“ErnstYoung” şirkətinin Azərbaycanda ilk dəfə olaraq kiçik və orta sahibkarlar üçün keçirdiyi “EY İlin İş Adamı™” müsabiqəsinə müraciətlər davam edir. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin strateji tərəfdaşlığı ilə təşkil olunan müsabiqəyə Azərbaycan Beynəlxalq Bankı və BP dəstək verir, Ekvita şirkəti isə texniki dəstək göstərir. Müsahibimiz Azərbaycan Beynəlxalq Bankının Kiçik və orta sahibkarlarla iş departamentinin direktoru Nuru Xəlilovdur. O, müsabiqə barədə suallarımızı cavablandıracaq.
-Nuru müəllim, “EY İlin İş Adamı™” müsabiqəsinin keçirilməsində məqsəd nədir?
-Əvvəlcə, onu qeyd edim ki, “EY İlin İş Adamı™ qlobal bir platformadır. Azərbaycanda ilk dəfə olaraq sahibkarlar üçün keçirilən müsabiqə də regionda və dünyada sahibkarlıq biznesinə dəstək verən bu qlobal proqramın bir hissəsidir. Bu müsabiqə platforması 30 ildən çoxdur ki, fəaliyyətdədir. Hər il dünyanın 60-dan çox ölkəsində, 145 şəhərində keçirilir. Əsas məqsəd də uğurlu sahibkarları üzə çıxarmaq, onlara dəstək olmaqdır.
-Bu müsabiqə kiçik və orta sahibkarlara hansı imkanları yaradır?
-“EY İlin İş Adamı ™” müsabiqəsində iştirak etməklə sahibkarlar, ilk növbədə, öz biznes əlaqələrini, işgüzar çevrələrini genişləndirirlər. Bizneslərini böyütmək üçün yeni yollar kəşf edirlər. Müsabiqə onlara şirkət və komanda profillərini yüksəltmək imkanı verir.
-Müsabiqə bütün sahibkarlara açıqdır?
-Bəli, iştirak meyarlarına cavab verən hər bir iş adamı müsabiqəyə qatıla bilər.
-Bəs bu meyarlar nədən ibarətdir?
-Müsabiqəyə qoşulan sahibkar və onun təmsil etdiyi şirkət Azərbaycanda fəaliyyət göstərməlidir. Bundan başqa, iştirakçı ən azı son 3 il ərzində fəaliyyət göstərən şirkətin birbaşa rəhbəri və ya şirkətin səhmlərinin ən azı 20 faizi dəyərində biznesdə əhəmiyyətli şəxsi maliyyə payı olan vəəməliyyatlar üzrə məsul şəxs olmalıdır. Bu şirkətə ən azı son 2 ildə rəhbərlik etməlidir. İştirakçının təmsil etdiyi şirkətin dövriyyəsi 1 milyon manatdan 30 milyon manatadək olmalıdır. Bir də, iştirakçı son 3 il üzrə vergi nəticələrinin izlənilməsini və maliyyə hesabatlarının təqdim olunmasını təmin edə bilməlidir. Bunlar əsas meyarlardır.
-Müsabiqə milli səviyyədə keçirilir?
-Bəli. Bütün iştirakçılar milli mərhələdə yarışacaq. Müsabiqənin qalibi isə 2020-ci ilin iyununda Monte-Karloda keçiriləcək Dünya üzrə İlin İş Adamı™ yarışında iştirak hüququ qazanacaq.
-Münsiflər kimlərdir?
-Müsabiqəyə qoşulmuş bütün sahibkarların müraciətlərini nüfuzlu beynəlxalq təşkilatları təmsil edən müstəqil münsiflər qiymətləndirəcəklər. Namizədliyin irəli sürülməsi və seçim prosesinin ardınca münsiflər uyğun namizədlər arasından finalçıları və qalibi seçəcəklər. Qiymətləndirmələr dövriyyədəki artım, mənfəət, iştirtakçının liderlik xüsusiyyətləri, yenilikçiliyə meylliliyi, yaradıcı və bacarıqlı marketinq tətbiqləri, sosial məsuliyyət, dayanıqlıq və s. bu kimi amillər əsasında aparılacaq.
-Sahibkarlar öz namizədliklərini necə irəli sürə bilərlər?
-Bunun üçün www.eoy.az saytına daxil olub qeydiyyatdan keçmək lazımdır. Müsabiqəyə olan böyük marağı nəzərə alaraq, müraciətlərin qəbulunun son tarixi yanvarın 19-a qədər uzadılıb. Sonrakı mərhələdə müraciətlərə baxılacaq, qiymətləndirmələr aparılacaq. Finalçılar və yekun qalib isə martın 11-də keçirilən qala mükafatlandırma mərasimində elan olunacaq.
-Necə bilirsiniz, Azərbaycan Beynəlxalq Bankının müştərisi olan kiçik və orta sahibkarlar bu müsabiqədə iştirak edəcəklərmi?
-Bu müsabiqə ölkəmizdə kiçik və orta sahibkarlıq biznesinin inkişafı baxımından çox gözəl bir yenilikdir. Ona görə də Azərbaycan Beynəlxalq Bankı “EY İlin İş Adamı™” müsabiqəsinə məmnuniyyətlə dəstək verir. Biz müştərilərimiz arasında fəal məlumatlandırma işləri aparırıq ki, belə bir imkan haqqında daha çox sahibkar məlumatlı olsun, müsabiqəyə qatılsın və bu proqramın yaratdığı imkanlardan faydalansın.
Ümumiyyətlə, Azərbaycan Beynəlxalq Bankı son dövrlər kiçik və orta sahibkarlığa dəstək məqsədilə bir sıra ardıcıl layihələr həyata keçirir. Hətta Bankda sırf bu müştəri seqmenti ilə işləyən ayrıca struktur bölmə də yaradılıb. Çalışırıq ki, bank məhsullarımız kiçik və orta sahibkarlar üçün daha sərfəli və əlçatan olsun. Xidmətlərimizi onların istəklərinə uyğunlaşdıraq. Bu layihələr nəticəsində getdikcə daha çox sahibkar Azərbaycan Beynəlxalq Bankının yaratdığı imkanlardan faydalana bilir. “EY İlin İş Adamı™” müsabiqəsinə dəstəyimiz də bu yöndə gördüyümüz işlərin tərkib hissəsidir.