MÜSAHİBƏ

26 Noyabr

Azər Əliyev: Azərbaycanın sığorta bazarı volatil yox, artan xətt üzrə inkişaf edir

Bakı, 26 noyabr Fins.az

Azərbaycanda sığorta bazarının davamlı inkişafı mühüm strateji əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə maliyyə sahəsi qarşısında çeviklik, rəqabətqabiliyyətlilik və innovativlik kimi yeni vəzifələr müəyyən edilib. Azərbaycanda qurulmuş sağlam iqtisadi inkişaf modeli və vaxtında həyata keçirilən preventiv tədbirlər nəticəsində sığorta bazarı daha böyükmiqyaslı neqativ təsirlərdən yayına bildi. Növbəti mərhələdə pandemiyanın yaratmış olduğu boşluqların doldurulması, dəyişən müştəri davranışları və yeni dönəm şərtlərinə adekvat fəaliyyətin tətbiqi sığortaçılar üçün başlıca prioritet olacaq. Azərbaycan Sığortaçılar Assosiasiyası müşahidə şurasının sədri Azər Əliyev sığorta bazarı iştirakçılarının stimullaşdırılması istiqamətində atılan addımlar, COVID-19 pandemiyasının sığorta bazarına vurduğu ziyanlar, təcavüzkar Ermənistanın işğalı altında olmuş ərazilərimizin sığorta potensialı barədə AZƏRTAC-a müsahibə verib.

- Azərbaycan Mərkəzi Bankının sığorta bazarı ilə bağlı açıqladığı icmal hesabatları fonunda sektorun mövcud vəziyyətini necə xarakterizə edərdiniz?

- Mərkəzi Bankın yerli sığorta bazarı üzrə açıqladığı yanvar-sentyabr aylarını əhatə edən icmal göstəricilərinə ümumi nəzər salsaq, artım dinamikasını müşahidə etmiş olarıq. Belə ki, qeyd olunan dövr üzrə sığorta şirkətlərinin təmin etdiyi yığım 581,5 milyon manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 59,1 milyon manat çoxdur. Bu müsbət dinamika ayrı-ayrılıqda ənənəvi sığorta növləri üzrə də müşahidə edilir. Eyni zamanda, ilin əvvəlindən etibarən aylar üzrə yığım nisbətində də davamlı artım təmin olunub. Əslində bu, gözlənilən idi. Real artım dinamikası onu göstərir ki, artıq əhalidə, yəni mövcud və potensial sığortalı kontingentində sektora olan konspiroloji və konservativ yanaşma tədricən dəyişir, vətəndaşlarda sığortaya inam formalaşır. Bu da təsadüfi deyil. Çünki Azərbaycan Mərkəzi Bankı sığorta sektoruna nəzarət funksiyasını icra etməyə başladığı andan etibarən ölkədaxili sığorta sisteminin yenidən formalaşdırılması və inkişafının stimullaşdırılması ilə bağlı əsaslı addımlar atır. Cari ilin əvvəlindən etibarən intensivləşən bu mütərəqqi addımlar yeni və daha fundamental əsasları özündə ehtiva edən layihələrlə daha da sürətlənib.

Qeyd edim ki, təkcə bu il ərzində sığorta sektorunun inkişafı ilə bağlı geniş trayektoriyanı əhatə edən 6 irihəcmli layihənin icrasına başlanılıb və icra mexanizmi formalaşdırılıb. Bu layihələr də təbii ki, sektora nəzarətedici qurum olan Azərbaycan Mərkəzi Bankının təşəbbüsü, eyni zamanda, alt requlyator funksiyasını icra edən Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosunun təşkilatçılığı ilə uğurla reallaşdırılır. Buna misal olaraq sığorta sektorunda kadr potensialının formalaşdırılması və sektorda çalışan mütəxəssislərin bilik və bacarıqlarının artırılması, sığorta ilə bağlı maarifləndirmə və əhalində sığorta vərdişlərinin formalaşdırılması və digər bu kimi layihələri göstərə bilərik. İnkişafı sürətləndirən bu kimi layihələrə əsaslanaraq deyə bilərəm ki, sığorta sektorunda artım dinamikası qənaətbəxşdir. Çünki Azərbaycanın sığorta bazarı bu gün volatil yox, artan xətt üzrə inkişaf edir və bu reallıq da onu deməyə əsas verir ki, biz 2021-ci ildə də artım dinamikasını qoruyub saxlaya biləcəyik.

 

- Əvvəlki açıqlamalarınızda qeyd etmişdiniz ki, sığorta bazarı iştirakçıları mövcud potensialdan kifayət qədər istifadə edə bilmir. Azərbaycan Sığortaçılar Assosiasiyası alt requlyator olaraq bazar iştirakçılarının stimullaşdırılması üçün hazırda nə kimi addımlar atır?

- Bəli, Azərbaycanın sığorta potensialı əhəmiyyətli dərəcədə böyükdür və buna baxmayaraq yerli sığorta bazarı iştirakçıları bu gün bu potensialdan tam istifadə edə bilmir. Bunun da obyektiv və subyektiv səbəbləri var. Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və yerli sığorta bazarı iştirakçılarının qarşısında duran başlıca prioritetlərdən biri məhz bütün sığorta növləri üzrə 100 faizlik penetrasiyaya nail olmaqdır. Bunun üçün də əhalinin sığorta savadlılığı, sığortaya olan inam faktoru əsas amildir. İlk suala cavabda da qeyd etdiyim kimi, bu gün vətəndaşların sığorta sektoruna olan şübhəli və mühafizəkar yanaşması dəyişir. İnam və etibar formalaşır. Lakin bu proses tədricən və mərhələli şəkildə baş verir. Biz Azərbaycan Sığortaçılar Assosiasiyası olaraq əsaslı şəkildə başlatdığımız təbliğat və maarifləndirmə layihələrimizlə əhalinin sığortaya olan inamını tam şəkildə formalaşdırıb onların sığorta ilə bağlı məlumatlılığını təmin etməyə çalışırıq. Hesab edirəm ki, bu təbliğat prosesi müəyyən bir müddətdən sonra öz müsbət nəticələrini vermiş olacaq. Digər bir istiqamət isə məhz kadr potensialı, yəni sığortada peşəkarların sayının artırılması və mütəxəssislərin bilik və bacarıqlarının dünyəvi sığorta standartlarına uyğunlaşdırılması ilə bağlıdır. Artıq bununla bağlı da işlərə başlanılıb. Belə ki, bildiyiniz kimi, Azərbaycanda türkiyəli sığortaçıların genişmiqyaslı təlim proqramı həyata keçirilir. Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və TSEV (Türk Sigorta Enstitüsü Vakfı) arasında əldə olunmuş razılığa əsasən reallaşdırılan bu layihənin əsas məqsədi sığorta sektorunda kadr potensialının inkişaf etdirilməsi, peşəkar kadrların sayının artırılması və bütün bu faktorların uğurlu nəticəsi olaraq ölkədə sığorta sektorunun dayanıqlı inkişafının təmin olunmasından ibarətdir. Əslində Azərbaycan sığorta sektorunun yeni inkişaf mərhələsində olduğunu nəzərə alsaq, dünya təcrübəsini özündə ehtiva edən bu kimi layihələrin reallaşdırılması sektorun inkişafını sürətləndirən başlıca amillərdəndir. Uğurlu nəticələrlə təsdiqini tapmış beynəlxalq praktikanın yerli sığorta bazarında da tətbiqi sektor üzrə proteksionist meyillərin beynəlmiləl çağırışlarla əvəz olunmasına əyani sübutdur. Nəticə etibarilə peşəkar sığortaçı kontingentinin genişləndirilməsi və yerli sığorta bazarında Türkiyə timsalında dünyəvi yanaşmanın tətbiqi müasir inkişaf mərhələsinin fundamental əsaslarını təşkil edir.

 

- Sığorta sektoru bir iqtisadi klassifikasiya kimi cari ilin əvvəlindən etibarən xarici şoklardan və neqativ tendensiyalardan özünü nə dərəcədə qoruya bildi?

- İlin ilk aylarından etibarən COVID-19 pandemiyası ölkəni və dünyanı öz cənginə aldı və inkişafa təhdid formalaşdırdı. Proqnoz edildiyi kimi bu, dünya iqtisadiyyatlarına olduğu kimi Azərbaycanda da müxtəlif sektor və seqmentlərə neqativ yöndə təsir etdi. Bu neqativin təsiri sığorta sektorundan da yan ötmədi. Bəzi sığorta növləri üzrə yığımlarda azalma və hətta dayanma müşahidə olundu. Lakin bazar üzrə icmala baxsaq görərik ki, ümumi yığımlarda artım dinamikası təmin olundu. Bu da onu göstərir ki, pandemiya sığorta sektoruna məhdud formada neqativ təsir edib. Azərbaycanın sığorta sektoru pandemiyanın daha böyük zərərlərindən yayına bildi. Bu da heç şübhəsiz təsadüfi deyil. Çünki bu gün Azərbaycanda sağlam iqtisadi inkişaf modeli mövcuddur və gözlənilən xarici şoklara, eyni zamanda, digər neqativ elementlərə qarşı vaxtında preventiv addımlar atılır.

Azərbaycan Mərkəzi Bankının pandemiya dövründə sığorta sektoruna dəyə biləcək zərərlərin minimumlaşdırılması məqsədilə tətbiq etdiyi “Tədbirlər planı” bu mənada öz müsbət təsirini göstərdi. Nəticə etibarilə yerli sığorta bazarının bu gün də davam edən pandemiya dövründə qarşılaşdığı zərərləri minimum səviyyədə saxlandı. Bu strateji plan yerli sığorta bazarı iştirakçılarının izolyasiya dövründə də fəaliyyətlərinin stimullaşdırılması, itkilərin minimum həddə saxlanması, davamlı fəaliyyətin təmin olunması ilə nəticələndi. Bütün bunların uğurlu nəticəsi olaraq yerli sığorta bazarında pandemiya şərtləri çərçivəsində yeni fəaliyyət immuniteti formalaşdı. Çünki bu proses öz neqativ elementləri ilə yanaşı, həm də müsbət nüanslarla da müşayiət olundu. Belə ki, elektron üstünlüklərdən istifadə ilə yerində yox, məsafədən xidmət sığorta prosesində operativliyi təmin etdi. Bu istiqamətdə yerli sığorta bazarı iştirakçıları pandemiya ilə dəyişən müştəri davranışlarına adekvat fəaliyyət strategiyaları formalaşdırdı ki, bu da bazarda yeni özünümüdafiə instinkti yaratdı.

 

- Azərbaycanın 30 ilə yaxın işğal altında olan əzəli və əbədi əraziləri azad edildi. Postkonflikt dövrünün yerli sığorta bazarı üçün vəd etdiyi potensialı necə səciyyələndirirsiniz?

- İlk olaraq Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi münasibətilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevi, müzəffər və qalib Azərbaycan Ordusunu və əziz xalqımızı ürəkdən təbrik edirəm. Vətənimizin hər qarışı dəyərli olduğu kimi, həm də ölkənin inkişafı üçün yüksək potensial vəd edir. Bu potensial təbii ki, sığorta sektoru üçün də keçərli və önəmlidir. Bildiyiniz kimi, assosiasiyamızın analitik-araşdırma qrupu bununla bağlı bir araşdırma apararaq nəticələri ictimaiyyətə açıqlamışdı. Araşdırmada qeyd olunurdu ki, düşmən tərəfindən bu günə qədər işğal altında saxlanmış şəhər və kəndlərimizdə 1993-cü il, yəni işğal olunduğu tarixə qədər mövcud olan və erməni vandalları tərəfindən tam yararsız hala salınmış yaşayış və qeyri-yaşayış obyektlərinin cəminə görə Azərbaycan sığorta bazarı təkcə “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə bir ilə 4 milyon 985 min 100 manat, işğal altında olmuş 30 ilə isə 149 milyon 553 min manat yığım təmin edə bilərdi. Bu, sadəcə “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə ölkə iqtisadiyyatının sığorta bazarından təmin edə biləcəyi və düşmən işğalı səbəbi ilə itirdiyi maddi vəsaitdir. Bu qəbildən yüklərin sığortası, vətəndaşların fərdi sığortası, eyni zamanda, elektrik, təbii qaz, su kommunikasiya xətlərinin sığortası, kənd təsərrüfatı sığortası, avtomobillərin sığortası, irriqasiya sistemlərinin sığortası və sair nüansları da nəzərə alsaq, 30 illik erməni işğalının Azərbaycanın sığorta bazarına vurduğu zərər ümumi həcmdə 1 milyard manata yaxındır. Lakin hesab edirəm ki, bu, bərpaolunmaz itki deyil. Çünki Azərbaycanda sağlam iqtisadi inkişaf modeli tətbiq olunur. Azərbaycanın işğaldan azad edilmiş əzəli və əbədi əraziləri bundan sonra inkişaf edəcək, orada infrastruktur qurulacaq, yeni bir Qarabağ yaradılacaq. Bu da hər bir sahəyə olduğu kimi, sığorta sektoruna da öz müsbət töhfəsini vermiş olacaq. Biz istəyirik ki, həmin ərazilərdə infrastruktur qurularkən, ərazilər yenidən bərpa olunarkən sığorta xidmətlərinin orada tətbiq olunmasına da hansısa bir formada dövlət dəstəyi və ya nəzarəti həyata keçirilsin. Çünki sığortanın başlıca predmeti riskdir. Ətrafımızdakı mövcud və potensial risklər də qaçılmazdır. Bu risklərin doğru dəyərləndirilməsi üçün ən optimal təminat mexanizmi də elə məhz sığorta sistemidir. Azərbaycan Sığortaçılar Assosiasiyası olaraq bildirmək istəyirik ki, yerli sığorta bazarı iştirakçıları məsələyə məhz vətənpərvər nöqteyi-nəzərdən yanaşaraq Qarabağımızın hər qarşının bu gününü, sabahını sığortalamağı arzu edir. Azərbaycanın sığorta bazarı bu günə qədər inkişaf mərhələsində idi. Otuz ilə yaxın işğal altında saxlanmış ərazilərimizin azad edilməsi ilə biz yeni inkişaf mərhələsinə qədəm qoyuruq. Biz sığortalı gələcəkdə qazanacağımız növbəti uğurları bu gündən etibarən sığortalamalıyıq. Çünki bu günün reallığı sabahın sığortasıdır.