MÜSAHİBƏ

08 Yanvar

Xidmət tariflərinin artırılması əmlak bazarına necə təsir edəcək?

Bakı, 8 yanvar Fins.az

Bu günlərdə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin daşınmaz əmlakın texniki inventarlaşdırılmasının aparılması, əmlak barədə məlumatların reyestrə daxil edilməsi və əlaqədar xidmətləri üzrə tariflərə baxılması barədə müraciəti müzakirə edilib. Bu xidmətlər üzrə tariflərin 2009-cu ildə təsdiq olunduğu və tarif dəyişikliyi nəticəsində yaranan əlavə vəsaitin keyfiyyətli, çevik və etibarlı xidmətlərin göstərilməsi üçün avadanlıqların alınmasına, işçilərin sosial vəziyyətinin daha da yaxşılaşdırılmasına, informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsinə sərf ediləcəyi nəzərə alınaraq, yeni tariflər təsdiq olunub. Təsdiq olunmuş qərara əsasən obyektlərin və evlərin özəlləşdirilməsi tarifləri 2 dəfə artırılıb.

Bəs xidmət tariflərinin ikiqat artırılması əmlak bazarına necə təsir edəcək?

Məsələ ilə bağlı Fins.az-a “VECON CONSULTING” şirkətinin direktoru, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini Vüqar Oruc açıqlama verib.

Tariflərin dəyişməsi böyük obyektlər üçün ciddi məbləğ təşkil etdiyini bildirən ekspert bazara təklif göndərən şəxsin həmin məbləği nəzərə alacağını qeyd edib: “Məsələn, bir obyekt əvvəl 200 min manata bazara təklif olunurdusa, indi həmin obyekt məlum xərcləri nəzərə alaraq 5-10% daha baha təklif olunacaq. Məlumdur ki, əlavə xərclərə baxmayaraq, həmin obyektlərin təklif qiymətini deyən şəxs obyektin sahibidir. Amma son nəticədə həmin obyektin alqı-satqı predmeti kimi son dəyərini bazardakı situasiya müəyyən edir. İqtisadi vəziyyət, bazarın mövcud iqtisadi resursları, milli valyutanın alıcılıq qabiliyyəti, iqtisadi proseslərin hansı istiqamətə getməsi, dünyada baş verən iqtisadi proseslər, dünyanın və ölkənin maliyyə durumu həmin situasiyaya öz təsirini göstərir”.

Vüqar Oruc pandemiya ilə əlaqədar həm başqa dövlətlərdə, həm də ölkədə yaranmış iqtisadi problemlərin təsiri ilə bağlı da fikirlərini bölüşüb: “Pandemiya ilə əlaqədar həm başqa dövlətlər, həm biz çox ciddi iqtisadi problemlərlə qarşılaşmışıq. Bizim dünya ölkələrindən fərqimiz gün olaraq qısa müddətlik olsa da, amma vəsait olaraq kifayət qədər böyük məbləğ tələb edən müharibədən çıxmağımızdır.

Əmlak məsələləri üzrə dövlət komissiyası haqlı olaraq qiymətlərin qaldırılması ilə bağlı müraciət edib. Belə ki, 2009-cu illə müqayisədə həm Azərbaycan valyutasının alıcılıq qabiliyyəti, xidmətlər fərqlidir. Bu illər ərzində müəyyən yeniliklər aparılıb və təkmilləşdirilib. Bu xidmətlərin göstərilməsinə çəkilən xərclər də yüksəlib. Əvvəl kustar üsulla qeydiyyat idisə, indi elektron sistemlə işləyir”.

“Nəzərə almalıyıq ki, bu xərcləri ödəyəcək hər bir şəxs pandemiya dövründə müəyyən problemlərlə üzləşiblər. Elə bir ortaq variant tapmaq lazımdır ki, öz yaşayışı üçün mənzil alan, yaşayış məkanını təmin edən şəxslərə bu qiymətlərin artması, xidmətlərin qiymətlərinin qaldırılması o qədər də çox təsir etməsin. Obyekt alan şəxslərə bu və ya digər dəyişikliklərin tətbiq olunmasını normal qarşılamaq olar. Böyük bir investisiya qoyan şəxs xidmətlər üçün tələb olunan xərclərin ödənilməsini qəbul etməlidir. Bu addımlardan vətəndaşlara hər hansı problem yaranmamasına çalışmaq lazımdır.

Əvvəlki tariflərə nəzər saldıqda, obyektlərin xidmət xərcləri ilə mənzillərin xidmət xərcləri arasında elə də fərq yox idi. Yeni qiymətlərin bu istiqamətdə təsnifləşdirilməsi arzuolunandır.

“Mən çox ciddi fərq yaranacağını düşünmürəm. Çünki nə qədər xərclər artırılsa da, bu xərclər əmlakı bazara təklif edənin nəzərdə tutduğu təklif qiymətinə əlavə olunaraq qiyməti yüksəldir. Lakin bunu alan şəxs hazırki vəziyyətə görə yaranmış sıxıntılar səbəbindən tələbi qarşılaya bilmir. Bu halda satıcı qiyməti alıcının mövcud büdcəsinə uyğun tənzimləməlidir”.