MÜSAHİBƏ

04 May

Vüsal Qasımlı: Azərbaycanda iqtisadi artımın yüksək trayektoriyaya keçmək imkanları var

Post-konflikt və post-korona dövrünə qədəm qoyan Azərbaycan iqtisadiyyatı Prezident İlham Əliyevin rəhbərliyi ilə yüksək artım trayektoriyasına keçmək imkanlarına malikdir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı Azərbaycanın iqtisadi artım perspektivləri barədə suallara cavab verib.

  • Post-konflikt və post-korona dövrü üçün Azərbaycan iqtisadiyyatının perspektivlərini necə qiymətləndirirsiniz?

Karona-böhranın maraqlı tərəfi bu oldu ki, dünya tarixindəki əvvəlki iqtisadi böhranlara nisbətən tez aradan qaldırılır, amma əvəzində Şumpeterin dediyi "yaradıcı dağılma" (creative destruction) baş vermədi: dünyada iqtisadi artım templəri aşağıdır, inflyasiya zəifdir, bərabərsizlik artır, iqtisadiyyatın struktur irəliləyişləri əhəmiyyətli deyil. Çünki korona-böhran əslində iqtisadi deyil, tibbi təhdid idi ki, sonradan pandemiyaya və iqtisadi böhrana gətirdi. İqtisadiyyat 2021-2022-ci illərdə bərpa olunacaq, amma yüksək artım trayektoriyasına keçid hələ ki, proqnozlaşdırılmır. Bu arada dünyada idarəetmə modelləri üç istiqamətdə haçalanıb: totalitar rəqəmsal diktatura, sosial rifah dövləti 3.0 və kvazi-dövlət rəqəmsal sistemləri. Keynsin dediyi kimi dövlətlər “mümkünsüz trillema”da üç hədəf – azadlıq, səmərəlilik və ədalətlilik arasında seçim edirlər. Eyni zamanda dövlət və cəmiyyət arasında Əcəmoğlu və Robinsonun təsvir etdiyi kimi “dar cığır”la inkişaf xətti müəyyənləşir. Azərbaycan Nobel laureatı Deni Rodrikin dediyi “aralıq institutlar”la bu dövrdə dövlət və millət quruculuğu prosesini Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla aparır. Xüsusən də, ərazi bütövlüyünün bərpası, korona ilə mübarizədə son mərhələ - vaksinasiyaya ilk keçən ölkələrdən bir olmaq, aşağı neft qiymətləri şəraitində makroiqtisadi və ictimai-siyasi sabitliyi təmin etmək və yeni regional geosiyasi və geoiqtisadi arxitekturanın müəyyənləşdirilməsini görkəmli dövlət xadimi İlham Əliyevin idarəetməsinin aktivinə yazmaq olar. Prezident İlham Əliyev hər bir çağırışı imkana çevirməyi bacaran liderdir. Qərb demokratiyasında yaşanan təlatümlər Qaret Consun “10 faiz az demokratiya” kitabında daha aydın izah olunur, əslində ən yaxşı nəticə optimal hökumətin qurulmasıdır. Prezident İlham Əliyev Azərbaycanda optimal idarəetməni qurduğundan biz dünya üçün “Böyük Depressiya”dan sonra ən böyük böhran ili - 2020-ci ili imkana çevirməyi bacardıq. Birinci vitse-prezident Mehriban Əliyevanın uğurlu fəaliyyəti ilə xüsusən də Azərbaycandakı bazar modelinə sosial rəng qatması ictimai müqavilə və harmoniya üçün vacibdir.

Yapon fəlsəfəsində “kintsugi” – “qızıl bərpa” anlayışına görə sınmış məişət əşyası elə zövqlə bərpa edilir ki, sınığın izləri qalsa da, əşyanın sonu yox, onun həyatının davamı göstərilir. 2020-ci ildə rastlaşdığımız çağırışlar həyatımızda izlərini saxlasa da, yeni reallıqda daha üstün pillədə dövlət və xalq olaraq inkişafımız təmin edilib. 

  • Azərbaycanda pul təklifinin artımı dövlətin qarşıya qoyduğu məqsədlərə uğurla xidmət etsə də, digər tərəfdən, başqa ölkələrdə bu halda yaşanan “likvidlik tələsi” mövcuddur. Azərbaycan “likvidlik tələsi”nə düşmədən inkişafını necə təmin edir?

Azərbaycanda 2018-ci ildən başlayan monetar yumşalma “likvidlik tələsi”nə düşmədiyimizi göstərir. Çünki 2018-ci ildәn bәri pul tәklifi 50 faizdən çox artsa da, manatla yeni kreditlәr üzrә orta faizlәr də 5,5 faiz azalıb. Real sektorda pandemiyanın tәsiri ilә güclәnәn risklәr faizlәrin daha çox azalmasını mәhdudlaşdırıb. Yəni pul təklifinin artması manatla faizləri azaltdığından “likvidlik tələsi”ndən danışmaq tezdir. “Likvidlik tələsi” o zaman baş verir ki, pul təklifinin artması faizləri aşağı endirə bilmir, iqtisadi artım səngiyir.

  Bir də ki, bizdə iqtisadi artımın drayverləri olan qeyri-neft sənayesi, aqrar sahə və informasiya və rabitə xidmətləri daha çox məhsuldarlığın hesabına artır. Yəni pul kütləsinin artımı məhsuldarlığı olan sahələrin artımını dəstəkləyir. Məsələn, indiyədək sənaye parklarında 3,5 milyard ABŞ dolları investisiya yatırılıb, 3,3 milyard manatlıq satış həyata keçirilib və 25 faiz məhsul ixrac olunub. Azərbaycanda qeyri-neft sənayesinin üstün artımı sərmayələrin keyfiyyətli iqtisadi artımı və məhsuldarlığı dəstəklədiyini göstərir. Xüsusən də qeyri-neft sektorunun sənayedə xüsusi çəkisi son 10 ildə 15 faizdən 25 faizə çatıb. 2021-ci ildən başlayaraq da iqtisadi artımın bərpası zamanı pul kütləsinin artımını məhsuldarlığın yüksəldilməsinə yönəltmək lazımdır. Aşağı məhsuldarlıqlı artım qısamüddətlidir və dövlət dəstəyi aradan qalxan kimi dayanır. ABŞ professoru Hausmanın dediyi kimi, biz “aşağıda asılmış meyvələri dərməklə” kifayətlənməməliyik, daha məhsuldar sahələrin inkişafı istiqamətində irəliləməliyik.

İqtisadiyyatda likvidliyin idarә olunması mәqsәdilә Mәrkәzi Bank depozit hәrracları, notların yerlәşdirilmәsi, sterilizasiya portfelinin durasiyası və digər alətlərdən istifadə edir. Bu il əsas hədəflər pul siyasәtinin transmissiya effektini güclәndirmәk, pul bazarını fəallaşdırmaq vә gәlirlik әyrisinin formalaşmasını dәstәklәmәkdir. Çünki gəlirlilik əyrisi iqtisadiyyatın vəziyyətini və perspektivini göstərir, əyri yüksələn trendə malikdirsə iqtisadi artım proqnozlaşdırılır və əksinə.

 Bir həqiqəti yaddan çıxarmayaq ki, yumşaq monetar siyasət bəlli bir həddə qədər aşağı inflyasiya ilə müşayiət oluna bilər. “Qırmızı xətti” keçəndən sonra monetar genişlənmə makroiqtisadi sabitliyə təhdid olmaqla yanaşı, həm də aktivlərin qiymətini artırmaqla cəmiyyətdə qeyri-bərabərliyə rəvac verə bilər. Buna görə də kontr-tsiklik siyasət siyasət tələb edir ki, iqtisadi artım bərpa edildikcə, hökumət investisiyanın ilk mənbəyi və Mərkəzi Bank da pul emitenti kimi ekspansiyanı səngitsinlər. Bütün hallarda iqtisadi artımı dəstəkləmək üçün yalnız pul təklifi yetərli deyil, bundan başqa institusional təkmilləşmə, bazarlara çıxış və insan kapitalının inkişafı zəruridir. Dödüncü sənaye inqilabının çağırışlarına, bio, rəqəmsal və fiziki texnologiyaların tətbiqinə nail olmaq üçün cənab Prezident müvafiq publik hüquqi şəxs də yaratdı. Davamlı və keyfiyyətli iqtisadi artım üçün Azərbaycan da Klaus Şvabın dediyi kimi “böyük yenilənmə”yə (great reset) hazır olmalıdır.

  • Azərbaycanda bank sektoru iqtisadi artımı dəstəkləmək potensialına malikdirmi?   

Azərbaycanın bank sektorunda kifayət qədər pul var - likvid aktivlәrin həcmi 9 milyard manat olmaqla, ani likvidlik әmsalı normativi iki dәfә üstәlәyir. Üstəlik bankların kapital adekvatlığı da itkilәri qarşılamağa kifayәt edir. Hazırda likvidliyin iqtisadi artımın bərpasına istiqamətlənməsi əsas hədəfdir. Real sektorda risklərin azaldılması üçün dövlətin kredit zəmanəti, kredit sığortası və kreditlərin subsidiyalaşdırılması kimi mexanizmlərdən daha geniş istifadə etməsi zəruridir. İpoteka və Kredit Zəmanəti Fondu, Sahibkarlığın İnkişafı Fondu, İnnovasiyalar Agentliyi, Aqrar Kredit və İnkişaf Agentliyi kimi dövlət qurumları subsidiya, zəmanət və güzəştli kreditlər təqdim etməklə banklar üçün real sektorda riskləri yumşaldırlar. Amma bütövlükdə bu risklərin iqtisadi artıma mane ola bilməyəcək həddə endirilməsi üçün struktur islahatlarının davam etdirilməsi, maliyyә dәrinliyinin vә inklüzivliyinin yüksәldilmәsi məqsədəmüvafiqdir. Bir də  ki, iqtisadi artımı maliyyələşdirən təkcə banklar deyil, dünya təcrübəsində qiymətli kağızlar bazarı real sektora maliyyə cəlbində əhəmiyyətli rol oynayır.

  Çünki fiskal genişlənmə fonunda Azərbaycanda pul təklifinin artması trendi qalacaq. Məsələn, 2021-ci il dövlət büdcəsinin xərcləri 28,5 milyard manat olmaqla 2019-cu ilin faktiki icrası ilə müqayisədə 16,9 faiz, 2020-ci illə müqayisədə 5,9 faiz çoxdur. Bu məqamda deyək ki, bir tərəfdən inflyasiyanın səngiməsi və ÜDM-in azalması, digər tərəfdən isə manatla pul kütləsinin artması hesabına manatın dövretmə sürəti 4-ün altına düşüb. Fiskal genişlənmə monetar siyasətin konturlarını müəyyənləşdirir və pul təklifinin artımını əsaslandırır. Mərkəzi Bank genişləndirilmiş hökumətin tərkib vahidi kimi yeni kreditlər vermək və bazardan xarici valyuta almaqla manatla pul kütləsini artırır. Hökümət isə dövlət büdcəsinin kəsiri ilə pul kütləsini böyüdür. Pul təklifinin artmasına uyğun olaraq faizlərin enməsi üçün real sektordakı risklər də azaldılmalıdır ki, bankların risk antipatiyası azalsın. Bu halda Azərbaycanda pul multiplikatoru, yəni bankların pul yaratmaq qabiliyyəti də yüksələcək və real sektor böyüyəcək. Bir sözlə, Azərbaycanda indiki makroiqtisadi sabitlik, likvidlik imkanları, fiskal fəza və nəqliyyat-logistika şəbəkəsi iqtisadi artımın yüksək trayektoriyaya keçməsinə əsaslar yaradır. 

  • Beynəlxalq müqayisədə real sektorun maliyyələşdirilməsi sahəsində Azərbaycanda hansı imkanların olduğunu deyə bilərik?

Özəl sektora verilən yerli kreditlərinin ÜDM-ə nisbəti göstəricisinə görə Azərbaycanı Avropa və Mərkəzi Asiya (yüksək gəlirli ölkələri istisna olmaqla) ilə müqayisə edəndə, ölkəmizdə bu göstəricinin iki dəfə artırılması imkanının olduğunu görürük. Ənənəvi banklarla paralel rəqəmsal bankçılıq və elektron kredit platformaları da Azərbaycanda daha geniş tətbiq edilə bilər. Azərbaycan həm də yerli şirkətlərin bazar kapitallaşdırılmasının ÜDM-ə nisbəti göstəricisinə görə də Avropa və Mərkəzi Asiyanın (yüksək gəlirli ölkələri istisna olmaqla) 27,8 faizlik həddinə çatması üçün böyük potensiala malikdir. Bütövlükdə, real sektorun maliyyələşdirilməsi həm bank sektorunun, həm də qiymətli kağızlar bazarının hesabına bir neçə dəfə artırıla bilər. Azərbaycanda ümumi yığımın ÜDM-ə nisbəti 2019-cu ildə 29 faiz olmaqla həm Avropa və Mərkəzi Asiyanın (yüksək gəlirli ölkələri istisna olmaqla) 26 faizlik, həm də dünya üzrə orta 25 faizlik göstəricini üstələyir. Məşhur alilmlər Harrod, Domar, Solou və başqalarının yanaşmasına əsasən, Azərbaycan yığımı sərmayəyə çevirməklə iqtisadi artımı sürətləndirə bilər. Xüsusən də, Qarabağda tikinti-quruculuq işləri, iqtisadiyyatın dirçəlişi və həyatın canlandırılması üçün milyardlarla sərmayə qoyuluşuna ehtiyac var. Tədiyyə balansının təhlili də göstərir ki, rezidentlərimizin xaricə yatırımları davam edir. İndiki halda Qarabağ maqnit kimi sərmayələri cəlb edəcəkdir. Qarabağın inkişaf strategiyası çərçivəsində Azərbaycan hökumətinin nəzərdə tutduğu güzəştlər və təşviqlər bu bölgədə sərmayə qoyuluşunun gəlirliliyini artıracaq. Guterries və Solimano kimi iqtisadçılar da düşünür ki, əgər ölkənin xarici maliyyə bazarlarına çıxışı varsa, elə xarici yığımı da daxili sərmayəyə çevirə bilər. Nəzərə alanda ki, yumşaq monetar siyasət dünyada likvidliyi artırıb, indi sərmayə cəlbi üçün əlverişli şərtlər vacibdir. Xüsusən də, Azərbaycanda Vətən müharibəsindən sonrakı əhvali-ruhiyyəni də nəzərə alıb Türkiyə, Pakistan, İtaliya, Macarıstan, İsrail və başqa ölkələrdən, habelə Azərbaycan diasporundan sərmayə cəlbi imkanları artıb. 

  • İqtisadi artımın dəstəklənməsi ilə yanaşı fiskal dayanıqlıq da əhəmiyyət daşıyır. Azərbaycanda fiskal dayanıqlığın perspektivlərini necə qiymətləndirmək olar?

  Həm fiskal, həm də monetar siyasət sabitlik və iqtisadi artımın balanslaşdırılmasına hədəflənib. İqtisadi artımın sürətlənməsi üçün fiskal stimullar həm də fiskal dayanıqlılıq baxımından qiymətləndirilməlidir. O cümlədən, borc dayanıqlığı, pensiya və səhiyyə sisteminin dayanıqlığı, vergi sisteminin dayanıqlığı, büdcə sisteminin dayanıqlığı tələb edir ki, fiskal stimullar iqtisadi artımı sürətləndirsin. İqtisadiyyatın növbəti 10 ildə iki dəfə artırılması hədəfinə uyğun olaraq illik artım tempinin orta hesabla 7,2 faizə çatdırılması lazımdır. Yalnız davamlı iqtisadi artım fiskal dayanıqlılıq və makroiqtisadi sabitlik üçün fundamental əsasdır. Yəni fiskal stimullar iqtisadi artımı sürətləndirir, fiskal risklər məqbul hədlərdə saxlanılmaqla “fiskal fəza” genişlənir. 2013-cü ildən başlayaraq Azərbaycanda fiskal multiplikator aşağı düşür ki, bu da iqtisadi artımda qeyri-dövlət sərmayələrinə tələbi artırır. Qarabağın reinteqrasiyası fiskal multiplikatora müsbət təsir edə bilər, lakin bütün hallarda iqtisadi artımın drayveri qeyri-dövlət sərmayələri olmalıdır, “Qarabağın Dirçəliş Fondu” buna gözəl nümunədir.

Son müşavirədə Prezident İlham Əliyevin büdcə xərclərinin səmərəlilyi istiqamətində verdiyi tapşırıqlar, eyni zamanda dövlətin gəlirlərinin mobilizasiyası və borclanması sahəsində potensial Azərbaycanda “fiskal fəza”nın geniş miqyasını göstərir.  İndiki halda Azərbaycanda “fiskal fəza” fiskal riskləri nəzarətdə saxlamağa və idarəetməyə imkan verir. Lakin daha uzunmüddətli dönəm üçün fiskal islahatlar davam etdiriləcək. AYİB-in keçid ölkələri üçün hazırladığı hesabatlarda Azərbaycanda idarəetmə qiymətləri yaxşılaşsa da, fiskal institutların daha da inkişaf etdirilməsi, o cümlədən, korona böhranın dərsləri də nəzərə alınmaqla borc strategiyası, büdcə qaydaları, ortamüddətli xərclər çərçivəsi və nəticəəsaslı büdcə istiqamətində təkmilləşdirmələrin aparılması mühümdür.

  • İqtisadi artımı sürətləndirmək üçün fiskal və monetar siyasətdən başqa daha hansı üsullardan istifadə edilir?

İqtisadi artımın davam etdirilməsi üçün fiskal və monetar siyasətlə yanaşı, biznes mühitinin təkmilləşdirilməsi, dövlət təşviqlərinin verilməsi, Azərbaycanın regional layihələrdə iştirakı, bazarlara çıxış imkanı və ən əsası inamın olmasıdır. Azərbaycanın yaratdığı yeni geoiqtisadi reallıqda regionda kommunikasiyaların açılması və Qarabağın reinteqrasiyası ölkəmizdə iqtisadi artımı sürətləndirə bilər. “Doing Business” hesabatına görə dünyanın 10 ən islahatçı olan ölkəsindən biri kimi Azərbaycan biznes islahatlarını, o cümlədən, xarici ticarət, investisiya, rəqabət, tənzimləmə, dövlət müəssisələrində korporativ idarəetmə kimi istiqamətlərdə davam etdirir.

Fransız alimləri Pyer Kayuk və Jan Alqan iqtisadi artımın insanların bir-birinə və cəmiyyətə olan inamından asılılığını hesablayıblar. Aydın olub ki, İsveç dünyada inam səviyyəsinə görə ilk yerdədir və əgər bu səviyyədə inam olsaydı adambaşına düşən gəlir İngiltərədə 7 faiz, Almaniyada 9 faiz, Rusiyada 69 faiz artıra bilərdi. Kouz teoreminə görə də, cəmiyyətdə həm də inamsızlıq tranzaksiya xərclərini artırır və iqtisadiyyatı geri çəkir.    Etimad və inam bütün ölkələrdə olduğu kimi Azərbaycanda da inkişaf üçün resursdur. Qarabağ qələbəsindən sonra islahatlarla yanaşı, Azərbaycanda da biznesi təşviq edən və sərmayələri cəlb edə biləcək, etimada və inama əsaslanan tezislərin yaradılması məqsədəuyğundur. Hətta vaxtilə Aleksandr Düma Azərbaycanda hər bir müqavilədən üstün kişi sözü olduğunu qeyd edirdi. Müasir dövrdə - rəqəmsal erada bulud texnologiyaları vasitəsilə saxlanılan informasiya inamı artırır, bununla yanaşı da biznesin   institutlara, insanlara və bütövlükdə cəmiyyətə inamı da vacibdir. Yüksək inam sərmayə qoyuluşunu təşviq edə və iqtisadi artımı şərtləndirə bilər. Ötən əsrin 90-cı illərində Azərbaycana transmilli şirkətlərin gəlməsi və milyardlarla dollar sərmayə yatırması məhz Ulu öndər Heydər Əliyevin xarizmasına olan inam və etimadın nəticəsi idi.

   Bu gün də Prezident İlham Əliyevin şəxsiyyətinə və verdiyi sözə inam, Azərbaycanda biznes mühitinə və institutlara olan etimadla yanaşı inkişafımız üçün potensial imkandır.