Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru Ramil İmamov: “Bu gün istehlak krediti məhsulu üzrə satışlarımızın təxminən 25%-i onlayn formada həyata keçirilir”
Artıq bir ildən çoxdur ki, bütün dünyada olduğu kimi ölkəmizdə də pandemiya şəraiti hökm sürür. Pandemiya ilə əlaqədar bir sıra sahələrdə müştərilərin təhlükəsiz və rahat şəraitdə xidmət almalarını təmin etmək məqsədilə onlara adət etdikləri formada bank xidmətlərinin göstərilməsində bir sıra çətinliklər yaranıb. Bu çətinliklərin aradan qaldırılaraq müştərilərə xidmət üçün zəruri dəyişiklikləri təmin etmək isə bankların qarşısında yeni hədəflər qoyur, xüsusən də bankçılıqda yeni dövrə keçidi sürətləndirir. Ölkənin birinci bankı olan Kapital Bank bu yeniliklərin həyata keçirilməsində də lider banklardan biri sayılır. Bu dövr ərzində həyata keçirilən və hazırda üzərində işlənən yeniliklər, istiqamətlər və hədəflər barədə məlumat almaq üçün Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru Ramil İmamovdan müsahibə aldıq.
- Ramil müəllim, Kapital Bank-ın yeni strateji dövrə qədəm qoyması barədə dəfələrlə məlumat verilib. İlk əvvəl növbəti strateji dövrdə əsas məqsədlər və prioritetlər barədə məlumat almaq istərdik.
- Qeyd etdiyiniz kimi artıq bankımız daha bir strateji dövrü uğurla başa vuraraq yeni strateji planın icrasına başlayıb. Ötən dövr ərzində filialların transformasiyası həyata keçirilərək korporativ standartlara uyğun şərait yaradılıb və müasir tələblərə, müştəri istəklərinə cavab verən, bütün növ bank xidmətlərini operativ şəkildə göstərməyi bacaran, tam universal işçi heyəti formalaşdırılıb. Ümumi olaraq qeyd etmək istərdim ki, yeni strateji planımız kifayət qədər geniş və yüksək hədəflərlə əhatə olunub. Onlayn bank xidmətlərinin tətbiq olunma miqyasını genişləndirmək, müştərilərimizin ehtiyaclarına uyğun olaraq yeni məhsul və xidmətlərimizi onlara təqdim etmək, bunların bilavasitə nəticəsi kimi müştəri məmnuniyyətini yüksəltmək bu strateji dövrdə də prioritet məqsədlərimizdəndir.
- Son zamanlar müştərilərin bank xidmətlərindən onlayn şəkildə - məsafədən yararlanması üçün Kapital Bank bir sıra yeniliklərə imza atıb. Əldə edilən göstəricilər nə dərəcədə qənaətbəxşdir?
- Kapital Bank müştəri məmnuniyyətini və keyfiyyətli bank xidməti göstərilməsini daim diqqət mərkəzində saxlayaraq, bank sektorunda yeniliklərin tətbiqinə hər zaman önəm verib. İnnovasiyaların tətbiq olunduğu bir dövrdə biz də öz növbəmizdə müştərilərimizi innovativ xidmətlər və yeniliklərlə sevindirməkdə davam edirik. Artıq müştərilərimiz evdən, işdən və yaxud olduğu məkandan ayrılmadan bankımızın bir çox məhsullarından onlayn yararlana bilirlər.
Pandemiyanın başladığı dövrdə bazarda ilk olaraq tərəfimizdən müştərilərə nağd pul krediti və BirKart-dan, həmçinin debet kart kimi qeyri-kredit məhsullarından onlayn şəkildə faydalanma imkanı yaratdıq. Artıq məmnuniyyət hissi ilə deyə bilərik ki, bu gün istehlak krediti məhsulu üzrə satışımızın təxminən 25%-ni müştərilərimiz bankın filiallarına gəlmədən, tam onlayn formada əldə edirlər. Məlumat üçün qeyd edim ki, nağd pul krediti məhsulu onlayn şəkildə rəsmiləşdirildikdən dərhal sonra müştərinin kartına mədaxil edilir və müştəri bankın istənilən bankomatından vəsaiti nağdlaşdıra, həmçinin vəsaitdən nağdsız və ya onlayn ödənişlərində istifadə edə bilir. BirKart məhsulunun onlayn satışı zamanı isə kart limiti müştərinin BirBank mobil tətbiqində aktivləşir və müştəri rəsmiləşmədən dərhal sonra BirKart-dan istifadə edə bilir. Həmçinin, müştərilərimiz debet kartını da onlayn formada sifarişini həyata keçirə bilirlər. Onlayn formada bank xidmətlərindən yararlanmaq üçün müştərinin internet çıxışını dəstəkləyən mobil telefonunun və yaxud kompüterinin olması kifayət edir. Müştəri kredit üçün müxtəlif kanallar vasitəsilə Kapital Bank-a müraciətini yönləndirə bilər və bank əməkdaşları tərəfindən dərhal operativ şəkildə onlarla əlaqə saxlanılır. Bu zaman müştərilər filiallarda növbə gözləməyəcəklər və dəyərli vaxtlarına qənaət etmiş olacaqlar. Bunu tətbiq etməklə məhsulların daha əlçatan olmasını, həmçinin xidmət səviyyəsini yüksəltmək kimi önəmli faktorları önə çəkmiş oluruq.
- Onlayn xidmətlərin inkişafı ilə bağlı hansı yeniliklər gözlənilir?
- Bildiyiniz kimi, hazırda ölkə üzrə 2 milyondan artıq müştəri BirBank mobil tətbiqinin istifadəçisidir və biz də BirBank vasitəsilə onlayn xidmətlər üzrə daim yeniliklər təklif edirik. Qeyd edim ki, xidmətlərin fasiləsiz fəaliyyətini təmin etmək üçün və həmçinin xidmətalma imkanlarının artırılması istiqamətində daim təkmilləşmə işləri həyata keçirilir. Bu istiqamətdə təbii ki, əsas məqsədimiz müştərilərə daha çox məhsullardan faydalanma imkanlarını yaratmaq, xidmətalma prosesini daha da sadələşdirərək, vaxt itkisini minimuma endirməkdir. Hazırda əsas məqsdələrimizdən biri də BirBank tətbiqi üzərindən müştərinin özü tərəfindən həm kredit, həm də qeyri-kredit məhsullarını (cari hesabın açılması, depozit əməliyyatları və s.) rahat əldə etmə imkanlarını genişləndirməkdir.
Belə yeniliklərdən biri BirBank mobil tətbiqi və digər onlayn kanallar vasitəsilə BirKart taksit kartını dərhal rəsmiləşdirmək funksiyasını yaratmaqdır. Müştərilərimiz həmçinin əldə etdikləri BirKart-la dərhal partnyor şəbəkəmizdə olan 10 minlərlə mağazalarda NFC vasitəsilə istədikləri alış-verişi edə biləcəklər. Fiziki olaraq kartı əldə etmək üçün istədikləri an, istədikləri ünvana kuryer xidməti vasitəsilə kart çatdırılması üçün müraciət etmələri kifayət olacaq.
- Ramil müəllim, son zamanlar Kapital Bank müştərilərinin müraciətlərində hansı növ məhsullara tələbatın daha çox olduğu nəzərə çarpır?
- Son zamanlar müştərilərimizin müraciətləri sırasında şəxsi mənzil ehtiyaclarının ödənilməsi və yeni mənzil əldə etmək məqsədilə ipoteka kreditlərinə olan tələbatın artdığını qeyd etmək istərdim. Ötən il ərzində bu tələbatın qarşılanması üçün xeyli işlər görülüb və çox yaxşı nəticələr əldə etmişik. Belə ki, Kapital Bank bu məqsədlə ipoteka kreditləşməsinin əhatə dairəsini genişləndirib və kreditləşmə həcmini 2019-cu il ilə müqayisədə 3 dəfə artıraraq, 45 milyon manat səviyyəsinə çatdırıb. Ötən il üzrə həmçinin bank sektorunda ilk dəfə olaraq Kapital Bank tərəfindən daxili resurslar hesabına regionlarda güzəştli şərtlərlə ipoteka kreditlərin verilməsinə başlanıb. Qeyd olunan məhsulun regionlarda mənzil bazarının aktivləşməsində dəstəyinin olması, əsas etibarilə sosial müştəri təbəqəsini əhatə etməsi və sərfəli şərtlərinin mövcudluğu müştərilər arasında yüksək marağa səbəb olub. Bu məhsul növü üzrə ötən il ərzində 363 ailə yararlanıb və mənzil sahibi olub. 2020-ci il üzrə digər ipoteka məhsulları üzrə statistik göstəricilərə nəzər salsaq, İpoteka və Kredit Zəmanət Fondu, həmçinin MİDA vəsaiti hesabına 28 milyon manat, daxili resurslar hesabına isə planlaşdırıldığı kimi 10 milyon manat məbləğində ipoteka limiti rəsmiləşdirilib.
- Daxili ipoteka kreditləşməsi üzrə cari ildə müştəriləri hansı yeniliklər gözləyir, bankın bu sahə üzrə planları barədə məlumat verməyinizi xahiş edərdik.
- Əvvəlki illərdə olduğu kimi, bu ildə bankımız İpoteka və Kredit Zəmanət Fondu, həmçinin MİDA vəsaiti hesabına kreditləşməni davam etdirir və cari ilin 3 ayı üzrə 13 milyon manat vəsait müştərilərin mənzil ehtiyaclarının qarşılanmasına yönləndirilib. İpoteka sahəsində qarşımıza qoyduğumuz əsas hədəflərdən biri daxili ipoteka məhsulu üzrə kreditləşmə həcmini 100 milyon manat səviyyəsinə çatdırmaqdır. Qeyd olunan məhsul növü üzrə satışın artırılması və kreditin müştərilər üçün daha əlçatan olması üçün məhsul şərtləri asanlaşdırılıb. Müştərilərimiz üçün sevindirici xəbər olaraq bildirək ki, yeni şərtlərə əsasən artıq onlar bu kredit növünü 10 il deyil, 20 il müddətinədək əldə edə bilərlər. Müddətin artması müştərilərə daha az aylıq ödəniş etməklə, daha böyük məbləğdə kredit əldə etməyə imkanı yaradır. Daxili İpoteka məhsulundan həm rəsmi iş yeri olan şəxslər, həm də biznes fəaliyyəti ilə məşğul olan sahibkarlar yararlana bilərlər. Müştərilərimizin bir daha nəzərinə çatdırmaq istərdim ki, daxili ipoteka kreditinin məbləği 30 000 – 250 000 manat aralığında dəyişir, illik faiz dərəcəsi isə 10%-dən başlayaraq müəyyən olunur.
Daha bir mühüm yenilik ondan ibarətdir ki, artıq çıxarış sənədi olmayan mənzilləri də bankın daxili ipoteka məhsulu vasitəsilə əldə etmək mümkündür. Yeni şərtlərə əsasən müştərilər özlərinin və yaxud birinci dərəcəli qohumlarının mülklərini (mənzil, obyekt, qeyri-yaşayış sahəsi və s.) təminat qismində girov qoymaqla, çıxarış sənədi olmayan mənzili daxili ipoteka krediti vasitəsilə əldə edə bilərlər. Bir məlumatı da bildirim ki, daxili ipoteka məhsulu üçün müraciət edən müştərilərin əlavə vaxt itkisinin qarşısını almaq üçün əmlakın qiymətləndirilməsi, sığortalanma və digər proseslərin bank daxilində həyata keçirilməsi və kreditin sürətli şəkildə rəsmiləşdirilməsi üçün əlverişli şərait yaradılıb. Artan ipoteka kreditləşməsi tələbatını ödəmək və müştərilərə operativ xidmət göstərmək məqsədilə Kapital Bank tərəfindən ipoteka krediti verən xidmət nöqtələrinin sayı artırılaraq, regionlar üzrə 52, Naxçıvan Muxtar Respublikası üzrə 1, Bakı şəhəri üzrə 6, ümumilikdə isə 59 filiala çatdırılıb. Gələcəkdə yarana biləcək əlavə ehtiyacların ödənilməsi üçün bu sayın daha da artırılması planlaşdırılır. Həmçinin ipoteka kreditləşməsi üzrə müştərilərin müraciətlərinin operativ şəkildə qəbulu, təhlili və cavablandırılması filiallarla yanaşı müxtəlif onlayn kanallar - (+99451) 250 99 99 WhatsApp nömrəsi, 8196 qısa nömrəsi, 196 Məlumat Mərkəzi, bankın rəsmi internet səhifəsi (www.kapitalbank.az/loans) vasitəsilə də həyata keçirilir.
Bankımız bu sahədə görüləcək işlər sırasında həmçinin tikinti sektorunda fəaliyyət göstərən biznes subyektləri ilə əməkdaşlığı da genişləndirməyi planlaşdırır. Məlumat üçün qeyd edə bilərəm ki, mülkiyyət hüququnu təsdiq edən sənəd yəni, çıxarışı olan və eyni zamanda çıxarışı olmayan mənzil satan tikinti şirkətlərinin Kapital Bank-la əməkdaşlıq etməsi üçün cəlbedici fürsətlər mövcuddur. Hər kəsə məlumdur ki, tikinti sektorunda fəaliyyət göstərən biznes subyektlərinin təklif etdiyi mənzillərin daha tez satılmasının əsas amili kreditləşmədir. Belə ki, satışa çıxarılan mənzillərin tikinti şirkətinin daxili krediti hesabına deyil, ipoteka krediti hesabına tam dəyərinin ödənilməsi onlara nağd pul dövriyyəsinin axınını təmin edir. Bu da öz növbəsində həmin şirkətlərə yeni yatırım üçün likvid vəsait formalaşdırılmasını yaradaraq, tikinti prosesini sürətləndirmələrinə və bizneslərini genişləndirmələrinə imkan yaradır. Kapital Bank ilə partnyor olan tikinti şirkətlərindən əldə ediləcək mənzillər üzrə kredit məbləği 500 000 manata kimi artırıla bilər. Qeyd etmək istərdim ki, hazırda bu yanaşma ilə 30-dan artıq tikinti şirkəti ilə əməkdaşlıq müqaviləsi bağlanılıb. Kapital Bank ipoteka istiqamətində də işi genişləndirməkdə maraqlıdır və tikinti şirkətləri ilə birgə əməkdaşlıq sayəsində müştərilərimizin mənzilə olan tələbatlarını ödəmək üçün sərfəli təkliflər təqdim ediləcək.
- Ölkənin ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank cari ildə başqa hansı yenilikləri müştərilərə təqdim edəcək?
- Son bir il ərzində dünyada və ölkəmizdə mövcud olan pandemiya şəraiti real sektora öz təsirini göstərdi. Pandemiyadan zərər çəkən sahələrə ötən il ərzində dövlət tərəfindən xeyli sayda dəstəkləyici layihələr həyata keçirilib və hazırda da davam etməkdədir. Biz də, Kapital Bank olaraq 2021-ci il ərzində mikro biznes subyektlərinə müxtəlif çeşidli bank məhsullarının təqdim edilməsini strateji inkişaf planımıza əlavə etmişik.
Hamımız bilirik ki, real sektor ölkə iqtisadiyyatının onurğa sütunudur. Real sektorun digər iştirakçılarından fərqli olaraq mikro biznes subyektləri müxtəlif növ bank xidmətlərinə, xüsusən də maliyyə resurslarına daha çox ehtiyac duyan bir seqmenti təşkil edir. Post-pandemiya dövründə onların maliyyə resurslarına daha çox ehtiyaclarının olacağını nəzərə alaraq yeni mikro kredit məhsulumuzun hazırlanıb və tezliklə satışı planlaşdırılır.
- Mikro biznes subyektlərinə hansı bank xidmətlərini göstərməyi planlaşdırırsınız?
- İstənilən Bank məhsulu hazırlanarkən və ya təkmilləşdirilərkən potensial müştərilər arasında sorğunun keçirilməsi və müştərilərin istəklərinin nəzərə alınması komandamızda artıq bir vərdişə çevrilib. Mikro kredit məhsulumuz da eyni inkişaf mərhələsini keçir. Müştəri araşdırmaları onu göstərir ki, mikro biznes subyektlərinin ehtiyac duyduqları bank məhsulları arasında kreditlər prioritet təşkil edir. Bu səbəbdən hazırda mikro kredit məhsulumuzun daha əlçatan, təhlil modelinin daha sürətli olması, kredit məhsullarının onlayn kanallar vasitəsilə əldə edilməsi, rahat geri ödəniş şərtlərinin mövcudluğunu nəzərdən keçiririk. Təqdim edəcəyimiz məhsul rəqabətə dayanıqlı olmaqla yanaşı, həm də müştərilərimizin istəklərini özündə cəmləyəcək. İndidən onu deyə bilərəm ki, sahibkar hesabı Kapital Bank-da olan mikro biznes subyektləri heç bir təminat, o cümlədən zamin təqdim etmədən, əlavə təhlillər olmadan, dərhal yerindəcə kredit ala biləcəklər.
Lakin, təqdim olunacaq bank xidmətləri yalnız kredit məhsulları ilə məhdudlaşmır. O cümlədən mikro biznes subyektlərinə bank hesablarının açılması, biznes kartların verilməsi, hesabların onlayn idarə edilməsi üçün mobil tətbiq, POS terminallar, overdraftlar da müştərilərə təqdim ediləcək məhsullar sırasındadır.