MÜSAHİBƏ

26 Aprel

“Avtolüks Azərbaycan”: Bizim fəlsəfəmiz - yüksək reputasiya və dərin etibardır

“Avtolüks Azərbaycan” MMC-nin Biznesin inkişafı və marketinq şöbəsinin rəhbəri Nəriman Zeynalov Fins.az-a müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

- Nəriman müəllim, “Avtolüks Azərbaycan” alıcılara nə təklif edir?

- Avtolüks Azərbaycan alıcılara ilk növbədə dəyərlər təklif edir. Bizim hər bir avtomobilimiz zəngin tarixə malik brendlərə aiddir. Bu markaları təmsil etmək bir tərəfdən qürurvericidir, digər tərəfdən də böyük məsuliyyətdir. Avtolüks Azərbaycan yaradılarkən ölkənin avtomobil bazarı artıq çoxdan formalaşmışdı, müxtəlif seqmentlər üzrə liderlər bəlli idi, güclü rəqabət mövcud idi. Belə bir şəraitdə bazarın bir hissəsinə çevrilmək olduqca mürəkkəb məsələ idi. Amma biz bunu bacardıq. Biz bazara tam yeni konsepsiya təklif etdik – bütün seqmentlər bir arada. Biz çalışırıq ki, alıcı Avtolüksda istədiyi avtomobili tapsın. Bunun üçün tam potensialımız – geniş model və brend çeşidimiz var – kommersiya nəqliyyatından premium sinif sedanlaradək, kiçiklitrajlı hetçbeklərdən yolsuzluq avtomobillərinədək, ailə maşınlarından superkarlaradək. Bizim fəlsəfəmiz – yüksək reputasiya və dərin etibardır. 

- Bəs alıcınız kimdir?

- Alıcımız o qədər müxtəlifdir ki, amma bir qayda olaraq bu öz sahəsində uğur qazanmış şəxslərdir. Kiçik sahibkarlar, orta təminatlı adamlar, nüfuzlu iş adamları, məşhur idmançılar, şou-biznes təmsilçiləri. Gənclər və orta yaşlı insanlar, kişilər və qadınlar. Baxmayaraq ki, təklif etdiyimiz avtomobillər bir-birindən kəskin fərqlənir, alıcılarımızı birləşdirən vacib dəyər var – ödədikləri pulun müqabilində keyfiyyətli, güvənli və parlaq avtomobilə sahib olmaq. Avtolüks isə öz tərəfindən əlverişli və rahat satış sonrası xidmətlər təqdim edərək bu dəyərə dəyər qatır. Bizim alıcımız birdəfəlik deyil, bizdən avtomobil alan şəxs mütləq bizə yenidən dönür - ailə üzvlərinə avtomobil alır, dostlarını gətirir və yaxud öz avtomobilini yeniləyir. Odur ki, biz alıcılarımızın çoxunu üzdən tanıyırıq.

- Qeyd etdiyiniz kimi bazarda güclü rəqabət var, bəs formalaşmış bazar şəraitində müştəriləri cəlb etməyə necə müəssər oldunuz?

- Bazara daxil olarkən öz üstünlüyünü müştərilərə açıq-aydın nümayiş etdirmək çox vacibdir. Təbii, üstünlüyümüzü həm də təmsil etdiyimiz brendlər vasitəsilə çatdırırıq. Nəhəng avtomobil istehsalçıları ilə tərəfdaşlıq böyük imkanlara yol açır. Söhbət ilk növbədə keyfiyyətli ehtiyat hissələri, servis xidməti, texniki heyətin yüksək ixtisasından gedir. Alıcılar ildən-ilə daha tələbkar olurlar, daha rasional düşünürlər, elmi-texniki nailiyyətlər avtomobilçilərin mədəniyyətini dəyişir – on il əvvəl premium seqment avtomobillərin alıcıları mühərrikin həcminin böyük olmasına diqqət yetirirdisə, son zamanlar daha çox hibrid qurğulara, ekoloji zərərsiz avtomobillərə maraq artıb. Bu yeniliklərlə uyğunlaşmaq bacarığı, alıcının istəklərini önləmək xüsusiyyətləri, hər bir müştəriyə fərdi yanaşma prinsipləri bu sahədə uğur qazanmağımızı şərtləndirir.

- Ötən ili necə dəyərləndirərdiniz?

- Ötən il dünyada tüğyan edən yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkəmizin iqtisadi və sosial sahələrində müşahidə olunan çətinliklərə baxmayaraq siyasi baxımdan çox uğurlu il oldu. 30 ildən çox işğal altında inləyən torpaqlarımızı azad etdik və ölkəmiz haqq davasında qalib gəldi. Ümidvaram ki, siyasi müstəvidəki uğurlarımız yaxın gələcəkdə bütün digər sahələrə də müsbət təsir göstərəcək.

Avtomobil bazarına gəldikdə, ötən ili uğurlu il hesab etməzdim. Bu sahədə çalışanlar bilir ki, hər ilin əvvəlində avtomobillərin istehsal illəri dəyişdiyindən satışlar nisbətən aşağı düşür. Sonra ötən ilin mart ayından başlayaraq ölkədə xüsusi karantin rejiminin tətbiq edilməsi bir çox iş və xidmət sahələrində böyük çətinliklərə səbəb oldu. Bütün sahələrdə işlərin daha öncədən planlaşdırıldığı qaydada davam etdirməyin mümkünsüzlüyü alıcılıq qabiliyyətini aşağı salmışdı.

Digər tərəfdən belə mürəkkəb şərait bəzən yeni fürsətlərə yol açır. Bu fürsətləri vaxtında dəyərləndirmək çox vacibdir. Məsələn, bu dönəmdə pərakəndə satış sahələri daha çox onlayn sistemə keçmiş və çatdırılma xidmətinə tələbat artmışdır. Şirkətimiz də öz növbəsində qlobal brendlərin standartlarına uyğun bu prosesə mərhələli şəkildə keçid etməkdədir. Onlayn platformalarda məhsulların təqdimatı və satışı prosesi fəaliyyətə başlamışdır. Avtomobillərlə yaxından tanış olmaq istəyənlər üçün salonlarımızın 360’ virtual turları yaradılmış və hər bir avtomobil üçün 360’ virtual təqdimat hazırlanmışdır. Antikrizis tədbirləri çərçivəsində görülən texnoloji yenilənmə, onlayn satış platformasının tətbiqi və digər işlərin görülməsi yeni çağırışlara daha hazırlıqlı olmağımıza kömək edəcək.

- 2021-ci illə bağlı gözləntiləriniz necə?

- Gələcəyə nikbin baxırıq. İnanırıq ki, ilin ortalarına bazarda canlanma baş verəcək. Avtolüks Azərbaycan ölkədə ən böyük brend portfelinə malikdir. Bu ilin əvvəlində təmsil etdiyimiz FCA (Fiat Chrysler Automobiles) şirkətinin PSA (Peugeot-Citroen)  şirkətlər qrupu ilə birləşməsi prosesi başlayıb. Bu prosesin sonunda təklif etdiyimiz avtomobil markalarının sayı artacaq – portfelimiz Fransa və Almaniya istehsalı olan avtomobillər ilə genişlənə bilər. Bu isə yeni markalar, yeni seqmentlər, yeni hədəf qruplarıdır. Bizim təcrübəmiz yetərincədir, istəyimiz isə daha çoxdur. Belə olan halda istənilən yüksəkliyi fəth edə bilərik.

- Nəriman müəllim, dediniz müştəriləriniz fərqlidir. Maraqlıdır, məsələn Ferrari, Lamborghini və Aston Martin alıcıları bir-birindən nə ilə fərqlənirlər?

- Əlbəttə, bu avtomobillərin alıcıları bizim müştəri portfelinin çox kiçik qismini təşkil edirlər. Sadaladıqlarınız markalar sadəcə avtomobil deyil, onların hər biri öz-özlüyündə bir ikondur. Onların alıcıları fərqli emosional quruluşa malik insanlardır. Məsələn Ferrari almaq istəyi birdən-birə yaranmır, bu illərlə yetişən bir arzudur. Alıcı uzun müddət bir neçə model arasında qalıb düşünür, uzun “iztirablardan” sonra son qərarını verir. Lamborghini isə daha çox emosiya avtomobilidir. Onun kəskin siluetini, qulaqbatıran səsini eşidib vurulan şəxs həmin an bu avtomobili almağa qərar verir. Aston Martin isə ciddi ingilis üslubunun yetirməsidir. Onun alıcısı da son dərəcə praqmatik və təmkinlidir, o, oturacağın tikişinin rəngini dəyişmək üçün əlavə altı ay gözləməyə hazır olan müştəridir.

Avtolüks Azərbaycan MMC-nin əsası 2012-ci ildə qoyulub. Şirkət ilk öncə İtaliyanın məşhur Ferrari brendini Azərbaycana gətirmiş və Ferrari Store-u alıcıların üzünə açıb. Hazırda Azərbaycanın lüks avtomobil bazarının əsas oyunçularından olan şirkətin brend portfelinə Lamborghini, Aston Martin, Jaguar və Land Rover avtomobilləri daxildir. Avtolüks Azərbaycan 2017-ci ildən FCA Group-a daxil olan Abarth, Alfa Romeo, Chrysler, Dodge, Fiat, Fiat Professional və Jeep brendlərinin rəsmi təmsilçisidir.

Müştərilərin rahatlığı üçün bütün brendlərin avtomobillərinə özəl texniki xidmət təklif edən şirkətin nümayəndəlik və servis mərkəzləri şəhərin mərkəzində yerləşir.