MÜSAHİBƏ

18 Noyabr

Azərbaycanın ərazi bütövlüyü bizim üçün müqəddəs və əhəmiyyətlidir

Bakı, 18 noyabr Fins.az 

Bizə olan təzyiqlərin səbəblərinin biri də məhz budur ki, müstəqil siyasət aparırıq, öz yolumuzla gedirik, heç kimin sözü ilə oturub-durmuruq, heç kimin qarşısında baş əymirik... Bu hadisələr baş verən kimi dərhal bizə qarşı müntəzəm olaraq qara təbliğat aparanlar, qeyrihökumət təşkilatları və bəzi ölkələrin dairələri, media nümayəndələri hərəkətə keçdilər ki, Azərbaycanın imici ləkələnsin, bizə böhtan atılsın, bizim haqqımızda olmayan yalanlar uydurulsun və beləliklə, informasiya məkanında bu münaqişə ilə bağlı yanlış bir rəy, yanlış bir fikir yaradılsın. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “CNN-Türk” televiziyasına müsahibəsindən

Mən və minlərlə soydaşım otuz il idi ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, həm də ədalətli şəkildə həll ediləcəyinə sadəlövhcəsinə inanırdıq. Çünki ortada haqqın -- ədalətin bərpasına zəmin yaradacaq beynəlxalq hüquq prinsiplərinin olduğunu bilirdik. Bu münaqişənin həlli missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupu var idi. Həmin qrupa dünyanın üç aparıcı dövləti həmsədrlik edirdi və biz onların ədalətli mövqe nümayiş etdirəcəyi günü səbirsizliklə gözləyirdik.

Sentyabrın 27-dən – Ermənistanın daha çox ərazilər işğal etmək üçün başladığı təhrikedici əməliyyatlardan – bəli, həmin addımlar təxribat məqsədilə deyil, məhz Azərbaycanı müharibəyə təhrik etmək üçün atılmışdı – sonra isə məlum oldu ki, biz inanıb ədalətli mövqe gözlədiyimiz bəzi siyasi dairələr məhz Ermənistanın maraqlarını qoruyurmuş.

Silahlı qarşıdurmanın quldur və qaniçən, uşaq qatili, vəhşilikdən əl çəkə bilməyən Ermənistana sərf etmədiyini görən Nikol Paşinyan dünyanın müxtəlif paytaxtlarına zəng etməyə başladı. Onun yalvarışlarını eşidən Fransa Prezidenti Emmanuel Makron isə bir neçə dəfə Azərbaycan Prezidentinə zəng etdi ki, atəşi dayandırın, min illərdən bəri ata-babanızın məskəni olmuş doğma torpaqlarınızı Ermənistandan sülh danışıqları ilə istəyin. Azərbaycan Prezidenti ona başa saldı ki, biz xalqımızın və dövlətimizin yeni şanlı tarixini yazırıq, tarixi ədaləti bərpa edirik. Biz heç kəsə qarşı müharibə etmirik, öz ölkəmizdə, öz torpaqlarımızı işğaldan azad edirik.

Dünyanın mədəni xalqlarından birinin təmsilçisi, ən güclü dövlətlərdən birinin başçısı olan Emmanuel Makronun bu sadə həqiqətləri başa düşməməsi qətiyyən inandırıcı deyildi. Ancaq, o, Azərbaycan Ordusunun haqq işinin dərhal dayandırılmasını israrla tələb edirdi. Çünki Ermənistan ordusunun darmadağın edilməsini görmək istəmirdi. Hərbi əməliyyatların tarixçəsinə baxırıq. Döyüşlərin başlandığı ilk gün – günortadan sonra Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək, təmas xəttindəki silahlı qarşıdurmanın baş verməsindən ölkəsinin narahatlıq hissi keçirdiyini qeyd edir və münaqişənin danışıqlar yolu ilə həll olunmasının vacibliyini vurğulayır.

İşğalçını açıq-açığına dəstəkləyən həmsədrin Bakıdan aldığı cavab aydın və konkretdir: “Ermənistan rəhbərliyi şüurlu şəkildə danışıqlar prosesini pozur. Ermənistan rəhbərliyinin “Dağlıq Qarabağ Ermənistandır” bəyanatı danışıqlara ciddi zərbə vurub. “Azərbaycan Dağlıq Qarabağla danışıqlar aparmalıdır” bəyanatı isə danışıqlar formatının dəyişdirilməsi cəhdidir ki, bu da qəbuledilməzdir və bu, Minsk qrupunun rəhbərliyi tərəfindən də bildirilib”.

Ermənilərin avropalı müdafiəçisinə başa salınır ki, Ermənistanın Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və cəbhə xətti boyu yerləşən yaşayış məntəqələrimizi ağır artilleriya silahlarından atəşə tutması nəticəsində mülki şəxslərimiz və hərbi qulluqçularımız həlak olub, Azərbaycan Silahlı Qüvvələri buna cavab olaraq uğurlu əks-hücum əməliyyatları həyata keçirir. Üstəlik, Nikol Paşinyanın himayədarına deyilir ki, hadisələrin gələcək inkişafına görə məsuliyyət Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür.

Biz o zaman güman edirdik ki, cənab Makron davam edən proseslərə görə Ermənistanın başına ağıl qoyar. Sən demə, Ermənistanın baş nazirində ağıllı fikri qəbul edən baş yox imiş, Fransa Prezidentində isə ağıl qoymaq həvəsi. Amma ortada Ermənistanın ciddi məğlubiyyətə uğramaq təhlükəsi var idi. Ona görə də oktyabrın 3-də Parisdən Bakıya növbəti dəfə zəng gəldi ki, biz prosesdən narahatlıq hissi keçiririk və gəlin, hərbi əməliyyatları dayandıraq.

Bu, o zaman idi ki, Azərbaycan əsgərinin qarşısından acizanə surətdə qaçan Paşinyan ordusu bizim mülki əhalimizə qarşı istifadəsi qadağan edilmiş ağır siahlardan durmadan atəş açırdı. Ona görə də Azərbaycan Prezidenti bizə dərs vermək istəyən həmsədri fakt qarşısında qoydu: “Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin ağır artilleriya atəşinə tutulması nəticəsində 19 mülki şəxsimiz həlak olub, 60-dan çox adam yaralanıb, yüzlərlə ev dağıdılıb. Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatları həyata keçirərək işğal olunmuş ərazilərimizin bir hissəsini işğaldan azad edib”.

Dövlət başçımız onu da xatırlatdı ki, Ermənistan danışıqlar prosesinin pozulması istiqamətində addımlar ataraq bu prosesə böyük zərbə vurub. Danışıqların pozulması, eləcə də silahlı qarşıdurmanın yaranmasına görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür.

Ermənistanı məğlubiyyətdən xilas etmək üçün Bakıya zənglərinin təsiri olmayan Fransa Prezidenti “Əl- Cəzirə” telekanalının saytına müraciət etdi. Makron Fransa kimi ölkənin rəhbərinə yaraşmayan mövqe ortaya qoyaraq yazdı ki, İslam dini bu gün böhran yaşayır. Məqalədə Prezident Emmanuel Makronun “İslamçı radikalizm”ə qarşı Fransanın dünyəvi dəyərlərini qorumaq üçün öz planını açıqladığı bildirilir. Qeyd edilir ki, o, bu gün İslam dininin bütün dünyada “böhran içində olduğunu” söyləyib. Onun bu fikirləri müsəlman fəallarının kəskin əks-reaksiyasına səbəb oldu. Həmin məqalədə Makronun əsas məqsədi İslam dünyasında böyük nüfuza malik olan Azərbaycanın mövqelərini zəiflətmək idi. Alınmadı. Nəticədə Emmanuel Makronun mövqeyi Fransanın Azərbaycanla ikitərəfli münasibətlərini çox ciddi zədələməklə yanaşı, Minsk qrupunun həmsədri kimi rolunu da şübhə altına aldı.

Ekspertlərin fikrincə, Emmanuel Makron nəinki Fransada yaşayan erməni seçicilərin səsi uğrunda mübarizə aparır, eyni zamanda, bütün müsəlman aləmində destabilizasiya yaratmağa çalışır. Makron son günlərdə verdiyi açıqlamaları ilə çox şey itirib. Ümumiyyətlə, həm hörməti, həm də fransız xalqı arasında nüfuzu aşağı düşüb. Bu yaxınlarda aparılan sorğunun nəticələrinə əsasən Fransa xalqı arasında Makronun nüfuzu 30 faizdən aşağı olub.

Ona görə də Ermənistanı müdafiə etmək missiyasının öhdəsindən gələ bilmədi. Çünki o, ədalətsizliyi və terrorçunu, başqasının torpağına təcavüz etmiş işğalçı dövləti dəstəkləyirdi. Beynəlxalq təcrübə göstərir ki, bu üsulla heç bir siyasətçi heç bir halda özünə reytinq qazana bilməz. Üstəlik, bütün dünya Ermənistanın necə bir dövlət olduğunu dərk edib. Beynəlxalq qurumlar Ermənistanın mahiyyətini başa düşür və Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı olduğunu tamamilə anlayır. Odur ki, beynəlxalq təşkilatlar məsələnin ədalətli həllinə tərəfdardırlar.

Ancaq Azərbaycanın haqq işinə qarşı ədalətsiz mövqe nümayiş etdirən təkcə Fransa rəhbərliyi deyildi. Müharibənin getdiyi 44 gündə dünyanın otuzdan artıq kütləvi informasiyasına müsahibə verən Azərbaycan Prezidenti İlham Əliyev bəlkə də yüzdən çox qərəzli, məkrli, böhtançı, uydurma, təhrikedici, hətta Azərbaycanın mövqeyini aşağılamaq məqsədilə səsləndirilən sualları cavablandırdı. Özü də böyük təmkin və səbrlə.

Sentyabrın 27-dən bəri baş verən proseslərin məsuliyyətinin birbaşa Nikol Paşinyanın üzərinə düşdüyü barədə deyilənləri əsaslandırmaq üçün bir faktı yada salmaq kifayətdir. Cəmi iki il hakimiyyətdə olan bu xəstə erməni mətbuat qarşısında demişdi ki, “Mən dünyada azərbaycanlılar kimi qorxaq xalq tanımıram.” Bundan böyük təhqir ola bilərdimi? Böyük dövlətlərin dəstəyinə arxayın olan bu məxluq hər həftə Şuşada kef məclisi qurub “yallı” gedirdi. Oyuncaq respublikanın prezidentinin andiçmə mərasimini Şuşada keçirən erməni liderinin cilovunu çəkən olmadığından o artıq münaqişədən kənar bölgələrdə hərbi əməliyyatlar keçirməklə məsələni daha da mürəkkəbləşdirdi. Yəni təkcə Makron yox, Ermənistanın bütün havadarları başa düşməlidirlər ki, onlar Ermənistanın zəncirini çox buraxmışdılar. Ona görə də Azərbaycan əsgərləri böyük dövlətlərin nökərini torpaqlarımızdan “iti qovan kimi” qovdular.

Ekspertlər yazırlar ki, BMT nizamnaməsinin 51-ci maddəsi dövlətlərə “onlara qarşı edilən hər hansı hücum zamanı özlərini müdafiə etmək və gücdən istifadə etmək hüququ verir -- bu hüquq üçün ani, gözlənilməz və qarşısıalınmaz bir vəziyyətin olması şərtdir”. Bu cür təhlükənin qarşısının alınması üçün görülən tədbirlər məntiqli, mövcud təhlükə ilə eyni nisbətdə olmalıdır. Dövlətlər bu haqlarından istifadə etməzdən əvvəl Təhlükəsizlik Şurasına məlumat verməli və BMT nizamnaməsinin 41 və 42-ci maddəsinə uyğun olaraq müvəqqəti tədbirlər -- diplomatik sanksiya, iqtisadi sanksiya və nəhayət, hərbi sanksiya tədbirləri görməlidirlər.

Yəni Azərbaycan öz haqq işini reallaşdırmaq, ərazi bütövlüyünü bərpa etmək, ölkə əhalisinin təhlükəsizliyini qorumaq üçün başladığı ikinci Qarabağ müharibəsini BMT Nizamnaməsinə uyğun olaraq, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin icrası kimi reallaşdırmışdır. Ona görə də bu məsələyə ədalətsiz yanaşanların səsküyü tamamilə boş və məzmunsuzdur. Biz onların heç birini əsaslı məqam kimi qəbul etmirik.

Dövlət başçımızın “CNN-Türk” televiziyasına verdiyi müsahibədə dediyi kimi, bizə qarşı qara təbliğat uzun illər ərzində aparılır: “Bunun bir neçə səbəbi var. Onlardan biri də odur ki, Azərbaycan dünya miqyasında müstəqil siyasət aparır. Bizim siyasətimizin mərkəzində Azərbaycan xalqının maraqları dayanır. Biz başqa ölkələrin əlində alət olmamışıq, olmaq da istəmirik və olmayacağıq. Bugünkü Azərbaycanın inkişafı, bütün istiqamətlər üzrə əldə edilmiş inkişaf göstərir ki, Azərbaycan haqq yolundadır”.