Azərbaycanda əmanətlərin sığortalanması ilə bağlı qanun qəbulu bu mövzu ətrafında müzakirələrə səbəb olub. İqtisadçı ekspert bu barədə fikirlərini Fins.az-la bölüşüb
- Digər ölkələrdə əmanətlərin sığortalanması prosesi necə baş verir?
- Əmanətlərin sığortalanması sistemi dünyanın 140-dan çox ölkəsində tətbiq edilir. Bu ölkələrin böyük əksəriyyətində əmanətlər üzrə limit tətbiq etdiyi halda, limit tətbiq etməyən ölkələrə də rast gəlmək olar.
Limitsiz kompensasiya mexanizmi bir qayda olaraq iqtisadi böhran zamanı müvəqqəti tətbiq edilir. Misal üçün, 2007-2009-cu illərdə Almaniya, Danimarka, Sinqapur, Malayziya, Tayland, Macarıstan müvəqqəti limitsiz kompensasiya mexanizmi tətbiq ediblər. Hazırda Azərbaycan və Belarusiyada əmanətlərin limitsiz kompensasiyası mexanizmi qüvvədədir. Azərbaycanla qonşu ölkələrdə əmanətlərin sığortalanması təcrübəsi: Gürcüstan - 5.000 lari (3.200 manat), Rusiya - 1.4 milyon rubl (36.000 manat), Türkiyə - 100.000 lirə (32.000 manat), Qazaxıstan - 15 milyon təngə (66.000 manat) məbləğinədək əmanətlər sığortalanır.
Sığorta hadisəsi baş verdikdə yalnız limit qədər olan əmanətin məbləği sığortalanır. Bundan başqa, ABŞ-da 250.000 dollar (425.000 manat), Kanadada 100.000 dollar (170.000 manat), əksər Avropa İttifaqı ölkələrində 50.000 avro (100.000 manat), Malayziyada 250.000 rinqit (104.000 manat) və Estoniyada isə 100.000 avro (200.000 manat) həcmində olan əmanətlər sığortalanır. Ölkələr üzrə müqayisə onu göstərir ki, Azərbaycanda əmanətlərin tam sığortalanması bu sahədə vətəndaşların maraqlarını ən yüksək səviyyədə qorunur.
- Sığortalanmamış əmanətlər üçün təhlükə nədən ibarətdir? Depozit sahibləri bununla bağlı nə edə bilər?
- Azərbaycanda reallıq budur ki, bir çox hallarda vətəndaşlar əmanət qoymaq üçün bank seçimi zamanı bankın maliyyə göstəricilərini və ya mövcud nüfuzunu nəzərə almaq əvəzinə şəxsi tanışlıq və ya həmin banklarda işləyən qohumlarının olması faktoruna daha çox üstünlük verirlər. Bu zaman nəzərə almaq lazımdır ki, hansı bankda əmanət üzrə faiz dərəcəsi aşağıdırsa deməli bankın likvidlik dərəcəsi yüksəkdir. Yəni, əgər bank əmanət üzrə sığortalanmış faiz dərəcəsindən yuxarı faiz təklif edirsə demək ki, həmin bankın likvidliklə bağlı problemi var. Əmanətlərin Sığortalanması Fondunun şərtləri və fonda üzv bankların siyahısı məlumdur. Odur ki, əmanətin yerləşdirilməsi zamanı bankın və əmanət şərtlərinin seçilməsi üzrə məsuliyyət əmanətçinin öz üzərinə düşür. Əgər mövcud əmanət üzrə şərtlər sığorta tələblərinə cavab vermirsə əmanətçi müvafiq banka müraciət edərək əmanət şərtlərinə yenidən baxılmasını tələb edə bilər.
- Əmanəti yerləşdirmək üçün hansı bankları seçmək məsləhət görərdiniz? Xarici səhmdarları olan banklara etibar etmək olarmı?
- Bank seçimi zamanı ilk növbədə Əmanətlərin Sığortalanması Fondunun rəsmi veb saytında dərc edilən bankların siyahısına baxmaq lazımdır. Siyahıda xarici səhmdarları olan banklardan ZiratBank, Bank VTB, YapıKredi Bank, Pakistan Milli Bankı (Bankı filialı) və Bank Melli İran var. Şərtlər bütün banklar üçün eynidir. Bundan əlavə olaraq seçim zamanı bankın maliyyə gösəricilərinə diqqət yetirmək lazmdır. Mətbuatda bankların müxtəlif maliyyə göstəriciləri, o cümlədən depozit portfeli üzrə reytinqlər mütəmadi olaraq dərc edilir. Artıq uzun müddətdir ki, depozit portfeli üzrə ilk beşlikdə Beynılxalq Bank, Kapital Bank, Paşa Bank, Xalq Bank və Bank Respublika yer alır.