi halda dövlətdən əmanətləri geri almaq üstünlüyə malikdirlər.
İnanırıq ki, müvafiq dövlət strukturları bu məsələyə lazımi diqqət yetirəcək və korporativ istiqrazların buraxılışına dövlət tərəfindən təminat verilməsi üçün tədbirlər görəcək. Beləliklə, Azərbaycan qiymətli kağızlar bazarı aktiv inkişaf mərhələsinə qədəm qoyacaq.
Fiziki şəxslər üçün korporativ sektorda vergitutma ilə bağlı vəziyyət necədir?
Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.22-ci bəndinə uyğun olaraq investisiya qiymətli kağızları üzrə Emitentlər tərəfindən ödənilən dividendlər, diskontlar (istiqrazların nominal dəyərdən aşağı yerləşdirilməsindən yaranan fərqlər) və faiz gəlirləri; 2016-cı il fevralın 1-dən 2023-ci ilin fevralın 1-dək, 7 il müddətinə vergidən azad edilib.
Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası və buradakı rolunuz haqqında nə deyə bilərsiniz?
Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası hələ uzaq 2007-ci ildə yaradılıb. Müxtəlif broker şirkətlərinin (indiki investisiya şirkətlərinin), Bakı Fond Birjasının və Milli Depozit Mərkəzinin nümayəndələri toplaşaraq Azərbaycanın qiymətli kağızlar bazarını inkişaf etdirmək məqsədilə öz Assosiasiyasını yaratmaq qərarını qəbul etdikləri ilk görüşü xatırlayıram. O vaxt mən hələ ilk addımlarımı atırdım, Standard Capital broker şirkətinin (AB Standard holdinqinin bir hissəsi) baş treyderi kimi çalışırdım və ümid edirdim ki, bir neçə ildən sonra biz fond bazarımızı Wall Street-ə çevirə biləcəyik. İllər keçdikcə anladım ki, həqiqətən bir güllə bahar olmaz və fond bazarının inkişafı üçün Assosiasiyadan iradə və fəal istək nümayiş etdirmək tələb olunur.
Son il yarım ərzində inkişaf istiqamətində fəal addımlar atılıb, strateji plan yazılıb və qarşıya qoyulan məqsədlərə nail olmaq üçün mərhələ-mərhələ iştirakçılar kifayət qədər fəallıq nümayiş etdirirlər. Son altı ayda Assosiasiyanın tərkibində 2 işçi ekspert qrupu yaradılıb:
- Marketinq, PR və təlim - Mən bu işçi qrupun ekspertlərindən biriyəm
- Hüquqi məsələlər və ticarət infrastrukturu
Son aylar ərzində işçi qrupumuz bir sıra təkliflər/layihələr irəli sürmüşdür. Bu təkliflər Assosiasiyanın digər üzvləri tərəfindən də müsbət qiymətləndirilib və bu layihələrin həyata keçirilməsi üçün büdcə ayrılıb:
- İnvestorlar üçün stimullaşdırıcı lotereyanın keçirilməsi. Bu lotereyanın iştirakçısı olmaq üçün lotereyanın həmtəşkilatçısı olan istənilən investisiya şirkətinə müraciət etmək və bu şirkət vasitəsilə Bakı Fond Birjasında ticarətdə olan cəmi 1000 manat və ya dollar dəyərində istiqraz almaq lazımdır. Ümumi uduş fondu 12 000 manat olan 4 tirajın təşkili nəzərdə tutulub. Hər tirajda 3 qalib müəyyənləşəcək ki, onların hər biri 1000 manat qazanacaq.
Müsbət xəbərlərdən biri də odur ki, lotereyanın müvafiq dövlət qurumlarında qeydiyyatı ötən həftə başa çatıb, həmçinin lotereya üçün marketinq materiallarını hazırlayacaq şirkətlərin seçimi tamamlanmışdır. İnvestorlar lotereyanı 9 mart 2022-ci ildən etibarən ala biləcəklər və ilk tirajın 10 may 2022-ci il tarixində keçirilməsi planlaşdırılır. Tezliklə layihənin başlanması ilə bağlı müvafiq reliz olacaq.
- Bank xəzinədarları və investisiya şirkətləri nümayəndələri ilə işçi qrupunun təşkili. Sektorun ən aktual problemlərini müəyyən etmək və onların həlli yollarını tapmaq məqsədi ilə irəli sürülən təşəbbüsdür. Bu həftə ilk iclasımız kifayət qədər konstruktiv formada keçirilib və inkişaf planı iclas iştirakçıları tərəfindən qəbul edilib.
- İnvestisiya forumunun təşkili. İşçi qrupumuz bu forumun keçirilməsi ilə bağlı layihə üzərində işləyir və plan Assosiasiyanın üzvləri tərəfindən təsdiq edildikdən sonra biz bu il bütün ölkə səviyyəsində genişmiqyaslı investisiya forumunu təşkil edə biləcəyik.
- Banklarda risklərin idarə edilməsi üzrə ekspertlər arasında müsabiqənin təşkili. Bu təşəbbüs risk ekspertlərinin gözü və təcrübəsi ilə korporativ istiqrazlara investisiya həllərini müəyyən etmək məqsədi daşıyır.
Sonda oxucularımıza nə demək istərdiniz?
Mən tez-tez həmkarlarıma Martin Lüter Kinqin sözlərini təkrar edirəm: Mənim bir arzum var!
Xəyal edin, xanımlar və cənablar! Heç vaxt xəyalların gerçəkləşməyəcəyini düşünməyin. Zamanla sizing xəyallarınız hədəfinizə, dünyanı daha yaxşı bir yerə çevirmək istəyinizə çevrilir. Uzun müddət gözləməli olsanız belə, yel dəyirmanlarına qarşı mübarizə aparmalı olsanız belə. Daha yaxşısını xəyal edin və inanın!