MÜSAHİBƏ

28 Dekabr

Qazanmaq istəyirsizsə investisiya məsləhəti alıb sonra investisiya edin

Bakı, 28 dekabr Fins.az 

Bildiyiniz kimi, koronovirus dünya iqtisadiyyatına ciddi zərər vurub. İnkişaf etmiş ölkələr hələ 2020-ci ildə 4-10% ətrafında geriləmə (tənəzzül) yaşayır. Nəzərə alsaq ki, dünya iqtisadiyyatının 68%-ini xidmət sektorundan formalaşan dəyər təşkil edir, iqtisadi geriləmənin potensialını təsəvvür edə bilərik. Xüsusilə, inkişaf etmiş ölkələrdə ehtiyacdan artıq formalaşmış tələb, yəni süni yaradılmış tələb aradan qalxmalı olacaqdır. Digitallaşma isə iş yükünü və müvafiq olaraq gəlirləri aşağı salacaqdır. Belə olan halda rüblük təqdim edilən iqtisadi artımlar da uzunmüddətli dövrlərdə iqtisadi geriləmə ilə müşayət ediləcəkdir. Görünən odur ki, hər hansı bir məhsulun və ya xidmətin satılması çətinliklə müşayət edildikcə bizneslər və bəzi hallarda ölkələr borclarını ödəməkdə çətinlik çəkə, bankrotluq həddinə çata bilər. Bu isə valyutaların da məzənnəsinə təsirsiz ötüşməyəcəkdir.

İnvestisiya edərkən valyuta, sektor, şirkət və onun strategiyası mütləq şəkildə ciddi analiz edilməli və bu maliyyə sahəsində əhəmiyyətli təcrübəyə malik şəxslərdən investisiya məsləhətləri alınmalıdır. İnvestisiya şirkətləri fəaliyyəti etibarı ilə bu təhlilləri daimi aparmalıdır.

Torpaqlarımızın işğaldan azad olunması ölkəmizdə investisiya edilməsi üçün geniş imkanların açılmasına böyük potensial vəd edir. Nəzərə almaq lazımdır ki, torpaqla yanaşı böyük həcmdə və əhəmiyyətli mövqe də azad edilmiş su ehtiyatlarımız da ölkədaxili investisiyaları artıracaqdır. Azad edilmiş torpaqlarda dövlət tərəfindən investisiyalarının edilməsi və bu qoyulmuş ümumi investisiyaların böyük həcmi iqtisadiyyatda akselerator rolu oynayacaqdır. Məlumdur ki, dünyada mənfi faiz dərəcələri hökm sürür. Bu bizə aşağı faizlə xarici investisiya cəlb etmək imkanı yaradır. Eyni zamanda xaricdə yaşayan və xaricdə investisiya etmiş Azərbaycanlıların da yeni yaranmış vəziyyətdə investisiyalarını Azərbaycana daşıyacaqlarını proqnoz etmək olar. Ölkəmiz regionda ən aşağı vergi tətbiq edən və ciddi vergi güzəştləri olan ölkələrdəndir. Bu da effektiv biznesi Azərbaycanda qurmaq və gəlirin böyük hissəsini dividend şəklində götürmək üçün sahibkarlara imkan təqdim edir.

Azərbaycanın idxal etdiyi yeyinti məhsullarının rəqabətqabliyyətli və effektiv istehsalı üçün artıq ciddi təcrübəyə malik şirkətlərimiz var. Eyni zamanda ölkəmizin müharibədən qalib çıxması və müharibə şəraitinin aradan qalxması xarici və xaricdə yaşayan Azərbaycanlı mütəxəsis və investorların da diqqətini cəlb etməklə yanaşı, ölkəmizdə müasir texnologiyalara əsaslanan investisiya imkanlarını artıracaq.

Odur ki, növbəti 2 il üçün investisiya imkanları və onların riski artıb. İnvestisiya edərkən çox diqqətli olmaq tələb edilir. İnvestisiya etmək qərarı verdiyiniz zaman mütəxəsislərlə məsləhətləşmək mütləqdir. İnvestisiyanızın 1000-də biri qədər komissiya ödəməyiniz bütün investisiyanızı qoruya bilər. Bu faktor ən azı bu məbləğdən 100 dəfə artıq qazanc götürməyə şərait yaradacaq. Hər birimizin ətrafında 4-5 ildir dollar alıb devalvasiya gözləyən investorlar var. Bu investorlar 5 il ərzində manatda illik 10% gəlir əldə etsəydilər artıq vəsaitləri 50% artmışdı.

İnvestisiya məsləhəti almaq üçün istənilən şəxs //afi.az/investment-services/ linkinə daxil olaraq “Müştərimiz ol” düyməsinə klik etməklə açılan pəncərədə özü haqqında məlumatı yerləşdirə bilər.

Müəllif: İntiqam Səfərəliyev

AzFinance İnvestisiya Şirkətinin Direktoru