MARKETİNQ

04 İyul

İİTKM-in yeni layihəsi: “Green Talk” çərçivəsində ilk tədbir keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) yeni layihəyə start verib. “Green Talk” adlı layihənin əsas məqsədi “Yaşıl dünya naminə həmrəylik” ili çərçivəsində ölkədə yaşıl düşüncənin formalaşmasına dəstək olmaqdır.

Fins.az xəbər verir ki, layihə çərçivəsində ilk görüş “İslahat Könüllüləri”nin təşəbbüsü və Milli Hidrometeorologiya Xidmətinin dəstəyi ilə "İqlim dəyişikliyi" mövzusunda baş tutub. Görüşdə ETSN Milli Hidrometeorologiya Xidmətinin İqlim dəyişmələri mərkəzinin direktor müavini Aygün Nərimanova Azərbaycan könüllüləri qarşısında təqdimatla çıxış edib.

A.Nərimanova tələbələrə iqlim dəyişikliyinin əsas səbəb və nəticələri, qlobal istiləşmə, iqlim fəaliyyəti və Azərbaycanda iqlim dəyişiklikləri haqqında ətraflı məlumat verib. O, həmçinin yaşıl iqtisadiyyatın dünyada və Azərbaycanda inkişafı, ölkəmizdə bu sahədə aparılan əsaslı islahatlar, bərpa olunan enerji mənbələri, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanın “yaşıl enerji” zonası elan olunması haqqında danışıb.

Görüşdə tələbələrin bu sahədə ixtisaslaşması, kadr potensialının gücləndirilməsi və beynəlxalq iştirakçılığın artırılmasının əhəmiyyəti vurğulanıb. Gənclər mövzu ilə bağlı fikirlərini bölüşüb, suallarını ünvanlayıblar.

Qeyd edək ki, görüşdə "MEDİA Könüllüləri" proqramı, "Bir Könüllü" Tələbə Təşkilatı, "Ailəm könüllüləri" proqramı, Ekokönüllü, "Miqrasiya könüllüləri", “Könüllü Dost”, “Aqrar İnkişaf könüllüləri”, "SOCAR könüllüləri", “Könüllü Qida Nəzarətçisi”, “İslahat könüllüləri”, "Regional İnkişaf" İctimai Birliyinin könüllüləri və Xəzər Universitetinin tələbələri iştirak edib.