Sentyabrın 12-də İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) və Almaniyanın nüfuzlu universitetlərindən olan “Constructor University”-nin birgə təşəbbüsü ilə keçirilən “Digital Azerbaijan Talent School” təlim düşərgəsinin bağlanış mərasimi baş tutub.
Fins.az xəbər verir ki, tədbirdə İRİA-nın İdarə Heyətinin sədri İnarə Vəliyeva, “Rəqəmsal Akademiya” proqramının direktoru Aleksey Qusev, Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev, ADA universitetinin İnformasiya Texnologiyaları və Mühəndislik məktəbinin dekan müavini Vüqar Musayev və “Constructor University”-nin Beynəlxalq Tərəfdaşlıq üzrə Direktoru Hande Baltacı çıxış ediblər.
Mərasimdə açılış nitqi ilə çıxış edən İRİA-nın sədri İnarə Vəliyeva "Constructor University" ilə qurulan əməkdaşlıqdan bəhs edib:
“Constructor University” ilə əməkdaşlıq sayəsində Avropanın ən yaxşı təcrübələrini ölkəmizə gətirmək fürsətini qazandıq. "Constructor University" Almaniyanın İKT sahəsində peşəkar özəl universitetidir və bakalavr, magistr və doktorantura dərəcələri üzrə təhsil verir. Universitetdə 120-dən çox ölkədən olan tələbələr təhsil alır, onların 92%-i əcnəbidir. Həmçinin, universitetin müəllim heyətinin 33%-i beynəlxalq təcrübəyə malikdir. "Constructor University", Avropanın ən çox beynəlxalq tələbəsi olan universitetlərindən biridir.”
Daha sonra Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev, Vüqar Musayev və Hande Baltacının iştirakı ilə “Azərbaycan iqtisadiyyatı üçün rəqəmsal bacarıqlar: Məktəb yaşından istedadlıları necə yetişdirmək olar?” adlı panel sessiyası baş tutub.
Qeyd edək ki, düşərgə iki istiqamətdə təşkil olunub: Beynəlxalq proqramlaşdırma olimpiadalarına hazırlıq məqsədilə “Advanced Computer Science Skills” və qızlar arasında İKT-ni təşviq etmək üçün “Girls in IT”. “Advanced Computer Science Skills” istiqaməti üzrə 57 nəfər, “Girls in IT” istiqaməti üzrə isə 45 nəfər iştirak haqqı qazanıb. İştirakçıların yaş aralığı 14-24 yaş arasında dəyişir. Düşərgənin iştirakçılarının 65%-i şagirdlərdən, 35%-i isə tələbələrdən ibarətdir. Respublika Fənn Olimpiadasının medalçıları, beynəlxalq olimpiadalarda iştirak edənlər və prestijli universitetlərə qəbul olan gənclər də bu proqramın iştirakçılarıdır. Bakı ilə yanaşı, regionlardan da gənclər düşərgəyə qoşulublar. Düşərgə 4 ay davam edən (avqust-noyabr) və 3 mərhələdən ibarət geniş proqramdan ibarətdir. Belə ki, düşərgə çərçivəsində öncə 3 həftəlik onlayn proqram və daha sonra 2 həftəlik oflayn dərslər təşkil edildi. Növbəti mərhələdə isə daha dərin və təkmilləşdirilmiş proqramla sentyabr-noyabr aylarını əhatə edəcək onlayn dərslər baş tutacaq.
Düşərgənin məqsədi alqoritmik təfəkkür və peşəkar proqramlaşdırma biliklərini inkişaf etdirməkdir. “Digital Azerbaijan Talent School”da iştirak edən gənclər olimpiada tipli yarışlara, beynəlxalq təhsil proqramlarına hazırlıq keçmək və proqramlaşdırma sahəsində gələcək karyeralarına doğru vacib addımlar atmaq şansı əldə ediblər.
Fuad Mədətov
Fins.az