MÜSAHİBƏ

11 May

Prezident korrupsiyaya qarşı amansız mübarizədə prinsipial mövqeyini ortaya qoyub

"Ölkəmizdə aparılan islahatların əsas xətlərindən birini korrupsiya ilə mübarizənin daha da sərtləşdirilməsi və vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması təşkil edir".

Bunu açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının sədri, millət vəkili Aydın Hüseynov bildirib.

Millət vəkili deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2018-ci ildən başlanılan, 2019-cu ilin sonlarına doğru daha geniş vüsət alan və dövlət idarəçiliyinin bütün istiqamətlərini əhatə edən hüquqi, institusional və kadr islahatları 2020-ci ildə də intensiv şəkildə davam etdirilməkdədir: "Bu sahədə əldə edilmiş uğurlar - dövlət qulluqçularının şəffaf fəaliyyəti və vətəndaş məmnunluğunun artırılması ilə yanaşı, geniş əhali qruplarını narazı salmağa yönəlmiş neqativ halların hələ də təkrarlanması faktları da müşahidə olunur. Bu cür əməllərə son qoyulması tələbi ilə ən yüksək səviyyədə edilmiş açıq çağırışlara və xəbərdarlıqlara məhəl qoymayan, ifşa olunmuş həmkarlarının aqibətindən nəticə çıxarmayan vəzifəli şəxslər barəsində qanunvericiliyə uyğun cinayət-hüquqi tədbirlərin görülməsi zərurəti yaranıb".

A. Hüseynov qeyd edib ki, kadr islahatları nəticəsində işi təkmilləşdirilməklə peşəkarlıq səviyyəsi daha da yüksəldilmiş Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Yevlax şəhərinin və Ağstafa, Neftçala, Biləsuvar və İmişli rayonlarının icra hakimiyyəti başçıları, habelə bir sıra şəhər-qəsəbə icra nümayəndələrinin cinayət məsuliyyətinə cəlb olunaraq həbs edilib: "Dövlət başçısı Azərbaycan Respublikasının Baş prokurorunu vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edərkən ölkədə korrupsiyaya qarşı amansız mübarizə aparılması ilə bağlı prinsipial mövqeyini bir daha diqqətə çatdırmış, tətbiq edilən məsuliyyət tədbirlərinin təkcə yerli icra hakimiyyəti orqanları ilə kifayətlənməyəcəyini, cəmiyyətin əsaslarını sarsıdan çirkin əməllərə yol verən bəzi mərkəzi icra hakimiyyəti orqanlarını da əhatə edəcəyini açıq bildirib. 8 may tarixində DTX tərəfindən Mədəniyyət Nazirliyində həyata keçirdiyi xüsusi əməliyyat bir daha sübut etdi ki, ölkə Prezidentinin sözügedən bəyanatı özünü çox gözlətməyəcək və korrupsiyaya qarşı mübarizə qətiyyətlə davam etdiriləcək. Nazirliyin yüksək vəzifəli şəxsləri, o cümlədən nazir müavini Rafiq Bayramov və Nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı təqsirləndirilərək barələrində həbs qətimkan tədbiri seçilib".

Milli Məclisin deputatı əlavə edib ki, Azərbaycan xalqının yaşı minilliklərlə ölçülən zəngin mədəni irsinin qorunmasının, teatr, kino, kitabxanaçılıq, muzey işi, nəşriyyat işi, xalçaçılıq və digər mühüm sahələrin etibar edildiyi bir nazirlikdə bu cür neqativ hallara yol verilməsi haqlı olaraq hiddətlə qarşılanmalı, ən kəskin tərzdə qınanmalıdır: "Ermənistanın hələ də davam edən təcavüzkarlığı nəticəsində onsuz da çoxsaylı vandalizmə məruz qalmış mədəniyyətimizin keşiyində durmalı olan məmurların xəyanət yolunu seçməsi həm hüquqi, həm də mənəvi baxımdan bağışlanmazdır və onlara qarşı qanunun ən sərt formada tətbiqi mütləqdir". (APA)