Prezident İlham Əliyevin “ARD” telekanalına müsahibəsini dinləyərkən
Azərbaycan Prezidenti növbəti müsahibəsində də təlimatlandırılmış jurnalistin qərəzli sualları qarşısında cəsarətli müsahib, müdrik dövlət başçısı, qətiyyətli Ali Baş Komandan, hazırcavab diplomat, bilikli tarixçi və qeyrətli vətəndaş mövqeyi nümayiş etdirdi. İlham Əliyevin Almaniyanın “ARD” televiziya kanalına verdiyi bu müsahibə də Prezidentin əvvəlki nitqlərinin, səsləndirdiyi fikirlərin məntiqi davamı kimi dəyişməz mövqeyini təsdiq etdi. Cənab İlham Əliyev bir daha Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri tarixi, hüquqi, siyasi aspektlərdən şərh edərək, Ermənistanın işğalçılıq siyasətini, Azərbaycanın konstruktiv mövqeyini dünya ictimaiyyətinə çatdırdı. Destruktiv siyasət yürüdən Ermənistana və havadarlarına dövlət başçımız Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınan ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll oluna biləcəyini bəyan etdi.
Almaniyanın “ARD” telekanalına müsahibədə İlham Əliyevin tək bir cavabı bütün sualların məğzini ifadə etməyə kifayət idi. Vətən, torpaq anlayışının nə demək olduğunu dərk edən bir jurnalist, təbii ki, bu sualı verməzdi. Diqqət edək:
– Biz orada, bu ərazidə olduqda bizdə bir sual ortaya çıxdı. Nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir? Orada resurslar var, yoxsa, bu, bir rəmzi məna daşıyır?
– Elzas və Lataringe sizin üçün önəmlidir? Bavariya sizin üçün önəmlidir? Yaxud Reyn-Vestfaliya? Bu, bizim torpaqdır, beynəlxalq səviyyədə tanınan bizim ərazimizdir. Bu, resurslar məsələsi deyil. Əsas resurslar burada, Bakıdadır. Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir. Beynəlxalq hüquq və bütün beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Biz ədaləti bərpa edirik və biz BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edirik.
Mükəmməl cavab, mükəmməl fikir ifadəsi, mükəmməl siyasi mesaj! Prezidentin bu fikri sentyabrın 27-dən indiyədək davam edən müharibəni, onun səbəbini, obyektiv və subyektiv amillərini, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hüquqi, siyasi aspektlərini, dövlətimizin konstruktiv mövqeyini, ordumuzun tarixi missiyasını aydın və konkret ifadə edir. Bu lakonik, yığcam nitqdə beynəlxalq ictimaiyyətə, dünya birliyinə, münaqişənin sülh yolu ilə həlli üçün mandata sahib vasitəçi dövlətlərə, işğalçı ilə işğala məruz qalan tərəflərə fərq qoymayan Qərbə ünvanlanan siyasi bəyanat səslənir. Azərbaycana təzyiq göstərən, ikili standart sərgiləyən dövlətlər, münaqişənin donmuş taleyindən razı olan həmsədrlər üçün öz torpaqları nə qədər toxunulmazdırsa, öz əraziləri hansı önəmi kəsb edirsə, Azərbaycan üçün də işğal olunmuş torpaqlarının hər qarışı o qədər önəmli və dəyərlidir. Torpaqlarının işğaldan azad edilməsi səbri tükənmiş Azərbaycan xalqının mövqeyidir, onun milli mənlik, şərəf, qeyrət məsələsidir. Dünyada siyasi güc amili nə qədər rol oynasa da, hamının hesablaşacağı beynəlxalq hüquq mövcüddur. Azərbaycanın mövqeyi də beynəlxalq hüquqa əsaslanır. Və nəhayət, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri 27 ildir icra olunmayıb. Münaqişənin həllində vasitəçi dövlətlər həm də sözügedən qurumun daimi üzvləri olduğundan, öz qərarlarına hörmət etməlidirlər. Azərbaycan Ordusu Ermənistan tərəfindən işğal olunmuş torpaqlarını azad etməklə tarixi missiyasını yerinə yetirir. Beləliklə də, BMT-nin Təhlükəsizlik Şurasının kağız üzərindəki qərarlarını icra edilir. Buna görə də dünya ictimaiyyəti, BMT-nin Təhlükəsizlik Şurası, ATƏT-in Minsk qrupu həmsədrləri Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinə hörmətlə yanaşmalı, ədaləti bərpa edən Azərbaycan Ordusunu dəstəkləməlidirlər.
Bu müsahibə əvvəlki Qərb jurnalistlərinin qərəzli suallarından o qədər də fərqlənməsə də, başqa məqamlarla – müsahibənin bəzi məqamlarda debat xarakteri, jurnalistin açıq-aşkar ermənipərəst mövqeyi və bütün suallara həmişəki kimi Prezident İlham Əliyevin diplomatik, arqumetli cavabları, prinsipial mövqeyi, polemika etmək bacarığı ilə yadda qaldı.
Burada jurnalist etikasının pozulması da diqqəti cəlb edir. Belə ki, alman jurnalist Oliver Mayer iki dəfə cənab Prezidentin cavabına müdaxilə edərək fikrini tamamlamağa, tam ifadə etməyə imkan vermədən yeni suala keçdi. Bu, qeyri-etik davranış jurnalistin dinləmə mədəniyyətinin olmadığını göstərir. Lakin cənab İlham Əliyevin yenidən fikrini tam ifadə edərək jurnalisti dinləməyə məcbur etdi.
– Lakin Siz buna razılaşardınız?
– Biz bunu indi müzakirə etməliyik. Çünki indi ortada yeni reallıq var. Biz həmişə eşitmişik ki...
– Siz orada - muxtar regionda hansı təsirə malik olmaq istəyirsiniz? Bu, özüözlüyündə ziddiyyət təşkil edir.
- Xeyr. Əvvəla, biz heç bir muxtar rayon razılığına gəlməmişik. Bu, birincisi. Biz bu razılığa gəlməmişik. Biz bunu təklif edəndə ermənilər bunu rədd edirdilər. Onlar bizim razı olmadığımız müstəqillik tələb edirdilər. İndi ortalıqdakı reallıqlar dəyişib. Biz dəfələrlə eşitmişik ki, reallıqlar var və siz onları nəzərə almalısınız. Yaxşı. Biz dəyişdik reallıqları. İndi onlar bunları nəzərə almalıdır və bu, 27 il ərzində bizim onlara təklif etdiklərimiz ola bilsin, artıq öz qüvvəsini itirib.
Prezidentin atəşkəs razılaşmasını ermənilərin 3 dəfə pozması ilə bağlı arqumentli cavabları qarşısında alman jurnalist “onlar da eyni sözləri deyirlər”, “bu eyniylə onların iddia etdiyi məsələlərdir”, “onlar da iddia edirlər” ifadələri ilə açıq-aşkar Ermənistanın mövqeyini müdafiə edirdi. Müsahibənin kasetli silahlar mövzusundakı debat xarakterli dialoqda Prezident İlham Əliyevin gözlənilməz cavabına jurnalistin “biz indi Ermənistandan deyil, Azərbaycandan danışırıq” deyə reaksiyası fikrimizi bir daha təsdiq edir.
Dağlıq Qarabağda ermənilərin etnik təmizlənməyə məruz qalması iddiası isə jurnalist Oliver Mayerin sualdan çox, mövqe bildirməsini açıq şəkildə göstərdi. Jurnalist müsahibinə sual ünvanlamazdan öncə özünə sual verməli idi ki, “etnik təmizləməyə məruz qalan” ermənilərin yaşadığı Dağlıq Qarabağda bir azərbaycanlı belə niyə yoxdur? Təbii ki, təlimatlanmış jurnalist özü də yaxşı bilir ki, Dağlıq Qarabağdakı ermənilərin “mübarizəsi” birmənalı separatizmdir, Ermənistanın münaqişədə iştirakı isə onun işğalçı statusunu təsdiq edir. Prezident İlham Əliyevin faktlara əsaslanan alternativ cavabı da bu qərəzli mövqeyin də yanlış olduğunu isbat etdi.
Azərbaycana qarşı aqressiv mövqe tutan, dövlətimizin imicinə xələl gətirmək üçün dezinformasiya tirajlayan “Human Rights Watch” və “Amnesty International” təşkilatlarının kasetli silahlarla bağlı uydurma dəlillərinin Prezident İlham Əliyev tərəfindən birmənalı şəkildə təkzibi bu təşkilatların vəkili kimi davranan jurnalistin xoşuna gəlmədi. Həmin təşkilatların mövqeyini açıq şəkildə müdafiə edərək polemika açdı. Müsahibinin “Biz onlardan istifadə etmirik. Biz özümüzü müdafiə edirik” – şəklində konkret cavabına baxmayaraq jurnalistin “Gəlin, yenə Sizdən kasetli silahlarla bağlı soruşum” deyə yenidən sual ünvanlaması həyasızlıqdan başqa bir şey deyildi. “Bu faktları həqiqətən də mübahisə predmetinə çevirirsiniz?-- sualı ilə təkrar kasetli silahlar mövzusuna qayıdan jurnalistin özlüyündə müsahibini “faktlar” qarşısında susdurmaq cəhdi siyasi diplomatik təcrübəyə sahib Prezidentin konkter cavabı ilə puç oldu: “Bəli, əlbəttə ki, bununla bağlı heç bir sübut yoxdur. Mən istərdim ki, onlar buraya gəlsinlər və o dəlilləri təqdim etsinlər. Eyni zamanda, Gəncəyə, Tərtərə, Bərdəyə getsinlər və ermənilərin hansı növ silahlardan istifadə etdiklərini görsünlər. Qərəzsiz olsunlar”.
Azərbaycanın kasetli silahlardan istifadəsini əsaslandırmağa çalışan, Azərbaycan Ordusunun uğurlarına kölgə salmaq istəyən təlimatlanmış jurnalistin bu xüsusda ard-arda sualları Ali Baş Komandanın təmkinli, diplomatik və qürurverici cavabı ilə tamamlandı: “... biz əraziləri bombalarla azad etmirik, biz əraziləri, kəndləri, şəhərləri bir-birinin ardınca işğaldan azad edən və Azərbaycan bayrağını ucaldan döyüşçülərimizlə azad edirik.
Bu, belə edilir”. Bu, Qərbin ermənipərəst qüvvələrinə, Azərbaycan Ordusunun şərəfli missiyasını – torpaqlarımızın erməni işğalçılarından azad olunmasını həzm edə bilməyənlərə siyası mesaj idi. Ali Baş Komandan qərəzli mövqe tutan təşkilatlara, Ermənistanın Qərb havadarlarına bir daha bəyan etdi ki, müharibənin taleyini silahlar deyil, rəşadətli Azərbaycan əsgərləri həll edirlər.
Alman jurnalist üç dəfə Azərbaycanın uğurlu əks-hücum əməliyyatlarına, əsgərlərimizin zəfərinə kölgə salmaq istədi. Azərbaycan Ordusunun qalibiyyətini əvvəlcə İsrail və Türkiyə dronları, daha sonra kasetli silahlarla əlaqələndirdi. Sonuncu dəfə isə türk hərbçilərinin iştirakı ilə əsaslandırmağa çalışdı. Lakin Ali Baş Komandanın cəsarətli cavabları, arqumentləri, ironiyası qarşısında gülünc vəziyyətə düşdü:
– Burada türk əsgərləri var idi. Dünən biz onlardan bəziləri ilə söhbət etdik. Onlar Türkiyədən olduqlarını dedilər.
– Siz əsgərlərlə danışmısınız?
– Bəli.
– Döyüş meydanında?
– Xeyr, döyüş meydanında yox.
– Bəs harada?
– Bakı şəhərində.
– Onlar burada, Bakıda döyüşürlər?
– Xeyr, xeyr. Bununla belə, onlar buradadırlar.
– İndi burada alman əsgərləri də ola bilər. – Siz birgə hərbi təlimlər keçirirsiniz...
– Bəli, bəli, keçiririk.
Müsahibənin gedişatında cənab Prezident türk əsgərlərinin Bakıda olmasına bir daha toxunaraq bildirir ki, Azərbaycan digər ölkələrlə də təlimlər keçirir. “Biz NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramının bir hissəsiyik. Burada qəribə heç nə yoxdur”.
Diqqətçəkən məqamlardan biri də Prezident İlham Əliyevin ermənilərin Qarabağa köçürülməsinə dair tarixi mühazirə deməsidir. Demək olar ki, dövlət başçısının bütün xarici jurnalistlərə müsahibələrində bu mövzu yer alır: ermənilərin Dağlıq Qarabağda məskunlaşdırılmasına dair tarixi mənbələr, faktlar, məntiqi dəlilərlə…
Şuşada erməni kilsəsinin bilərəkdən, planlı şəkildə vurulmasını sübut etmək istəyən alman telejurnalistə Prezident İlham Əliyevin fakta əsaslanan məntiqli cavabı bunun paradoks olmadığını təsdiq edir: “Burada, Bakıdakı erməni kilsəsi bizim tərəfimizdən qorunub saxlanıb. Biz onu dağıtmamışıq. Biz onu qoruyuruq. Biz orada minlərlə erməni kitabı saxlayırıq. Onlar isə işğaldan azad edilmiş Zəngilanda məsciddə donuz saxlayırdılar. Fərq bundadır”.
Ölkə başçısı beynəlxalq auditoriyaya çatdırmaq istəyir ki, müxtəlif təxribatlara əl atan Ermənistanın müharibəni dini kontekstə salmaq cəhdi növbəti məkrli plandır. Lakin düşməndən fərqli olaraq, Azərbaycan dövləti bütün dinlərə və məbədlərə hörmətlə yanaşır. Cənab İlham Əliyevin qeyd etdiyi fakt ölkəmizin sülhsevər missiyasının, dinc, mülki əhaliyə münasibətdə humanizm prinsiplərinə sadiqliyinin, multikultural və tolerant siyasətinin göstəricisidir.
Müsahibədə paradoksal olan məqamlardan biri də odur ki, jurnalist Oliver Mayer, sanki, fikir öyrənməyə deyil, fikir bildirməyə, öz fikrini yeritməyə gəlib. Halbuki jurnalist fakta, mənbəyə əsaslanmadan mövqe bildirə bilməz. Azərbaycanın ərazi bütövlüyü uğrunda müharibəsini, xalqın birliyini və mübarizə əzmini demokratiya və insan haqları problemi ilə əlaqələndirmək istəyən jurnalistin dezinformasiyası İlham Əliyevin diplomatik cavabı ilə etibarsız hesab olundu. Jurnalist sükutu ilə heç bir arqumentə əsaslanmayan fərziyəsinin feyk xəbər olduğunu qəbul etdi.
Provakativ fikirlərlə silahlanmış alman jurnalistinin hər sualını təmkinlə, diplomatik ustalıqla cavablandıran dövlət başçısı bu informasiya meydanından da qalib çıxdı. Prezident İlham Əliyevin bu müsahibəsi də Dağlıq Qarabağ münaqişəsinin, Ermənistanın işğal siyasətinin, beynəlxalq müstəvidə məsələyə münasibətin araşdırılması, tarixi, hüquqi-siyası aspektlərinin təhlili baxımından xüsusi əhəmiyyət kəsb edir.
P.S. Prezident İlham Əliyevin 26 dəqiqəlik müsahibəsindən Almaniyanın “ARD” televiziyasının efirinə cəmi 6 dəqiqəlik material yayımlanıb. Cənab Prezidentin arqumentlərinin, fakta əsaslanan cavablarının, müsahibənin polemik məqamlarının efirə getməməsi bir daha jurnalistin siyasi təlimat aldığını və ona əməl etdiyini göstərir. Bu münasibət, Oliver Mayerin məsələyə qərəzli və ermənipərəst mövqedən yanaşmasının bütövlükdə “ARD” telekanalının mövqeyi olduğunu əks etdirir. “Xalq qəzeti”