Artıq Azərbacan hərbi, siyasi, iqtisadi və bu kimi vacib sahələr üzrə miqyasını qısa zamanda genişləndirməyi bacardı. Hətta dünyanın nəzəri və diqqəti, həmçinin biznes hədəfləri, planları da Azərbaycana yönəlib. Bundan peşəkarcasına faydalanmaq ölkə iqtisadiyyatı üçün daha bir təkana çevriləcək. Mövzunu "Zaferoğlu inşaat" şirkətinin qurucusu, biznesmen Zəfər Məmmədov şərh edib.
İdxaldan asılılığı necə aradan qaldırmalı?
Elektron cihazlar, avtomobil, geyim-tekstil və tikinti materialları... Bunlar xaricdən ən çox idxal etdiyimiz məhsullardır. Məni düşündürən isə niyə bu və digər sahələr üzrə yerli istehsal bu qədər zəifdir? Məsələn, tekstil məhsullarının istehsalı o qədər də çətin proses deyil. Hətta dövlətin də verdiyi dəstəklə elektron cihazların istehsalı və avtomobil sənayesi də inkişaf etdirilə bilər. Təbii ki, burada gənclərin startap layihələri də yaddan çıxarılmamalıdır. Bəs niyə biz bu sahələrdə idxaldan aslılığı aradan qaldıra bilmirik? Problemi kökü bizim sahibkar və ya biznesmen adlandırdığımız insanların yanaşmasındadır. Əvvəla ətrafımıza baxaq.Tanıdığımız biznesmen və sahibkarlar kimlərdir? Bəli çox güman eyni fikirdəyik. Onlar bir məhsulu alıb, üstünə müəyyən məbləğ qoyub satan şəxslərdir. Yəni sahibkarlar istehsal etmək əvəzinə hər hansısa məhsulun alqı-satqısı ilə məşğul olurlar. Amma ölkəmizin alan tərəf yox, satan tərəf olması üçün istehsalat sahələri yaradan sahibkarlıq mentalitetini inkişaf etdirmək lazımdır. Sahibkar – öz biliyindən, bacarığından və kapitalından istifadə edərək riskə gedən şəxslərdir. Buna görə bu cür şəxsləri yetişdirmək üçün, sahibkarlığın əsasları haqda bilgilər artıq məktəb proqramlarına, dərsliklərə salınmalıdır.
Sahibkarlıq sahələrində innovasiyaların tətbiqi
Daha bir önəmli məqam bütün sahələr üzrə innovasiyaların tətbiqidir. Bu istehsal olunan məhsulun daha keyfiyyətli və asan başa gəlməsinə, eləcə də, rəqabətqabiliyyətli olmasına imkan verir. Məsələn, ABŞ-ı digər ölkələrdən fərqləndirən başlıca cəhətlərdən biri, bu sahədə həvəsləndirici dövlət siyasətinin mövcud olmasıdır. Yaponiyadada sahibkarlığının əsas xüsusiyyətlərindən biri, iqtisadi fəaliyyətdə xarici kəşflər və ideyalardan geniş istifadə edilməsidir. Elə son illərdə sahibkarlığa dəstək Azərbaycanda da ölkənin iqtisadi siyasətinin mərkəzi istiqamətlərindən birinə çevrilib. Məhz bunun nəticəsində sahibkarlıq fəaliyyəti ilə bağlı qanunvericilik və təşkilati-iqtisadi şərait daim inkişaf etdirilir və təkmilləşdirilir. Dövlətin sahibkarlığa müxtəlif mexanizmlərlə səmərəli dəstəyi davam etdirilir və onun inkişafı dövlət proqramları əsasında həyata keçirilir. 2020 ci ildə Sahibkarlığın İnkişaf Fondu tərəfindən sahibkarlara 908 investisiya layihəsinin maliyyələşdirilməsi üçün 126.9 milyon manat, bu ilin ilk 4 ayında isə 217 sahibkara 18.6 milyon manat güzəştli kredit verilib. Bu kreditlərin hesabına ötən il 2700, bu ilin ilk 4 ayında isə 600-dək yeni işyerləri açılıb. Sevindirici haldır ki, bu proseslər pandemiya kimi ağır dönəmdə də davam etdirilib. Verilən kreditlərin təxminən 50%-i aqrar sektorun payına, qalan hissəsi isə sənaye məhsullarının istehsalı və emalına yönəldilib. Daha bir sevindirici məqam odur ki, verilən kreditlərin 70%-dən çoxu regionların payına düşür ki, bu da regionların inkişafı üçün çox vacibdir.
Rəsmi məlumatlara əsasən 2021-ci ilin ötən dövründə Azərbaycanda tikinti materiallarının istehsalında artım qeydə alınıb. Bu ilin birinci rübü ərzində tikinti materiallarının istehsalının ümumi dəyəri 134,6 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10%artım deməkdir.
Əldə olunan uğurlarla yanaşı nəticə istədiyimiz səviyyədə deyil. Daha yaxşı nəticələr üçün isə biz sahibkarlar da dövlətlə bərabər öz təkliflərimizi irəli sürməliyik. Qayıdaq daha çox idxal olunan məhsulların siyahısına. Misal üçün tekstil sahəsini necə inkişaf etdirə bilərik? Bunun üçün Türkiyənin geyim istehsal edən böyük şirkətlərindən birini ölkəmizdə fabrik açmağa dəvət etmək olar. Bu təklifi qəbul etmələri üçün müxtəlif vergi güzəştləri tətbiq edilə bilər. Beləliklə, istehsalatın bu sahəsinin idarə edilməsində mühüm rol oynayacaq mütəxəsssislərin yetiştirilməsinə zəmin yaranacaq. Yeni texnologiyalar və həmin texnologiya ilə işləməyi bacaran gənc mütəxəssislər formalaşacaq. Bu isə gələcəkdə tekstil sahəsində yeni müəssisələrin yaranmasına təkan verəcək. Biz Çinin timsalında bunun nəticələrini gördük. Çin əvvəlcə müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlərin ölkəyə gəlməsinə şərait yaratdı. İndi isə Çin texnologiya, avtomobil, tekstil sahəsində öz brendləri ilə dünyaya meydan oxuyur.
İqtisadiyyatda Qarabağ reallığı...
Nəzərə almaq lazımdır ki, indi bütün dünyanın diqqəti Azərbaycandadır. 30 ildən sonra Qarabağda qazanılan zəfər regionda yeni reallıqlar yaradıb. Müharibənin bitməsi yeni əməkdaşlıq imkanları açıb.20% torpaqlarımızın işğaldan azad edilməsi ən azı 20% iqtisadi artım deməkdir.
Dünyada tanınmış investorlar Qarabağın yenidən qurulmasında iştirak etməyə can atırlar. Dövlət başçısının xüsusi vurğuladığı ağıllı şəhər və ağıllı kənd konsepsiyalarının yaradılacağı Qarabağ zonasında, iqtisadiyyat da yeni innovasiyalarla qurulacaq. Bu isə sahibkar kimi bizi də sevindirir. Belə ki, Qarabağda tətbiq ediləcək müasir texnologiyalar sonradan bütün ölkədə istifadə olunmağa başlayacaqdır.